Onların inkişafı məktəb fəaliyyətinin ən vacib aspektlərindən birinə çevrilməlidir


Bu gün Azərbaycan təhsilinin əsas məqsədlərindən biri  istedadlı uşaqların üzə çıxarılması, onların qabiliyyət və yaradıcılıq  imkanlarının aşkarlanması, inkişaf etdirilməsidir.  Cəmiyyətimiz bir sıra məsələlərin həllini məhz bu cür uşaqlardan gözləyir. Uşaqların vaxtında aşkarlanması, dəstəklənməsi və inkişafının təmin edilməsi əsas hədəflərimizdəndir.     

    

 

İstedadlı şagird kimdir?

 

 

Alimlər istedadlı şagirdlərlə bağlı bunları araşdırıb:  istedadlı şagird yüksək özünə inama malikdir, mükəmməlçidir, güclü bir hafizəyə sahibdir. Təkrarlardan sıxılır, tapşırıq etməkdən xoşu gəlmir. Müstəqil işləməyi sevir. Vaxtında aşkarlanmayan, yönəldilməyən istedadlı şagird xüsusi qabiliyyətləri inkişaf etdirilmədən məktəbdən məzun olur və gələcəkdə ola biləcəyindən aşağı müvəffəqiyyət göstərir.

 

Bu uşaqlar yaşıdları ilə münasibət qurmaqda çətinlik çəkir. Ona görə də həmin uşaqları  öz zehinsəl yaşıdları ilə bir araya gətirmək lazımdır. Məktəbdə və məktəbdənxaricdə onlar üçün uyğun mühit yaradılmalıdır.  İstedadlı şagirdlərə qarşı daha həssas  münasibət göstərilməlidir.

 

Bu cür uşaqlar  adi siniflərdə çox sual vermələri, tapşırıqları hər kəsdən əvvəl yerinə yetirmələri ilə daha çox fərqlənirlər.

 

İntellektual və yaradıcılıq fəaliyyətinin müxtəlif sahələrində istedadlı uşaqları müəyyənləşdirmək, inkişaf etdirmək və dəstəkləmək üçün məktəb sisteminin yaradılması ilə bağlı əlverişli şəraitin təmin olunması məhz  bu cür uşaqlarla işin məqsədini təşkil edir.

 

 

İstedadlı şagirdlərlə işin təşkili

 

 

İstedadlı şagirdlərlə işin təşkilinin yaradıcılarından biri olan Levis Terman istedad və zəka ilə əlaqədar geniş çalışmalar aparıb. İQ 140 və daha yuxarı olan uşaqları “dahi” adlandırıb. 20-ci əsrdə isə Binet və Simon zəka ilə əlaqəli aşağıdakı əsas xüsusiyyət irəli sürüblər:

 

Verilən göstərişləri anlamaq, dərk etmək və zehində tuta bilmək,  hər hansı bir vəziyyətə müvəffəqiyyətlə uyğunlaşa bilmək, fərdin özünü dəyərləndirərək davranışının doğruluğunu isbatetmə qabiliyyəti olaraq təyin etmək.

 

Gardner isə, “çoxlu zəka” qayəsini irəli sürüb. Zəkanı təşkil edən istedad sahələrini: dil, riyazi, məkan, bədən, musiqi, sosial, təbiət və fərdi olmaq üzrə 8 qrupa bölüb.

 

Tədris prosesinin struktur bütövlüyü strukturlaşdırma komponentlərinin bir-birindən asılılığına əsaslanır: İdeyalar-məzmun-təhsilin məzmununun yenilənməsi, təhsil proqramlarının dəyişkənliyi -  fərdi tədris yollarının tətbiqi - texnologiya - təhsil və təcrübə inkişaf metodu - təhsil fəaliyyəti - uşaqların təhsili və ailədə yardımı.

 

İstedadlı uşaqların müəyyənləşdirilməsi artıq ibtidai sinifdə müşahidə, psixoloji xüsusiyyətləri, danışma, yaddaş, məntiqi təfəkkürün öyrənilməsi əsasında başlanılmalıdır.  İstedadlı və bacarıqlı şagirdlərlə işləmək, onların aşkara çıxarılması və inkişafı məktəb fəaliyyətinin ən vacib aspektlərindən birinə çevrilməlidir.

