AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclasında ETSN Milli Hidrometeorologiya Departamentinin əməkdaşı Sevinc Kazımova “Azərbaycanda iqlim dəyişmələrinin çay axımına təsiri” (Böyük Qafqazın timsalında) mövzusunda məruzə edib.

 

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına əsasən, S.Kazımova Böyük Qafqaz çaylarının əsas hidrometeoroloji göstəricilərini, temperatur və yağıntıların paylanmasında baş verən dəyişiklikləri  araşdırıb, ərazi çaylarının illik su sərflərinin statistik parametrlərini müəyyənləşdirib.

 

Əsas iqlim göstəriciləri olan  yağıntı və temperaturları təhlil edən tədqiqatçı respublikanın bütün ərazisində  son illərdə illik temperaturların +0,3 C-dən +1,7 C-ə qədər artmasını müşahidə edib. O bildirib ki, yüksək dağlıq ərazilərdə temperaturların artma qradiyenti daha çoxdur. Yağıntılara gəlincə, çoxillik normaya nisbətən (462 mm) ən çox yağıntı artımı 2016-cı ildə müşahidə edilib ki, fərq 124 mm təşkil edir.

 

İllik axım modulunun bütün region üzrə hündürlükdən asılı olaraq artması baş verir. Respublikanın Böyük Qafqaz  üzrə əksər gursulu və daşqın rejimli çaylarında maksimal illik su sərfi azalmaqla qış minimal axımları artır.

 

Məruzəçi qeyd edib ki, yerli əhəmiyyətli su anbarlarının sayını artırmaq, relyefdən asılı olaraq damcı suvarmanı həyata keçirmək, sudan optimal istifadə etmək məqsədəuyğundur.