Böyük Britaniyanın “Times Higher Education” (THE) jurnalının Rusiya və MDB ölkələri üzrə regional direktoru Yeqor Yablokov “Azərbaycan müəllimi”nin suallarını cavablandırır
Müasir dünyanın reallıqları universitetlərin qloballaşması kimi mühüm bir məsələni də günümüzün hadisəsinə çevirib. Ali məktəblərin qlobal reytinqlərdə yeri də onların inkişaf üfüqlərini müəyyən edir. Müasir universitetləri fərqləndirən əsas keyfiyyət kriteriyaları onların reytinqində əksini tapır. Bu mənada Böyük Britaniyanın Times Higher Rankings jurnalı tərəfindən aparılan tədqiqatlar da ali məktəblərin qiymətləndirilməsində mühüm mənbə rolunu oynayır. Bütün dünyada universitetlərin reytinqlərinin işlənib hazırlanmasında 10 ildən artıqdır ki, akademik mənbə rolunu oynayan “Times Higher Education”nun Rusiya və MDB ölkələri üzrə regional direktoru cənab İqor Yablokovun qəzetimizə verdiyi müsahibədə universitetlərin qlobal reytinqinə bir daha nəzər saldıq. Cənab E.Yablokovla “Times” rəhbərliyi ilə razılaşdırılmış müsahibəni oxucularımıza təqdim edirik.
- Universitetlərin reytinqi necə müəyyən edilir? Ali məktəblərin akademik nüfuzunun qiymətləndirilməsində hansı meyarlar əsas hesab edilir?
- “Times Higher Education World University Rankings” olaraq biz universitetlərin dünya reytinqinin tərtib edilməsi üçün 5 qrupda (pilars) qruplaşdırılmış 13 göstəricidən (metrics-in) istifadə edirik. Göstəricilərin birinci qrupu (universitetin inteqral qiymətləndirilməsində onun xüsusi çəkisi 30% təşkil edir) universitetin təhsil fəaliyyətini xarakterizə edir və beş ayrı-ayrı göstəricidən ibarətdir. Göstəricilərin bu qrupuna keçirilmiş qlobal reputasiya sorğusunun nəticələrinə görə universitetin akademik (tədqiqat deyil, məhz təhsil) reputasiyası daxil olur. Universitetin inteqral qiymətləndirilməsində onun çəkisi 15%-ə bərabərdir. İkinci qrupa aid göstəricilər (universitetin inteqral qiymətləndirməsində onun xüsusi çəkisi həmçinin 30% təşkil edir) universitetin elmi-tədqiqat fəaliyyətini xarakterizə edir. Ona üç ayrı göstərici daxildir, onlardan biri reputasiya sorğusunun (18%) nəticəsidir və digərləri obyektiv yolla əldə olunan 2 (hər biri 6%) göstəricidir. Universitetin növbəti 30% inteqral qiymətləndirməsi Field Weighted Citations Impact-ı adlandırılan göstəriciyə - universitet əməkdaşlarının elmi nəşrlərindən sitatgətirilmələrin sayının anoloji nəşrlər üçün sitat gətirmələrin orta göstəricisinə nisbətinə əsaslanır.
Beləliklə, göstəricilərin bu üç qrupuna universitetin inteqral qiymətləndirilməsinin 90 faizi düşür. Qalan 10% universitetin təhsil və elmi fəaliyyətinin beynəlmiləlləşməsinin müvəffəqiyyətini xarakterizə edən üç göstəricidən (inteqral qiymətləndirmədə onun xüsusi çəkisi 7,5% təşkil edir) ibarət qrup, həmçinin kommersiya sektorunun xeyrinə yerinə yetirilmiş (qeyri-dövlət) elmi araşdırmalardan və kəşflərdən əldə olunan gəlirlərin həcmini xarakterizə edən Industry Income (2,5%) göstəricisi arasında bölünür.
- Siz bu və ya digər ali məktəb haqqında informasiyanı haradan və necə əldə edirsiniz, universitetin yeri reytinqdə hansı kriteriyalarla müəyyən olunur?
- “Times Higher Education World University Rankings” reytinqinin tərtib edilməsi üçün üç məlumat mənbəyindən istifadə olunur. Onlardan birincisi - reytinqdə iştirak etməyi arzu edən universitetlərin xüsusi olaraq yaradılmış portal vasitəsilə özlərinin verdikləri məlumatlardır. Bu məlumatlar “Times Higher Education”nun mütəxəssisləri tərəfindən təkrar yoxlanılır. İkinci məlumat mənbəyi Elsevier şirkətinin “Scopus” bibliometrik verilənlər bazasıdır. Üçüncü məlumat mənbəyi - “Times Higher Education Academic Reputation Survey”in qlobal reputasiya sorğusunun nəticələridir ki, hər il bütün dünyadan ən azı 10000 alim iştirak edir.
