Dilçilik elminin fədaisi və təhsil təşkilatçısı


Onu, birmənalı olaraq, XX əsr Azərbaycan dilçilik elminin ən görkəmli nümayəndələrindən biri hesab etmək olar. Bu təkcə onunla bağlı deyil ki, o, Azərbaycan dilçiliyinin ən həssas problemlərini tədqiqata cəlb edərək hər bir suala əsaslandırılmış elmi cavab vermişdir, həm də onunla bağlıdır ki, dilçilik elminin gələcək nəsil nümayəndələrinə gedilməli yolu göstərmiş, qarşıda duran vəzifələrin toplusunu təqdim etmişdir. Minnətdarlıq duyğusu ilə yada salırıq ki, müasir dilçiliyimizdə ədəbi dilin fonetikası, leksikologiyası, frazeologiyası, leksikologiya və derivatologiyasının ardıcıl və sistemli tədqiqi onun adı ilə bağlıdır. Bir faktı da xatırladaq ki, Azərbaycan dilinin onomalogiyasının elmi tədqiqi, bu sahədəki yaradıcılıq işləri də onun adı ilə bağlıdır.

 

O, həmin insanlardan biridir ki, xalqımızın müasir və gələcək həyatındakı ən mühüm faktlarından birinin- latın qrafikası ilə hazırlanan yeni əlifbamızın müəllifi kimi də tarixə düşüb. XX əsrin sonlarına yaxın, ötən əsrin 90-cı illərində Azərbaycan əlifbasının dəyişdirilərək latın qrafikası əsasında yaradılması ilə bağlı siyasi qərar verildikdən sonra Azərbaycan Əlifba Komissiyasının sədrliyi ona tapşırıldı.

 

Əlifba layihəsi Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətləri nəzərə alınmaqla hazırlanaraq Komissiyanın müzakirəsinə verildi. Ölkə ziyalılarının və ictimaiyyət nümayəndələrinin yaxından iştirakı ilə geniş müzakirələrə çıxarılan əlifba layihəsi, nəhayət, 1992-ci ildə qəbul olundu.

 

Onu, sözün əsl mənasında, Azərbaycan dilçilik elminin fədaisi saymaq olar.

 

Söhbət Afad Məhəmməd oğlu Qurbanovdan gedir. Afad Qurbanovun qazandığı elmi titulları və elmi araşdırmaları ilə bərabər göstərdiyi ictimai-siyasi mövqe bir insan ömrünün çoxşaxəli fəaliyyət konturlarını tam olmasa da aydın göstərə bilər. Filologiya elmləri doktoru, professor olaraq özünü elmi cəmiyyətə təqdim edən Afad Qurbanovun sonrakı elmi və ictimai uğurlarının təqdimatı belədir: Azərbaycan Əlifba Komissiyasının sədri və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasının müəllifi, Azərbaycan SSR Natiqlik Cəmiyyətinin sədri, SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi və Azərbaycan SSR Dövlət Mükafatı laureatı.

 

Bütün bunlarla bərabər, Afad Qurbanov həm də ölkəmizdə səriştəli təhsil təşkilatçısı kimi tanınmışdır. O, orta məktəbin direktoru olaraq gəldiyi ali məktəbdə, vaxtı ilə məzunu olduğu bugünkü Azərbaycan Dövlət Pedaqoji Universitetində dekan müavini, dekan, daha sonra rektor vəzifələrində işləyərkən hər bir məqamda təhsilin müasir standartlara cavab verməsi, müasirliyi uğrunda çalışmışdır.

 

Ümumiyyətlə, Azərbaycan dilçilik elmində onun yeri və mövqeyi haqqında qənaət belədir: fonetika Ə.Q Dəmirçizadə və A.Q.Axundovun, leksikologiya S.Cəfərovun, dialektologiya M.Şirəliyevin, morfologiya M.Hüseynzadənin, sintaksis Ə.Abdullayevin, dil tarixi H.Mirzəzadə, Ə.Dəmirçizadə və T.Hacıyevin, morfologiya F.Cəlilovun, onomalogiya isə A.Qurbanovun adı ilə bağlıdır.

