Mayın 21-də Sumqayıt  Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan  V Tələbə Elmi Konfransı keçirilib. Əvvəlcə iştirakçılar  konfransda yer tutan tələbələrin məruzələrindən ibarət sərgi ilə tanış olublar.

 

Konfransı giriş sözü ilə universitet üzrə TEC-in Şura sədri Nailə Zeynalova açaraq  2018-2019-cu tədris ilindəki fəaliyyətinin hesabatını verib.

 

Sonra fakültə üzrə TEC  Şura sədrləri çıxış edərək Tələbə Elmi Cəmiyyətinin fakültələr üzrə gördüyü işlərdən və əldə olunan  nailiyyətlərdən söz açıblar.Tələbə Elmi Cəmiyyətinin tələbələrin elmi biliklərinin artmasına, intellekt səviyyələrinin yüksəlməsinə səmərəli təsir etdiyini qeyd ediblər.

 

Konfransda  SDU-nun   rektoru,   professor Elxan Hüseynov  çıxış edərək tələbələrin elmi-tədqiqat işlərinə maraqlarının artırılması məqsədi ilə bu kimi konfransların keçirilməsinin təqdirəlayiq olduğunu bildirib. Rektor əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması nəticəsində müstəqil ölkəmizdə dinamik və vətənpərvər gəncliyin yetişdiyini və gənclərin inkişafı üçün geniş imkanlar yaradıldığını diqqətə çatdırıb.

 

Elxan Hüseynov ölkəmizdə aparılan təhsil islahatlarından, Sumqayıt Dövlət Universitetində  təhsilin səviyyəsinin yüksəlməsi və maddi bazasının yenilənməsi, tələbələrin elmi fəaliyyətə təşviq edilməsi üçün lazımi tədbirlərin həyata keçirildiyini qeyd edib. Bildirilib ki, universitetdə elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini Tələbə Elmi Cəmiyyəti uğurla yerinə yetirir. Tələbə Elmi Cəmiyyəti sabahın gənc tədqiqatçılarının həqiqi axtarış və yaradıcılıq məktəbidir. Eyni zamanda, bu cəmiyyət istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır. Çıxışının sonunda  rektor konfransın işinə uğurlar arzulayıb.

 

Çıxış üçün söz alan  SDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor  Ramazan Məmmədov universitetdə gənclərə olan qayğıdan, tələbələrin uğurlarından və Tələbə Elmi Cəmiyyətinin əhəmiyyətindən bəhs edib.  Qeyd olunub ki,  TEC-in məqsədi gənclərin istedadını aşkar etmək, onları elmi-tədqiqat işinə yönəltmək, tələbələrdə faktları araşdırmaq, təhlil etmək, müqayisə aparmaq bacarıqlarını formalaşdırmaqdır. Bu baxımdan TEC-in konfransı mühüm əhəmiyyət kəsb edir.

 

Sonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş V Tələbə Elmi Konfransında yer tutan tələbələr diplomlarla təltif olunublar.