- Biz universitetlərin iki reytinqinə əsaslanırıq - “Quacquarelli Symonds” (QS) və “Times Higher Education”. Siz bu reytinqlərin hansı oxşar və fərqli xüsusiyyətlərini ayırd edə bilərdiniz?
- “QS” və “Times Higher Education”nun dünya universitetlərinin reytinqlərinin metodologiyalarının ümumi xüsusiyyətlərinə onu da aid etmək olar ki, onlar universitetlərin qiymətləndirilməsi zamanı həm obyektiv məlumatlardan, həm də reputasiya sorğularına dair göstəricilərdən istifadə edirlər. Hər iki reytinq sistemində elm və təhsil fəaliyyətinin inkişafının intensivliyini xarakterizə edən göstəricilər, həmçinin universitetdə təhsilin və elmin beynəlmiləlləşmə səviyyəsi ən böyük çəkiyə malikdir. Eyni zamanda, “QS” şirkətinin dünya universitetlərinin reytinqində reputasiya qiymətləndirməsinin payı “Times Higher Education World University Rankings” reytinqində olduğundan əhəmiyyətli dərəcədə yüksəkdir, yəni biz (Times Higher Education) ekspert rəylərindən daha az dərəcədə asılıyıq, böyük dərəcədə obyektiv məlumatlara söykənirik. “QS” şirkətinin dünya universitetlərinin reytinqi 6 göstərici (onlardan 2-i - reputasiya qiymətləndirmələridir) əsasında tərtib edilir. Ancaq “Times Higher Education World University Rankings” reytinqi 13 göstərici əsasında hazırlanır ki, onlardan yalnız 2-si reputasiya qiymətləndirmələrinin payına düşür. Bütovlükdə “QS” reytinqində universitetlərin inteqral qiymətləndirməsində reputasiya qiymətləndirməsinin çəkisi 50% təşkil edir (yəni balların bütün cəminin yarısı - bu, ekspertlərin fikirləridir), ancaq “Times Higher Education”nun reytinqində 33% faiz təşkil edir. Bundan başqa, “QS”-ın və “Times Higher Education”un reytinq sistemlərində universitetlərin qlobal reytinqə daxil olmaları üçün müxtəlif giriş hədləri, yəni müxtəlif minimal tələblər mövcuddur ki, universitetlər bu şərtlərə uyğun olmalıdır. Biz “Times Higher Education World University Rankings”in universitetlərin qlobal reytinqə girməsi üçün ən mürəkkəb reytinq hesab olunduğunu bilirik, lakin bu, onun nüfuzunu, həmçinin bir çox hallarda geniş ictimaiyyət tərəfindən, eləcə də ali təhsilin inkişafına görə məsuliyyət daşıyan milli hökumətlər və nazirliklər tərəfindən ona göstərilən etimadın səviyyəsini müəyyən edir. Qeyd etməyə dəyər ki, “Times Higher Education World University Rankings” hal-hazırda müstəqil auditor şirkətləri tərəfindən tam audit aparılan yeganə universitet reytinqidir. Biz hər il tərəfimizdən aparılmış reytinqlərin necə təşkil olunmasının tam və hərtərəfli (metodologiya və hesablamaların özü də daxil olmaqla) auditi üçün PricewaterhouseCoopers-i (PwC) auditor xidmətini dəvət edirik.
- Ali məktəbin fəaliyyətində reytinqlərin rolunu necə qiymətləndirirsiniz?
- Biz öz həmkarlarımızla (“Times Higer Rankings”) güman edirik ki, reytinqlər universitetlərin fəaliyyətinin qiymətləndirilməsi üçün mümkün olan alətlərdən biridir (lakin heç də yeganə deyil). Reytinqin mənası məhz ondan ibarətdir ki, universitetlər öz aralarında vahid meyarlar üzrə müqayisə edilir. Universitet üçün reytinqə daxil olmaq başqa universitetlərə nisbətən öz şəxsi effektivliyini ölçmək şansıdır.
- Bəzən deyirlər ki, reytinqlər, öz təyinatına görə, rəqabət prosesinə xidmət edən alətdir, siz necə hesab edirsiniz?
- Bəli, güman edirəm ki, bu, məsələnin düzgün anlamıdır. Universitetlərin reytinqləri onları öz aralarında müqayisə etmək imkanı üçün lazımdır. Əgər siz universitetləri öz aralarında müqayisə edə bilmirsinizsə, deməli, onlar əslində rəqabət aparmırlar, çünki onlardan hər birinin sizin anlamınızda öz “unikal”lığı var. Elə ki, siz meyarların vahid sistemi üzrə universitetləri öz aralarında müqayisə etməyə başlayırsınız, bu ali məktəbləri avtomatik olaraq rəqabət vəziyyətində qoyursunuz.