 

Akademik Afad Qurbanov əsası Bəkir Çobanzadə tərəfindən qoyulmuş Azərbaycan dilçiliyi məktəbinin görkəmli nümayəndəsidir.

 

Xatırladaq ki, onomastika ötən əsrin 60-cı illərində müasir Azərbaycan dilçiliyinin prioritet istiqamətlərindən biri olub, diqqəti ən çox cəlb edən vacib elmi-tədqiqat sahələrindən birinə çevrilib. Ümumiyyətlə, dildəki hər bir xüsusi adın -onomastik vahidin ictimai-tarixi inkişafın məhsulu olduğunu yada salsaq, bu sahənin əhəmiyyətini daha aydın təsəvvür etmək olar. Xüsusi adlar keçmişin izlərini özündə mühafizə edib müasir zamana kimi gətirən real faktordır, tarixin canlı şahidləridir. Buna görədir ki, Afad Qurbanov onomastik tədqiqatın əhəmiyyətini və həmin qədər də məsuliyyətini nəzərə alaraq bu sahədə ciddi elmi tədqiqatları sistemli, ardıcıl şəkildə apararaq Azərbaycan dilçilik elmində onomastika məktəbini yarada bildi.

 

Afad Qurbanov onomastik vahidlərin özünəməxsus spesifik cəhətlərini nəzərə alaraq onların hər birinin sosial işarələr olduğu qənaətində idi və buna görə onomastik vahidlərin tədqiqini bir neçə cəhətdən əhəmiyyətli hesab edirdi:

 

a) dilin lüğət tərkibinin bütövlüklə xarakteristikasını vermək üçün onomastik vahidlərin tədqiqi son dərəcədə vacibdir;

 

b) onomastik vahidlərin çoxunda indi olmayan forma və anlayışların izi qala bildiyinə görə bunların tədqiqi dilçiliyin ən mürəkkəb və mühüm sahələri hesab edilən dil tarixi, dialektologiya və üslubiyyat üçün zəruri faktlar verə bilir;

 

c) onomastik materialın öyrənilməsi dilçiliklə yanaşı tarix, etnoqrafiya, sosiologiya və coğrafiya elmlərinin bir sıra problemlərinin açılmasına kömək edir;

 

ç) onomastik vahidləri düzgün bilmək və yazmaq insanın ümumi mədəniyyətinə təsir edən vasitələrdəndir.

 

Buna görədir ki, akademik  A.Qurbanov onomalogiyanın tədqiqat obyektinin istiqamətlərini belə yönəldilməsini zəruri sayırdı:

 

- Dilimizin leksikasındakı xüsusi sözlərin müxtəlif cəhətlərini araşdırmaq;

 

- Xüsusi sözlərin mənşəyini, areallığını, dil mənsubluğunu müəyyənləşdirmək;

 

Xüsusi sözlərin struktur cəhətlərini, yaranma yollarını, semantikasını, dildəki üslubi çalarlarını və s. öyrənmək.

 

Afad müəllimin onomalogiyaya dair 100-ə qədər məqaləsi həmin istiqamətlərin araşdırılmasına başlıca xidmət nümunəsi sayılır. Onun “Müasir Azərbaycan ədəbi dili” (“Onomalogiya” bölməsi), “Azərbaycan onomastikası”, “Azərbaycan onomalogiyası məsələləri”, “Poetik onomastika, “Azərbaycan dilinin onomalogiyası” kimi sanballı monoqrafiyalarında onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilmişdir.

 

Hökmən yada salmağı lazım bilirik ki, Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran da A.Qurbanov olmuşdur. Gərgin və ardıcıl elmi tədqiqatlarının nəticəsi olaraq meydana çıxardılan “Azərbaycan dilinin onomalogiyası” monoqrafiyasının Dövlət Mükafatına layiq görülməsi alim əməyinə verilən ən böyük qiymət oldu.

