Londonda növbəti ən böyük natiqlik yarışması baş tutub.  Tədbirdə 54 ölkədən olan ən yaxşı gənc natiqlər yarışıblar.

 

Azərbaycanı yarışmada “Azerbaijan Public Speaking Competition” (APSC) yarışmasının qalibi BMU-nun tələbəsi Adil Qafarlı təmsil edib. “Azerbaijan Public Speaking Competition: Junior League” layihəsi 10 özəl və dövlət məktəbi və 11 universitetdən olan 108 gəncin iştirakı ilə baş tutub. Layihənin ən yaxşı gənc natiqi seçilən A.Qafarlı növbəti addımı olaraq Londonda keçirilən Beynəlxalq Natiqlik Yarışmasına qatılıb.  

 

BMU-nun tələbəsinin “Lies that tell the truth” başlığlı çıxışı auditoriya və jüri heyəti tərəfindən yüksək qiymətləndirilərək “The Best Impromptu Prepared Speech” fərqlənmə diplomuna layiq görülüb.

 

1980-ci ildə başlayan yarışma hazırda dünya üzrə 54 ölkədən olan 1.000.000 gənci əhatə edir. Yarışmanın əsas təşkilatçısı Britaniyanın “The English-Speaking Union” təşkilatı Azərbaycanda “Azerbaijan Public Speaking Competition” ilə əməkdaşlığa malikdir. Əməkdaşlıq çərçivəsində APSC-nin qalibi olan gənc natiqləri Azərbaycanı beynəlxalq arenada təmsil etmək üçün hər il Londona səyahət edirlər.

 

Qeyd edək ki, APSC Azərbaycanda natiqləri, liderləri yetişdirən bir platformadır. APSC-nin xətti ilə müxtəlif yaş qrupları üzrə hər il natiqlik, liderlik, ünsiyyət kimi yumşaq bacarıqları inkişaf etdirən təlimlər, kurslar, yarışmalar, kamplar və yay məktəbləri təşkil olunur. Platforma Britaniyanın “The English Speaking Union” və Amerikanın “Public Speakers Association” təşkilatları ilə əməkdaşlıq edir.