Mayın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə siğar iki cahan...” Respublika elmi konfransı keçirilib. Konfransda ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA) müvafiq elmi-tədqiqat institutlarının alim-mütəxəssisləri, tanınmış ziyalılar, media nümayəndələri iştirak ediblər.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bugünkü konfrans Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında  11 yanvar 2019-cu il tarixli Sərəncamı əsasında keçirilir.

 

Rektor vurğulayıb ki, Nəsiminin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilib. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilib və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılıb, eləcə də 1979-cu ildə ölkəmizin paytaxtında heykəli ucaldılıb. 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilib, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilib.

 

Diqqətə çatdırılıb ki, bu gün keçirilən konfrans universitetdə elmi-ədəbi mühitin zənginləşməsinə müsbət təsir edəcək. Nəsimi irsi müasir humanitar düşüncənin tələbləri kontekstində aktualdır və milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.  

 

AMEA-nın  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor  Qəzənfər Paşayev “Edamdan sonra başlanan həyat”,  ADPU-nun  professoru Yaqub Babayev “İmadəddin Nəsimi poeziyasında dünyəvi motivlər” mövzularında məruzələrlə çıxış ediblər.

 

Bakı Musiqi Akademiyasının professoru Tərlan Quliyev və  ADPU-nun dosenti Qüdrət Umudov da İmadəddin Nəsiminin əsərləri və fəlsəfi düşüncələri ilə bağlı fikirlərini bölüşüblər.

 

Sonra konfrans öz işini 3 bölmədə - İmadəddin Nəsimi irsi ədəbiyyatşünaslıq problemləri kontekstində, İmadəddin Nəsimi irsi və dilçilik problemləri, İmadəddin Nəsimi irsi və müasirlik bölmələrində davam etdirib. Bölmə iclaslarında ümumilikdə 60-dan çox məruzə dinlənilərək müzakirə olunub.

 

Konfransın sonunda bölmə rəhbərlərinin hesabatları dinlənilib, müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.