Son dövrlərdə orta məktəblərdə psixoloji xidmətin keyfiyyətinin artırılmasına və şagirdlərin psixoloji problemlərin həllinə yönəlik tədbirlər yeni vüsət alıb. Belə tədbirlər çərçivəsində Azərbaycanda ilk dəfə orta məktəb müəllimləri və psixoloqları üçün qrupşəkilli biblioterapiya keçirilib.

 

“Addım” Gənclərin İnkişaf Mərkəzinin “Kitabla terapiya” adlı proqram xarakterli layihəsi bu tədbirlər içərisində özünəməxsusluğu ilə seçilir. “Kitabla terapiya”larda daha çox qrupşəkilli biblioterapiyalar keçirilir. “Biligi ilə sağalmaq” mənasını verən “biblioterapiya”nın tarixi 1810-cu ilə gedib çıxır. Qrup terapiyasının iştirakçıları bir müddət əvvəl elan edilmiş kitabı oxuyaraq psixoloqun moderatorluğu ilə onu müzakirə edirlər. İdentifikasiya, refleklsiya, katarsis və insayt mərhələlərindən ibarət müzakirələrdə xüsusi metodikalar tətbiq edilir. Nəticədə yanlış stereotiplər qırılır, motivasiya gücləndirilir, davranış pozuntuları korreksiya edilir, pozitiv düşüncələr formalaşır, yeni “sərvət dəyərləri”, mənəvi əxlaqi keyfiyyətlər qazanılır.  

 

Təşkilat bu üsulun orta təhsil müəssisələrində də tətbiqini təşviq etmək məqsədilə növbəti tədbirini Frans Kafkanın “Çevrilmə” novellasının əsasında Zəngilan rayonunun müəllimləri və məktəb psixoloqları üçün təşkil edib.

 

Qrupşəkilli biblioterapiyaların aparıcı-psixoloqu Kamil Həmidovun sözlərinə görə, məktəb psixoloqları və müəllimlər tərəfindən səmərəli tətbiq olunsa və mütəmadi keçirilərsə, orta məktəb şagirdləri arasında sosial fobiya, uşaq depresiyaları, sosial adaptasiya problemləri, intiharlar, “bulling”lər və digər neqativ halların sayı minimuma enər.

 

Qeyd edək ki, növbəti həftələrdə yuxarı sinif şagirdləri üçün 4 məktəbdə A.S.Ekzüperinin “Balaca şahzadə” novellası əsasında qrup terapiyaları keçiriləcək və bir sosial çarx hazırlanacaq.

 

Iştirakçı olaraq faydalanmaq istəyənlər aşağıdakı linklərə daxil ola bilərlər: