Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində “Birlik” adlı beynəlxalq sərgi açılıb.  

 

ADRA və ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin birgə təşəbbüsü ilə baş tutan sərginin keçirilməsində əsas məqsəd “Saf rənglər” VI beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının təşkilində göstərdikləri köməyə təşəkkür xarakteri daşıyır. Beynəlxalq sərgidə Rusiya, Misir, İran və İraqdan olan rəssamlar Natalya Kornetova, Heba Xurşud, Şirin Bağçi, Zainab Fadhal Avad Al Şuvaili və digər qonaqların əsərləri nümayiş olunur. Həmçinin ölkəmizdə tanınmış azərbaycanlı rəssamlar Cəlal Ağayev, Esmeralda Tağızadə və başqalarının əsərləri sərgilənir. Sərgidə ümumilikdə 50-dən çox əsər  yer alıb.

 

Xatırladaq ki, 2013-cü ildə ADRA-nın təşəbbüsü ilə təsis edilən “Saf rənglər” festivalı Azərbaycanın ictimai həyatında, uşaq və yeniyetmələrin dünya mədəni əməkdaşlıq sisteminə inteqrasiyası prosesində diqqətçəkən hadisə olub. Festivalın beynəlxalq miqyasda tanınması son beş ildə nəzərəçarpacaq dərəcədə artıb, coğrafi dairəsi genişlənib.

 

Bu il müsabiqədə 42 ölkədən uşaq və yeniyetmə iştirak edir. Azərbaycandan 23 studiya və məktəbdən ümumilikdə 720 iştirakçı 1069 rəsm işi təqdim edib. Hər bir ölkə və studiya, ayrı-ayrı iştirakçılar öz bədii meyarları və estetik üstünlüklərini rəhbər tutaraq sərgi üçün ən uğurlu işlərini göstərən rəsm əsərlərini nümayiş etdiriblər.

 

“Birlik” beynəlxalq sərgisi bir həftə davam edəcək.

 

 

Sifai SƏFƏROVA