 

Afad Qurbanovun bu istiqamətdəki fəaliyyətinin bir epizodu ilə bağlı akademik Məmmədağa Şirəliyev “Azərbaycan müəllimi” qəzetində yazdığı (15.09.1989-cu il) məqalədə belə deyirdi: “Afad Qurbanovun 1989-cu ildə “Maarif” nəşriyyatında buraxılan 30 çap vərəqi həcmində “Azərbaycan dilinin onomalogiyası” adlı əsəri təkcə bizim dilçiliyimiz üçün deyil, ümumsovet və dünya türkologiyası üçün çox qiymətlidir”.

 

Ümumiyyətlə, Afad Qurbanovun alim kimi tədqiqat meydanının arealı heyrətamiz genişliyi ilə diqqəti cəlb edir. Onun istər ümumi dilçilik məsələləri, istərsə də ədəbi dil problemləri, Azərbaycan dilinin onomalogiyası, türkoloji dilçilik, ali məktəb pedaqogikası və metodikası, qədim türk yazılı abidələri, əlifba məsələsi və digər sahələr üzrə tədqiqatların genişliyi alimin nə qədər məhsuldar olduğunu açıq-aydın göstərir.

 

Afad Qurbanov ancaq alim ömrünün deyil, vətəndaş borcunun da məsuliyyətini dərk edən və həmin vətəndaşlıq borcunun diqtə etdiyi mövzular üzrə çalışan elm fədailərindən olubdur. Onun həmin “borc” hissinin diqtəsi ilə yazdığı, 1977-ci ildə nəşr olunmuş fundamental “Ümumi dilçilik” dərs vəsaiti buna görə idi ki, işıq üzü gördükdən dərhal sonra elmi ictimaiyyətdə geniş rezonans doğurdu. Bu, birinci növbədə işıq üzü görən dərsliyin keyfiyyət göstəriciləri ilə bağlı idi.

 

Konseptual yanaşmaları ilə diqqət çəkən dərslik  üzərində müxtəlif zamanlarda işləyərək, onu mükəmməlləşdirən akademik Afad Qurbanov 1989-93-cü illərdə dünya dilçiliyinin prinsipial məsələlərinin də geniş əhatə olunduğu “Ümumi dilçilik” dərsliyini nəşr etdirdi. Bu gün də Azərbaycanın ali məktəbləri üçün əvəzolunmaz olan həmin dərslikdə dilçilik elminin yaranması və inkişaf tarixi, nəzəri dilçiliyin əsas şöbələri barədə müfəssəl və geniş məlumat verilir. Akademik Afad Qurbanovun alim olaraq tədqiqata cəlb etdiyi sahələr üzrə iş prinsipi heç vaxt dəyişmədi: “Dil - canlı orqanizmdir”. Onun baxışlarına görə, dilin başlıca faktor olduğu cəmiyyətdə gedən dəyişikliklər, inkişaf onun da inkişaf dəyişmələrini diqtə edir, bu isə yeni tədqiqat elementlərini meydana çıxarır. Ona görə də o, mükəmməl olduğu qədər də fundamental olan “Ümumi dilçilik” dərsliyi üzərində yenidən işləmək qərarına gəldi. Beləliklə də növbəti əlavələrdən sonra akademik Afad Qurbanovun “Ümumi dilçilik” kitabı əvvəlki nəşrdən iki dəfə böyük həcmdə 2004-2010-cu illərdə latın qrafikası ilə nəşr olundu. Onu qeyd edək ki, dünya dilçiliyi və türk dillərinin mövqeyinə dair yeni baxışların ortaya qoyulduğu əsər rus və türk dillərinə tərcümə olunaraq Rusiya və Türkiyədə üç cilddə çap edildi.

 

Əlbəttə, ümumi dilçiliklə bağlı hərtərəfli tədqiqatlardan yaranan akademik baxışların meydana gəlməsi gərgin və ardıcıl alim əməyinin məhsulu idi. Ona qədər professor Afad Qurbanov “Ümumi dilçilik məsələləri” dərs vəsaitini, “Dilçiliyin tarixi”, “Dilçiliyin sistemi” kitablarını ərsəyə gətirmişdi.

