Azərbaycan Tibb Universiteti (ATU) “Səhiyyənin idarəolunması” ixtisası üzrə təhsil almaq istəyən hər bir şəxsi bu ixtisas üzrə magistr proqramına dəvət edir. Bu magistr proqramı iki ili əhatə edir. ATU-dan verilən məlumata görə, tədris həm universitetin təcrübəli mütəxəssisləri, həm də kənardan dəvət olunmuş mütəxəssislər tərəfindən keçiriləcək.

 

Məlumatda bildirilir ki, səhiyyədə idarəetmə, insan resurslarının idarə olunması, klinik idarəetmədə saglamlıq siyasətinin yaradılması və həyata keçirilməsi, hər gün çətin fiziki, psixoloji, etik suallarla üzləşən tibbi personalın idarə olunması kimi məsələlərə qlobal ictimai səhiyyə üzrə ekspertlər kömək edə bilər. Bu məsələlərə saglam qidalanma və ətraf mühit, ana və uşağın qorunması, müxtəlif xəstəliklərin profilaktikası və saglam həyatın təbliğatı, informasiya texnologiyalarından səhiyyədə istifadəsi, keyfiyyətli tibbi yardım və digər bu kimi məsələlər aiddir.