Rusiyanın 26 universiteti xartiya imzaladı


Rusiyanın 26 universiteti ali təhsil sahəsinin rəqəmsallaşması barədə Xartiya imzalayıb."Uçitelskaya qazeta"nın məlumatına əsasən, xartiya ən yaxşı onlayn-kursların tətbiqinə və şəbəkə daxilində qarşılıqlı əməkdaşlığa imkan yaradacaq.


Sənəd ali məktəblər üçün IT-qərarlar bazarının formalaşmasının vahid prinsiplərini özündə əks etdirir və onların şəbəkə çərçivəsində qarşılıqlı əlaqəsinə, ən yaxşı rəqəmsal təcrübələrin yayılmasına imkan yaratmağa hədəflənib.


Xartiyada ali məktəblər üçün İT həlləri bazarının formalaşdırılması prinsipləri, onların kooperasiyasını stimullaşdıran qaydalar dəsti və texniki təminat imkanları əksini tapıb. 


Rusiyanın Təhsil və Elm Nazirliyində qeyd edirlər ki, müxtəlif ali məktəblərin məlumatlarının uzlaşdırılmasının vahid standartlarının, həmçinin idarəetmə xidmətləri arasında inteqrasiyanın olmaması bu istiqamətin inkişafına mane olur. Sənədin mətninə əsasən, ali məktəblər məlumatların formatlarının unifikasiyasına, şəbəkə daxilində qarşılıqlı əlaqəyə və ən yaxşı onlayn-kursların  tətbiqinə imkan yaratmağa çalışacaqlar. Sənəddə prioritet  məsələlərdən biri kimi məlumat bazalarının, intellektual xidmətlərin və proqnozlaşdırma sistemlərinin hesabat sisteminin yaradılması da göstərilib. 


Bundan əlavə, xartiyada əksini tapan ideyaların inkişafı məqsədi ilə 50-yə yaxın ali məktəbin IT-xidmətlərinin rəhbərləri universitetlərin rəqəmsallaşması sahəsində peşəkar kommunikasiyanın inkişafı üzrə fəal əməkdaşlığa dair niyyət protokolu imzalayıblar.


Nazirlikdən bildiriblər ki, növbəti addım ali məktəblər üçün IT-qərarları bazarının qayda və normalarının birgə hazırlanması olacaq.

 

 

Oruc MUSTAFAYEV