 

İstedadlı şagirdlərlə iş sahəsində pedaqoji fəaliyyət prinsipləri:

 

- Şəxsi inkişaf  üçün nəzərdə tutulan imkanların maksimum müxtəlifliyi;

 

- məktəbdənkənar fəaliyyətlərin rolunun artırılması;

 

- təhsilin fərdiləşdirilməsi və fərqləndirilməsi;

 

- müəllimlərin minimal iştirakı ilə şagirdlərin birgə işi üçün şərait yaratmaq.  

 

 

Valideynlərə tövsiyələr

 

           

Fərqli xüsusiyyətlərə malik, zəkaca üstün, xüsusi qabiliyyətli uşaqların valideynləri daha diqqətli olmalıdır. Bu uşaqların əsas xüsusiyyətlərindən biri maraqdır. Bəzən böyüklər həmin uşaqların suallarını cavablandırmaqda çətinlik çəkə bilərlər. Belə  olduqda başqa çıxış yolu tapılmalıdır. Məsələn: kitabların, ensiklopediyaların, dostların  və mütəxəssislərin köməyindən istifadə etmək olar.

 

Valideynlər çox yaxşı bir dinləyici olmaqla yanaşı,  uşaqlarına dəstək ola bilməlidirlər. Durmadan  işləyən beyinə sahib olan bu uşaqlar günboyu bir çox məlumat toplayır, onları təhlil edərək sonda həmin bilgiləri bölüşmək istəyirlər.

 

İstedadlı şagirdlərin təhsili ailədən başlamalıdır. Belə uşaqlar hər şeyi tez qavrayır  və  onların valideynləri övladlarının qabiliyyətlərini hər kəsə göstərmək istəyir. Unutmaq olmaz ki, uşaqlar hər şeyi özləri maraq etdikləri üçün öyrənirlər. Ən xırda nöqsan tutulduqda belə başladıqları işi yarımçıq qoya və özlərinə qapana bilərlər. Buna görə də  valideynlər həssaslıq nümayiş etdirməli, ən əsası ətrafdakılara  övladının  fərqli olduğunu hiss etdirməməli, onları digərlərindən fərqləndirməməlidirlər. Valideynlər   uşaqlarına hələ kiçik yaşlarından  zehni və sosial baxımdan özlərinə uyğun bir dost çevrəsi yaratmalıdırlar. Hər ikisi birlikdə alınmadıqda, fərqli dost qruplarına qatılmaları məqsədəuyğundur.

 

 

İstedadlı şagirdin təhsili necə olmalıdır?

 

 

Demokratik ölkələrdə hər bir fərdə bərabər təhsil şərtləri verilməsi böyük əhəmiyyət daşıyır. Bu, eyni zamanda insan haqlarından da biridir. Ancaq istedadlı şagirdlər təhsil almaq və öyrənmək baxımından fərqli xüsusiyyətlərə sahib olduqları üçün onlara fərqli və xüsusi proqramların yaradılması tələbi önə çıxır.

 

“Böyük pəncərə”ni açmaq gərəklidir. “Böyük pəncərə” insanı inkişaf etdirmə modelidir. Bunun üçün ilk olaraq uşağın istedadı kəşf olunmalıdır. Sonra istedadlı uşaq üçün bir ortam yaradılmalıdır. İstedadlı şagirdlərə  təhsil verən məktəblər daim bu uşaqların inkişafı üçün işlər görməlidirlər. Məsələn, zəka ilə əlaqəli yarışmalar təşkil edərək, davamlı olaraq bu şagirdləri çalışdırmalıdırlar. Şagirdə istiqamət verilməlidir:  Məsələn “sən çox yaxşı riyaziyyatçı, kimyaçı və ya elm adamı olacaqsan”  deməklə ona düzgün yol göstərilməlidir. “İnsanı inkişaf etdirmə”  modelini bilmədən istedadlı şagirdlə işləmək doğru bir yanaşma deyil.

 

Viliam James Sidis dünyanın ən ağıllı adamı olaraq bilinir. Amma çoxumuz onu tanımırıq. Çünki heç bir kəşfi yoxdur. Eynşteyni isə bütün dünya tanıyır, çünki kəşfləri var. Edison da elə.Yəni əsas olan istedadlı uşağa bir çevrə yaratmaq, diqqətli çalışmağa yönləndirməkdir. Əks halda uşağın istedadlı olması bir şey ifadə etməyəcəkdir.

 

İstedadlı uşaqlar “inkişaf mədəniyyəti” içərisində olmalıdır.Yəni ətrafdakıların təsiri ilə daim inkişaf etdirilməlidirlər.

