Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və Türk Tələbələri Birliyinin təşkilatçılığı ilə 28 May Respublika günü və 19 May - Atatürkü anma, Gənclik və İdman Bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə AzMİU-nun professor-müəllim heyəti, tələbələr və Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşaviri Mahmut Ağırman iştirak edib.

 

Tədbir hər iki dövlətin tarixində baş vermiş qanlı hadisələrdə şəhid olmuş qəhrəmanların xatirəsinin anılması və hər iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb.

 

AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva vurğulayıb ki, bu günlər  Azərbaycan və Türkiyə tarixinin şanlı səhifələrindən biridir, məhz bu baxımdan hər iki ölkənin gəncləri müstəqilliyi bizlərə bəxş edən babalarına layiqli vətəndaş kimi yetişməli, Vətəni, bayrağı, müstəqillik uğrunda canlarından keçmiş şəhidlərimizi həmişə uca tutmalıdırlar.

 

Türkiyə səfirliyinin rəsmisi Mahmut Ağırman Türkiyənin milli azadlıq mücadiləsinin tarixinə nəzər salıb. O bildirib ki, 19 May türk millətinin qurtuluş müjdəçisi və iftixar qaynağıdır. Böyük Atatürkün Samsuna çatma tarixi olan 19 may özünün istəyi ilə hər il Gənclik və İdman Bayramı kimi qeyd edilir. 1981-ci ildən etibarən bu bayrama Atatürkü anma günü də əlavə olunub.

 

Tədbir AzMİU-da oxuyan türk və azərbaycanlı tələbələrin ifasında müxtəlif kompozisiyalar, şeirlər və mahnıların səsləndirilməsi ilə davam edib.