Mayın 30-da Sumqayıt Dövlət Universitetində (SDU) Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş “Energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələləri” mövzusunda  Respublika elmi konfransı öz işinə başlayıb.

 

Konfransda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov,  respublikamızın və Atırau Neft və Qaz Universitetinin, Kazan Dövlət Energetika Universitetinin, Pskov Dövlət Universitetinin prorektor, struktur rəhbərləri, professor-müəllim heyəti, Elmi tədqiqat institutlarının və istehsalat müəssisələrinin nümayəndələri iştirak ediblər.

 

SDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə elektroenergetika sahəsində ciddi islahatlar, tikinti, yenidən qurma və bərpa prosesi davam etdirilir. Prezident tərəfindən imzalanmış inkişaf proqramının uğurla həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycan Respublikasında ölkə iqtisadiyyatını və əhalisini elektrik enerjisi ilə təmin edən güclü enerji sistemi mövcuddur. Çoxşaxəli və mürəkkəb bir sahə olan energetika sənayesində indi ixtisaslı kadr təminatında kəmiyyət qıtlığı deyil, keyfiyyət və struktur qıtlığı mövcuddur. Bu da mütəxəssis hazırlığının keyfiyyəti ilə müasir energetika sektorunun sürətli inkişaf dinamikası arasındakı fərqlə bağlıdır. Təhsilin keyfiyyəti və iqtisadiyyatın inkişafının mövcud tələbləri arasındakı fərqin aradan qaldırılması üçün sənaye sahələri ilə ali təhsil müəssisələri arasında sıx əməkdaşlığın qurulması zərurətə çevrilib. Bu gün ölkədə müasir avadanlıqlarla təhciz olunmuş yenidən yaradılmış müəssisələrdə bacarıqlı mühəndis kadrlara böyük ehtiyac var. Hazırda ölkədə təhsilin müxtəlif səviyyələrində energetika sektoru üçün mütəxəssislər hazırlanır. Prorektor əlavə edib ki, SDU-da bu istiqamətdə müəyyən işlər görülüb. “Azərişıq”ASC-də Tədris Mərkəzində SDU-nun Elektromexanika kafedrasının filialı açılıb və tələbələr müəyyən laboratoriya dərslərini orada aparırlar. Görülən işlərin nəticəsi olaraq SDU əməkdaşları “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formasında peşə bakalavrı” ERAZMUS+ layihəsində iştirak ediblər. Layihə çərçivəsində qəbul olunmuş müqaviləyə əsasən “Elektrik mühəndisliyi” ixtisası üzrə hazırlanmış yeni tədris planları ilə təhsil almış və İELTS6 sertifikatları əldə etmiş SDU tələbələrinə universitetin diplomu ilə bərabər Fransanın İncəsənət və Sənətkarlıq üzrə Milli Konservatoriyanın diplomları da veriləcəkdir. Bununla yanaşı, hal-hazırda energetika ixtisasları üzrə həm bakalavr, həm də magistratura pillələri üzrə Rusiya Federasiyasının Kazan Dövlət Universiteti ilə SDU arasında ikili diplomun verilməsi üçün hazırlıqlar aparılır.

 

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxışında Sumqayıt şəhərinin 70 illiyinə həsr olunan konfransın əhəmiyyətindən bəhs edib. O bildirib ki, SDU məhz ulu öndər Heydər Əliyevin tarixi xidmətləri, onun siyasi varisi möhtərəm prezidentimiz cənab İlham Əliyevin xidmətləri sayəsində ölkənin və regionun nüfuzlu elmi-tədris mərkəzinə çevrilib. Ölkənin kadr potensialının formalaşmasında mühüm xidməti olan universitet peşəkar mütəxəsislərin hazırlanmasında əldə etdiyi nailiyyətlərlə adını nüfuzlu  ali məktəblərin sırasına yazıb.

 

Sonra tədbirdə mövzu ilə bağlı məruzələr dinlənilib.

 

Konfrans işini beş bölmə üzrə iki gün ərzində davam etdirəcək. 189 məruzənin daxil edildiyi konfransın materialları toplu şəklində çap olunub.

 

Tədbir çərçivəsində Dual Təhsil mövzusunda dəyirmi masanın keçirilməsi də nəzərdə tutulur.