Təhsilin inkişafı hər bir ölkənin inkişafının mühüm tərkib hissəsidir. Təhsil sahəsində əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərləhədə və yeni keyfiyyətdə uğurla davam etdirilir. Bu gün Azərbaycan təhsili özünün yüksək inkişaf  dövrünü yaşayır. Azərbaycan təhsil sisteminin dünya təhsil məkanına inteqrasiyası mühüm strateji istiqamətlərdən biridir.

 

Bu gün müstəqillik yollarında inamlı addımlarla irəliləyən doğma Vətənimizin müxtəlif beynəlxalq miqyaslı  yarış və müsabiqələrə ev sahibliyi etməsi təhsil sistemində də yeniliklərə və inkişafa səbəb olub. Bu yaxınlarda multikulturalizmə aid beynəlxalq konfransın, habelə V Ümumdünya mədəniyyətlərarası dialoq forumunun Bakıda keçirilməsi heç də təsadüfi deyil. Bakı artıq bütün dünya tərəfindən tolerant və beynəlmiləl bir şəhər kimi tanınır. Bütün bunlar respublikamızda yürüdülən multikultural siyasətin uğurlu nəticəsidir. 

 

Rəhbərlik etdiyim “Evrika” liseyi multikulturalizm sahəsində xüsusilə fərqlənir. Belə ki, liseyimizdə  təxminən on xalqın nümayəndəsi üç dildə - Azərbaycan, rus və ingilis dillərində təhsil alır. Onlarla kifayət qədər təcrübəli və peşəkar müəllim kollektivi məşğul olur. Elə bunun  nəticəsidir ki, məzunlarımız hər il  ali məktəblərə qəbulda daha yüksək nəticələr göstərirlər. Möhtərəm Prezidentimizin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” fikri məktəbimizin pedaqoji kollektivi tərəfindən  gündəlik şüara çevrilib. Bunu da qeyd edim ki, məktəbimizin istər müəllim, istərsə də şagird kollektivi çoxmillətli olsa da, onların arasında səmimi və qarşılıqlı hörmət prinsipi hakimdir.

 

 Mayın 15-də liseyimizdə keçirilən Beynəlxalq Gün tədbiri də bir daha respublikamızdakı tolerantlıq və multikulturalizmə əyani sübut oldu. Tədbirdə ölkəmizdə fəaliyyət göstərən doqquz ölkənin nümayəndələrinin – Hindistan səfiri cənab Vanlal Vavna Bavitlinq, səfirliyin mədəniyyət şöbəsinin müdiri Amit Pandey, Bolqarıstan  səfiri Nikolay Yankov, Qazaxıstan səfiri Murat Maman,Yunanıstan səfiri Nikolas D.Kanelloş, Türkiyə səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, İran Mədəniyyət Mərkəzinin direktoru Asgər Farsi, Fransa Mədəniyyət Mərkəzinin direktoru  Maurice Rufin, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin təhsil proqramları üzrə koordinatoru L.T.Yakunina, Xalq yazıçısı , “Şöhrət” ordenli, öz zəngin yaradıcılığı ilə Azərbaycanı dünyada beynəlxalq səviyyədə təmsil edən Çingiz Abdullayevin iştirakı həm uşaqların, həm müəllimlərimizin, həm də digər iştirakçıların yaddaşlarında  dərin iz buraxdı. Təmsil etdikləri ölkələrin bayraqları, milli mətbəxi, xarakterik atributları ilə bəzədilmiş stolları, habelə bu ölkələrin milli geyimlərini geyinmiş şagirdlərimizi görmək məktəbimizə gələn müxtəlif ölkələrin nümayəndələrinin maraq və sevincinə səbəb oldu. Hiss olunurdu ki, şagirdlərimizin onların ölkələrinə bu dərəcədə yaxından bələd olmaları qonaqları hədsiz təəccübləndirib. Məktəbimizin şagirdlərinin bu ölkələrin xalqlarının dilində mahnı oxuyub rəqs etmələri, eləcə də şeir demələri isə onları əməlli-başlı təsirləndirmişdi.

 

Əlbəttə, bu mənzərəni seyr etmək bir məktəb direktoru kimi mənim üçün çox xoş idi.  Düşünürəm ki, yuxarıda adlarını qeyd etdiyim ölkələrin təmsilçilərinin məktəbimizdə gördükləri, şahidi olduqları  təmsil etdikləri ölkələrlə Azərbaycanımızı daha da yaxınlaşdırır, bu ölkələrdə xalqımıza qarşı rəğbət hissini daha da artırır. Müdriklərdən  birinin dediyi kimi: “Mədəniyyətlərin dostluğu xalqların dostluğudur”.

 

 

Ofeliya Muradova,

“Evrika” liseyinin direktoru

Filologiya üzrə fəlsəfə doktoru