 

Tam cəsarətlə demək olar ki, professor Afad Qurbanov müasir Azərbaycan dilçiliyinin bütün sahələri üzrə öz sözünü demişdir. Etiraf olunan həqiqətlərdən biri də budur. Müasir Azərbaycan ədəbi dilinin fonetikası, leksikologiyası, frazeologiyası, leksikoqrafiyası və derivatologiyasının sistemli və ardıcıl elmi tədqiqi məhz professor Afad Qurbanovla başlamışdır-fikri də elmi ictimaiyyət tərəfindən qəbul edilən həqiqətlərdəndir. Bu xüsusda onu da vurğulamaq hökmən lazımdır ki, onun elmi yaradıcılığında dialektologiya məsələləri xüsusi yer tutur.

 

Akademik Afad Qurbanovun çap etdirdiyi “Cücəkənd şivəsi” və “Qərbi Azərbaycanın “Cucəkənd şivəsi” kitablarını həmin xüsusisatda məxsusi qeyd etmək olar. Həmin kitablarında Cucikənd şivəsi əsasında müasir Azərbaycan linqvo-filologiyasının dialektoloji tədqiqat sahələrinin genişləndirilməsi zərurətindən danışmaqla ləhcə, dialekt və şivə anlayışları bir-birindən fərqləndirilmiş, dialektoloji araşdırmaların yeni istiqaməti müəyyənləşdirilmiş, öncə dialekt və şivələrin fonetika- leksikasının, daha sonra isə qrammatikasının öyrənilməsi daha məqsədəuyğun sayılmışdır.

 

Bəli, Afad Qurbanovun elmi yaradıcılığı Azərbaycan dilçiliyinin bütün sahələrini əhatə etmişdir, o cümlədən həmin yaradıcılıq nümunələrində türkoloji dilçilik məsələlərinə aid xeyli nümunələr tapmaq olar. Bu cəhətdən alimin türk dünyasının dil materiallarının tədqiqata cəlb edilmiş hissəsi ilə bağlı elmi qənaəti xüsusi maraq doğurur. Professor Afad Qurbanovun elmi tədqiqatlarında qədim türk tayfa və qəbilələrinin mənşəyi, dili, təşəkkül tarixinin öyrənilməsi xüsusi yer tutur. Həmin araşdırmalara 40 ilə yaxın vaxt sərf edən professorun elmi nəticələri müxtəlif vaxtlarda nəşr olunan “Türkoloji dilçilik”, “Türk antroponimlərinin inkişaf dövrü”, “Ümumtürk antroponimiyası tarixi”, “Türkoloji dilçiliyə dair biblioqrafiya”, “Ortaq türk dili” və başqa kitablarda elmi ictimaiyyətə və geniş oxucu kütləsinə təqdim edilmişdir.

 

Nəhayət, 1999-cu ildə Afad Qurbanov özünün türkoloji dilçiliyin əsas problemlərinə həsr olunmuş  “Ortaq türk ədəbi dili” kitabını təqdim etdi.

 

Parlaq alim ömrü yaşamış Afad Qurbanovun ictimai-siyasi proseslərdən kənarda qalmadığı da onun tərcümeyi-halının hər bir faktından məlumdur.  O, 1990-cı ilin 20 Yanvarında xalqımıza qarşı dövləti cinayətə ilk etiraz edənlərdən olub. Dövlət müstəqilliyimizin bərpasından sonra isə o, ölkəsinin taleyi üçün keçirdiyi narahatlıqları dilə gətirməkdən çəkinməyib. Belə məqamlardan birində, dövlətçiliyimiz təhlükə altında olduğu məqamlarda ümummilli lider Heydər Əliyevə qarşı çıxan qüvvələri ifşa edən bəyanatla “Səs” qəzetinin 1992-ci il 17 dekabr tarixli nömrəsindəki münasibəti isə Azərbaycan Parlamentinin üzvü Afad Qurbanovun vətəndaş mövqeyindən xəbər verirdi.

 

Ümumiyyətlə, akademik Afad Qurbanovun taleyini şərəfli alim-vətəndaş ömrünə nümunə kimi göstərmək olar.

 

Mahirə HÜSEYNOVA,

filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universiteti filologiya fakültəsinin dekanı