 

Bir vacib məsələ də “müvəffəqiyyət motivasiyasıdır”. Uşaqlarda müvəffəqiyyət qazanmaq istəyi aşılanmalıdır. “Müvəffəqiyyət motivasiyası”  fərqli bir şeydir. Bunun geni yoxdur. “Müvəffəqiyyət motivasiyası” sonradan öyrənilir.

 

Bu uşaqların inkişafı üçün məqsədyönlü pedaqoji yanaşma həyata keçirilməlidir. Bu cür uşaqların yaradıcı potensialının vaxtında aşkarlanması və öyrənmə səviyyəsinin yüksəldilməsini təmin edən psixoloji və pedaqoji tədqiqat əsasında təhsilin inkişaf sistemi yaradılmalıdır.

 

 

Bu sahədə ən çox iş aparan ölkələrdən biri ABŞ-dır

 

 

200 istedadlı şagird və onların müəllimləri arasında aparılan sorğunun nəticələrinə əsasən istedadlı şagird və onların müəllimlərini yetişdirmək üçün standart hazırlanıb.  Məlum olduğu kimi, təhsil insan həyatını idarə edən əsas elementdir. Müəllimlər öz təhsil nailiyyətlərini həyat üçün reallıq halına  gətirməyə  seçilən şəxslərdir. Bununla birlikdə,  söhbət xüsusi təhsildən və xüsusi şagirddən gedirsə, ümumi xüsusiyyətlərdən başqa daha fərqli, yaradıcı, bu istiqamətdə ixtisaslaşmış, uzunillik təcrübəyə malik  müəllimlərə üstünlük verilməlidir. İstedadlı şagirdlərin təhsili ilə, bu məqsədlə xüsusi təhsil almış mütəxəssislər, müəllimlər  məşğul olmalıdırlar. Bu uşaqlar biliklərə öz yaşıdlarına nisbətən daha tez və yüksək səviyyədə yiyələnirlər. 

 

Belə  uşaqlara yaxınlaşma tərzi, təlim mühitinin necə qurulması, uşağın hansı öyrənmə tərzi ilə öyrənə biləcəyini müəyyən etmək, sosial münasibətlərinin nizamlanması kimi mövzuları yerinə yetirə bilmək üçün isə xüsusi təlim keçmək gərəklidir. 

 

Bu şagirdlərin təhsil mühiti zənginləşdirilmiş, maraq və qabiliyyətinə görə təlim vəsaitinin, təhsil alətlərinin olduğu sinif otağında və sinifdənxaric mühitdə öyrənmələri üçün bir-birini tamamlayan bir təlim proqramı tənzimləmək lazımdır. Müəllimlərə əvvəlcədən istedadlı şagirdlərlə bağlı məlumat verilməli və planlaşdırmanın buna görə qurulması təlimin əsas mövzusudur. Zehinləşdirilmiş tədris planının hazırlanması vacibdir. İdraki tapşırıqlar verilərkən isə yaradıcılığa, düşünməyə, ya da araşdırma yönümlü olmasına diqqət yetirilməlidir.

 

İstedadlı uşaqlar üçün aşağıdakı tədbirlər həyata keçirilə bilər:

 

1. Birinci sinifə tez başlama.

 

2. Sinifdən-sinfə adlama.

 

3. Xüsusi siniflərin yaradılması.

 

4. Xüsusi məktəblərin yaradılması.

 

Dünyada istedadlı şagirdlərin təhsil alması üçün yaş həddi 5 yaş qəbul edilib. Ancaq çox yüksək zəkaya malik uşaqlarda 3 yaş belə gec hesab edilir.

 

Müəllim heyəti və məktəb rəhbərliyi tərəfindən tanınan, istedadlı şagirdlərlə iş sisteminin tətbiqi ümumi təhsil müəssisəsinin  fəaliyyətinin prioritet sahələrindən biri olmalıdır.

 

İstedadlı şagirdlərin vaxtında aşkarlanması, inkişaf etdirilməsi, dəstəklənməsi müasir dövrün qlobal çağırışı kimi təhsil sisteminin qarşısında mühüm vəzifələr qoyur.

 

 

Sevda  ƏLİZADƏ,  

“Ankara məktəbi” məktəb-liseyin kimya müəllimi,  kimya üzrə fəlsəfə doktoru, “Tərəqqi” medallı müəllim