Mayın 18-də Sumqayıt Dövlət Universiteti (SDU) və Sumqayıt şəhər Təhsil Şöbəsinin birgə təşəbbüsü ilə şəhərdə yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri və onların valideynlərinin universitetlə tanışlığı məqsədi ilə ənənəvi olaraq “Açıq qapı günü” təşkil edilib.

 

Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov görüşdə bildirib ki, şagirdlər arasında tanıtım münasibəti ilə təşkil olunmuş ekskursiya artıq ənənə halını alıb. Belə ekskursiyalar vasitəsilə şagirdlər ixtisas seçimini müəyyənləşdirir, gələcəkdə hansı təhsil müəssisəsinin tələbəsi adını qazanmaq qənaətinə gəlir, seçdikləri ixtisasların əmək bazarında yerini təyin edir. Prorektor şagirdlərə universitet, onun perspektivləri və üstünlükləri haqqında ətraflı məlumat verib, tələbələr qarşısında qoyulan tələblərlə yanaşı, onlara yaradılan geniş imkanlardan söz açıb. Bildirib ki, Sumqayıt Dövlət Universiteti  bu gün qazandığı nailiyyətləri qabaqcıl ali məktəblərlə bir sırada nümayiş etdirə bilən və gələcək prioritet məsələlərin həllinə imza atmağı bacaran bir təhsil ocağıdır. Bu gün universitetin 3 tədris binası, müasir təhsil standartlarına uyğun auditoriya və laboratoriyaları, zəngin elmi kitabxanası, müasir texnika ilə təchiz olunmuş informasiya-hesablama mərkəzi, nəşriyyat-poliqrafiya şöbəsi,  tələbələr üçün mütəmadi olaraq ödənişsiz ingilis, alman və rus dilləri kursları təşkil edən Linqvistik mərkəzi, müasir avadanlıqlarla təchiz olunmuş qılıncoynatma idman zalı da daxil olan geniş idman kompleksi, 3 yeməkxanası var. Tələbə klubu nəzdində rəqs, qiraət kimi özfəaliyyət dərnəkləri, Debat-natiqlik klubu, Ritorika klubu, şahmat, futbol, badminton, stolüstü tennis, atıcılıq, qılıncoynatma və s. idman bölmələri fəaliyyət göstərir. Universitetin elmi potensialının ildən-ilə artdığını qeyd edən prorektor universitetdə Dissertasiya Şurasının yaradıldığını da diqqətə çatdırıb.  Bildirib ki, SDU Rusiya, Türkiyə, Macarıstan, Avstriya, Finlandiya, İspaniya, İsveç, Litva, Almaniya, Polşa, Qazaxıstan, Gürcüstan və digər ölkələrin aparıcı universitetləri ilə təhsil sahəsində əməkdaşlıq edir. Tələbələr istehsalat təcrübələrini respublikanın aparıcı müəssisələri ilə yanaşı Türkiyənin İzmir şəhərində yerləşən Petkim Petrokimya Holdinq A.Ş-də və Rusiyanın nüfuzlu universitetlərində keçirlər.

 

Universitet haqqında ətraflı məlumat alan şagirdlər ilk olaraq ümummilli lider, görkəmli dövlət xadimi  Heydər Əliyevin  adını daşıyan Mərkəzdə, fakültələrdə, yeni cihaz və avadanlıqlar, “ağıllı lövhə”lərlə təmin edilmiş auditoriyalarla, laboratoriyalarla, müasir və zəngin ədəbiyyatla təchiz olunmuş kitabxanada yaradılan şəraitlə yaxından tanış olub, universitetin  tanıtım  çarxını  izləyiblər.

 

 Şagirdlər öz növbələrində universitetə səfərlərindən məmnunluqlarını ifadə ediblər.