Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış pedaqoq, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasına uzun illər rəhbərlik etmiş pedaqoji elmlər doktoru, professor Nurəddin Mustafa oğlu Kazımov 2018-ci il dekabrın 6-da ömrünün 93-cü ilində vəfat etmişdir.

 

Nurəddin Kazımov 1926-cı il aprelin 28-də Gəncə şəhərində anadan olmuşdur. 1933-1943-cü illərdə orada III Beynəlmiləl adına orta məktəbdə təhsil almışdır. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş və təhsilini davam etdirməsi üçün 1947-ci ildə Leninqrad (Sankt-Peterburq) Dövlət Universitetinin fəlsəfə fakültəsinin III kursuna köçürülmüş,  1950-ci ildə həmin universiteti yüksək müvəffəqiyyətlə bitirmişdir.

 

1950-1952-ci illərdə Nuxa (Şəki) Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasında baş müəllim vəzifəsində işləmişdir.   Sonrakı əmək fəaliyyəti Bakı şəhəri ilə bağlı olmuşdur. Əvvəlcə Bakı Vilayət Maarif Şöbəsində məktəb inspektoru, sonra isə Azərbaycan SSR Maarif Nazirliyində Ali və orta pedaqoji təhsil şöbəsində inspektor vəzifələrində çalışmışdır. N.Kazımov 1953-1956-cı illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Azərbaycan Respublikasının Təhsil İnstitutu) aspiranturasında təhsil almışdır. Pedaqoji fəaliyyət, məhsuldar elmi əmək onun həyatının ayrılmaz hissəsi olduğundan, o, aspirantura təhsilini başa vurduqdan sonra 1956-1957-ci illərdə yenidən Azərbaycan SSR Maarif Nazirliyinin Ali və orta pedaqoji təhsil şöbəsinə inspektor vəzifəsinə dəvət olunmuşdur.

 

Nurəddin Kazımov 1958-ci ildə “Müqayisə haqqında K.D.Uşinskinin fikirləri və məktəb təcrübəsi üçün bunun əhəmiyyəti” mövzusunda dissertasiyasına görə pedaqoji elmlər namizədi, 1969-cu ildə isə “Məktəbdə müqayisə üzərində işin nəzəriyyəsi və təcrübəsi” mövzusunda elmi-tədqiqat işinə görə pedaqoji elmlər doktoru elmi dərəcəsi almış, 1973-cü ildə professor elmi adına layiq görülmüşdür.

 

Ali məktəb həyatının rəhbərlik və idarəetmə üslubuna yaxşı bələd olan Nurəddin Kazımov 1957-ci ildə M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda baş müəllim, 1957 və 1973-cü illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini, sonra isə direktor (1973-1976) olmuşdur.

 

Professor Nurəddin Kazımovun elmi-pedaqoji fəaliyyətinin böyük mərhələsi isə ali məktəb həyatı ilə bağlı olmuşdur. 1976-1982-ci illərdə V.İ.Lenin adına APİ-də (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir. 1984-cü ildən etibarən 30 il müddətində Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının rəhbəri olmuş, onlarla gəncə elmi rəhbərlik etmişdir.

 

N.Kazımovun “Nurlu yol” (1983), “Tərbiyənin elmi-pedaqoji əsasları” (1983), “Pedaqogika” (müştərək) (1996), “Ali məktəb pedaqogikası” (1999), “Milli pedaqogika yollarında” (2001), “Məktəb pedaqogikası” (2002), “Məktəb pedaqogikası sxemlərdə” (2003), “Azərbaycan milli izahlı ensiklopedik pedaqoji lüğət” (müştərək) (2005), “Müqayisənin nəzəri və əməli problemləri” (ağlın sönməz məşəli) (2005), “Pedaqogika kafedrası üzrə təhsil proqramı (kurikulum)” (müştərək) (2005), “Mərhələli tərbiyə nəzəriyyəsi” (2007), “Pedaqoji ustalığın problemləri” (2009), “Tətbiqi pedaqogika” (2010), on altı cilddən ibarət “Seçilmiş əsərlər” (2011) və bir çox digər kitabları respublika və dünya ictimaiyyətinə təqdim edilmişdir. Müəllifi olduğu dərslik və dərs vəsaitləri əsasında hazırda ali təhsil müəssisələrində tədris aparılır.

 

N.Kazımovun orta ümumtəhsil məktəblərinin III, IV sinifləri üçün “Ana dili” (1970-2003) və “Oxu” (1970-2005) dərslikləri və 500-dən artıq müxtəlif səpgili əsəri təlim-tərbiyə nəzəriyyəsi və təcrübəsini xeyli zənginləşdirmişdir.

 

Professor Nurəddin Kazımovun elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, müxtəlif illərdə “Qabaqcıl maarif xadimi”, “SSRİ maarif əlaçısı” döş nişanları, “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, 2012-ci ildə Rusiya Təhsil Akademiyasının xarici üzvü seçilmişdir. Müstəqil Azərbaycan dövləti də professor Nurəddin Kazımovun elmi və pedaqoji fəaliyyətini yüksək dəyərləndirmiş, ona Əməkdar elm xadimi adı və Prezidentin fərdi təqaüdünü vermişdir.

 

Tanınmış alim, pedaqoq, elm təşkilatçısı və səmimi insan Nurəddin Mustafa oğlu Kazımovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

 

Azərbaycan Dillər Universiteti