- Ümumiyyətlə, sizcə, reytinqlər kimlər üçün yaradılır - ali məktəblər, tələbələr və ya onların valideynləri, bəlkə işəgötürənlər üçün?
- Əgər maksimum dərəcədə ətraflı danışmalı olsaq, onda universitetlərin reytinqlərinin çoxsaylı “istehlakçılar” qrupu var. Daha çox aşkar görünən belə qruplardan biri abituriyentlər və onların valideynləridir. Həqiqətən də, əgər biz son illərdə keçirilən beynəlxalq tədqiqatların nəticələrinə baxsaq, görəcəyik ki, hal-hazırda xaricdə təhsil almaq üçün universitet seçən abituriyentlər onların seçiminə ən böyük təsir göstərən ilk 3 amil arasında ali məktəbin beynəlxalq reytinqlərdəki reputasiyasını qeyd edirlər. Universitetlər sözsüz ki, özlərinin inkişaf strategiyalarını işləyib hazırlayarkən ali məktəblərin qlobal reytinqlərini də nəzərə alırlar. Ali məktəbin ayrı-ayrı əməkdaşları da iş yeri kimi universitetin reytinqinə əsaslanırlar. Universitetlərin reytinqləri ali məktəblər arasında resursların bölgüsü məsələsinin həlli zamanı bir çox milli hökumətlər tərəfindən də nəzərə alınır.
- Son vaxtlar biz reytinqlərdə Asiya ali məktəblərinin aktivləşməsini görürük. Bunu nəylə izah etmək olar?
- Asiya ölkələrindən olan universitetlərin mövqelərinin, həqiqətən də, ildən-ilə dünya universitetlərinin əksər reytinqlərində yaxşılaşmasını görürük. Bu, ona görə olur ki, onlar bu gün inkişafın templəri üzrə ali təhsilin ənənəvi liderləri olan Avropa və Şimali Amerikanın universitetlərini arxada qoyurlar. Asiyanın bir çox ölkələri, xüsusən Çin, son illərdə öz universitetlərinin inkişafına və dünya səhnəsində onların rəqabətə davamlılığının artımına nəhəng sərmayə qoyur. Çin, Tayvan, Yaponiya, Koreya Respublikası, Səudiyyə Ərəbistanı - bunlar artıq bir neçə illərdir özlərinin akademik üstünlüyü ilə (academic excellence initiatives) milli təşəbbüslərini reallaşdıran Asiya ölkələrinin tam olmayan siyahısıdır. Onlar fəal surətdə xaricdən alimləri cəlb edir, universitetlərin maddi-texniki bazasını inkişaf etdirir, xarici tələbələr və aspirantlar üçün fövqəladə cazibədar şərait yaradırlar, onlar üçün Avropa və Şimali Amerika ölkələrinin universitetlərindən heç də geridə qalmayan cazibə mərkəzi olmağa çalışırlar. Yalnız öz ölkələrindən deyil, eləcə də bütün dünyadan ən yaxşı zəkaları toplamaq imkanı təkcə Asiya ölkələrinin universitetlərinin özlərinin müvəffəqiyyətlərini deyil, eləcə də bu ölkələrin iqtisadiyyatlarının uğurlu gələcəyini qabaqcadan müəyyən edir.
- Necə hesab edirsiniz, hazırda dünya universitetləri qarşısında hansı qlobal çağırışlar durur? Sizcə, ali məktəblərin rəqabətə davamlılığına hansı amillər təsir edir?
- Son zamanlar kifayət qədər tez-tez belə fikirlər səslənməyə başlayıb ki, universitetlər yeni biliklərin yaradılması kimi öz rolunu itirməyə başlayıb və yeni nəsil kadrların hazırlığı funksiyasının öhdəsindən gələ bilmir, belə ki, özlərinin müasir elmi-texniki inqilab şəraitində müasir cəmiyyət üçün zəruri olan təhsil proqramlarını sürətlə yeniləməkdə bir o qədər də aktiv deyil. Düşünmürəm ki, gözə görünən perspektivdə universitetlər yox olacaq. Onlardan bir çoxu artıq bir neçə yüz il ərzində mövcud olublar, həm də sosial formasiyaların dəyişməsi nəticəsində də kifayət qədər çox uğurla transformasiyaya məruz qalıblar, çox vaxt özləri bu dəyişikliklərin katalizatorları kimi çıxış ediblər. Sözsüz ki, universitetlər bu gün cəmiyyətin həyatında öz sistemyaradıcı rolunu itirməmək üçün dəyişikliklərin lideri olmalıdır, bu dəyişiklikləri yaratmalı, daha addım-addım onların arxasınca getməməlidirlər.
- Hazırda bütün dünyada tədqiqat universitetlərinin rolu artır. Bu barədə nə deyə bilərsiniz?
- Bu, qanunauyğun prosesdir, çünki elmi-texniki inqilab şəraitində yeni elmi biliklərə tələbat daim artır və məhz tədqiqat universitetləri onların təmin olunması üçün lazımı potensiala malikdir. Tədqiqat universitetləri güclü elmi bünövrəyə və özləri ilə mövcud elmi məktəblərin inkişafına xidmət edən və yenilərin formalaşmasına gətirib çıxaran yeni kadrların daimi axınına malikdirlər.
- Elm və təhsilin inteqrasiyası barədə nə düşünürsünüz?
- Mənə belə gəlir ki, dünya səviyyəli müasir universiteti güclü elmi bünövrəsiz təsəvvür etmək ağlasığmazdır. Biliklər çox tez köhnəlir, buna görə də onları daim elmi axtarışlar çərçivəsində yaranan yeni biliklərlə zənginləşdirmək lazımdır.
- Sizcə, ali məktəblər kadr hazırlamalı və ya elmlə məşğul olmalıdır?
- Universitetlərin müxtəlif modelləri mövcuddur. Hesab edilir ki, indi ən qabaqcıl universitetlər 3.0 (“3.0 universitetlər” adlandırılan) model üzrə inkişaf edir. Bu model təhsil, elm və sahibkar funksiyalarının inteqrasiyasını nəzərdə tutur, hansı ki, bu çərçivədə universitet yalnız ayrı-ayrı yeni bizneslərin yaranma məkanı kimi yox, həm də bütöv biznes-modellər, ekosistemlər, yeni bazarlar məkanı kimi çıxış etməlidir. Şübhəsiz ki, bu üçüncü funksiya ikinci funksiyanın - universitetdə alimlərin iştirakı ilə aparılan elmi-tədqiqatlar çərçivəsində yeni biliklərin generasiyasının (hansı ki, sonda startaplar, spin-offlar çərçivəsində və s. kommersiyalaşacaq) lazımi inkişafı olmadan qeyri-mümkündür. Doğrusu, universitetdə elm və təhsilin inteqrasiyası universitetlərin inkişafının “universitet 2.0” adlandırılan əvvəlki modelinin tipik xüsusiyyətidir.
- Bir qədər əvvəl siz Bakıda idiniz. “Times Higher Education”un Azərbaycanın ali təhsil sferasına marağını necə izah edərdiniz?
- “Times Higher Education” dünyanın 200 -dən çox ölkəsində işləyir və həm ayrı-ayrı universitetlərin inkişafı, onların strategiyaları, həm də bütövlükdə ali təhsil sistemi barədə bilikləri toplayan nüfuzlu mərkəzdir. Bu planda Azərbaycan istisna deyil. Azərbaycanda elmi araşdırmalar aparan və çox yaxşı səviyyədə mütəxəssis hazırlığını həyata keçirən bir sıra güclü universitetlər var. Bu universitetlər “Times Higher Education World University Rankings”in universitetlərin ümumdünya reytinqinə düşməyə iddia edə bilər.
- Ali məktəblərimizin potensialı ilə nə dərəcədə tanışsınız? Necə hesab edirsiniz, universitetlərimizə irəli getmək, nüfuzlu reytinqlərdə layiqli yer tutmaq üçün nələr lazımdır?
- Biz Azərbaycanda universitetlərin tərəqqisini diqqətlə izləyirik. Güman edirəm ki, ölkə universitetləri üçün ən rasional yol sıx beynəlxalq kooperasiyadır. Görünür, ölkənin miqyasına uyğun olaraq Azərbaycan universitetlərinə gələcəkdə Avropa və Asiyanın bir sıra iri universitetlərinin (eləcə də Rusiya ali məktəblərinin) malik olduğu səviyyədə elmi-tədqiqatlar (xüsusən də təbiət elmlərinin bir çox sahələrində) aparmaq üçün infrastruktur tələb olunur. Lakin indi elm olmadan dünya ölçüləri üzrə rəqabətə davamlı səviyyədə ali təhsilin inkişafı haqqında danışmaq çətindir. Buna görə, mənim fikrimcə, beynəlxalq kolloborasiyalarda iştirak etməklə təhsil və elm sahələrində effektiv tərəfdaşlığın axtarılması və qurulmasına fokuslanmağa dəyər. Bu, yeri gəlmişkən, zamanla əlaqədar olaraq Azərbaycan universitetlərinin reputasiyası nöqteyi-nəzərindən əlavə müsbət nəticə verəcək: necə ki, bizim təhlillərimiz göstərir, elmi sferada universitetin reputasiyası onun beynəlxalq təhsil və elmi əlaqələrinin intensivliyi ilə dəqiq korrelyasiyaya malikdir.
Oruc MUSTAFAYEV