Beynəlxalq Rus Dili Günü ərəfəsində iyunun 4-də Bakı Slavyan Universitetində (BSU) rus dili və ədəbiyyatı üzrə XI olimpiadanın başa çatması münasibətilə təntənəli mərasim keçirilib.

 

Tədbir Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

 

Olimpiada turu il ərzində 24 regionda keçirilib. Olimpiadada Azərbaycanın 51 regionunda fəaliyyət göstərən 638 ümumtəhsil müəssisəndən 3500-ə qədər şagird iştirak edib, 214 şagird qalib olub.

 

Tədbirdən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin BSU-nun foyesindəki büstü önünə çiçək dəstələri qoyublar.

 

Akt zalında Rusiya-Azərbaycan əlaqələrindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin xalqlarımız arasında mehriban qonşuluq münasibətlərindən bəhs edən fikirləri səsləndirilib.

 

Tədbirdə bu gün Azərbaycanda 340 məktəbdə rus dilinin tədris edildiyi, Rusiya Federasiyasında isə 11 min azərbaycanlı tələbənin təhsil aldığı bildirilib. Çıxışçılar uzun illər rus dilinin dünyaya çıxmaq üçün Azərbaycanda əsas vasitə olduğunu dilə gətiriblər. Qeyd olunub ki, tədbir iki böyük sənətkarın - Azərbaycan şairi İmadəddin Nəsiminin 650, A.S.Puşkinin isə 220 illik yubileyi günlərinə təsadüf edir.

 

Sonra olimpiadanın qaliblərinə dilplomlar təqdim olunub.

 

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov olimpiada qaliblərini təbrik edib, onlara diplom və hədiyyələr təqdim edib. Səfir çıxışında Azərbaycanda rus dilinə marağın azalmadığını, əksinə, getdikcə daha da artdığını qeyd edib. M.Boçarnikov gənclərin rus dilinə marağının təsadüfi olmadığını, bunun rus ədəbiyyatına, mədəniyyətinə sevgidən doğduğunu deyib. O, şagirdlərə və onların müəllimlərinə dərindən minnətdarlığını bildirib.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov bu gün Azərbaycanın 14 ali məktəbində rus dilinin tədris olunduğunu diqqətə çatdırıb. Nazir müavini Azərbaycanla Rusiya arasında əsrlərdən bəri yaxın dostluq münasibətlərinin olduğunu və bu gün həmin estafetin yeni nəslə ötürüldüyünü bildirib.