Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında Erasmus+ proqramı çərçivəsində həyata keçirilən EQAC (“Azərbaycan universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi”) layihəsinin professor-müəllim heyəti və tələbələr üçün geniş təqdimatı keçirilib.

 

ADPU-nun Şamaxı Filialının direktoru, dosent Tünzalə Yusifova universitetdə islahatların, yeniliklərin, müxtəlif layihələrin həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, ali təhsil müəssisəsinin inkişafı beynəlxalq əlaqələrinin yaradılması və genişləndirilməsi ilə sıx bağlı olduğu üçün Erasmus+ EQAC layihəsi qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, onun təbliği və tətbiq edilməsi baxımından önəmlidir.

 

ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov Avropa Komissiyasının maliyyə dəstəyi ilə reallaşdırılan və Bakı Biznes Universitetinin (BBU) koordinatorluğu ilə həyata keçirilən layihə ilə bağlı geniş təqdimatla çıxış edib. Şöbə müdiri layihənin detalları, tərəfdaş universitetlər, layihənin ali təhsil müəssisələrinə töhfəsi, əldə edilməsi gözlənilən nəticələr, keyfiyyətin təminatı ilə bağlı öyrənilmiş Avropa təcrübəsi haqqında ətraflı danışıb. Layihənin sonunda universitetlərdə keyfiyyətin təminatı ilə əlaqədar daha mükəmməl idarəetmə sisteminin qurulması məqsədilə onlayn platformanın yaradılaraq tətbiq edilməsinin layihənin əsas məqsədlərdən biri olduğu qeyd edilib.

 

Təqdimatda o da bildirilib ki, universitetdə keyfiyyətin təminatı baxımından vacib məqamlardan biri 2018-ci ildən etibarən professor-müəllim heyətinin illik fəaliyyətinin Reytinq Qiymətləndirməsinin tətbiq edilməsidir və bu, müəllimlər üçün motivasiya, onlar arasında sağlam rəqabət, diferensial əməkhaqqı sisteminin tətbiqinə şərait yaradır.

 

Maraqla qarşılanan tədbir müxtəlif sualların cavablandırılması ilə yekunlaşıb.