AMEA-nın Tarix İnstitutu Rusiyanın “Voprosı İstorii” ("Вопросы истории") jurnalı ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

 

Müqaviləni institutun direktoru, akademik Yaqub Mahmudov və jurnalın baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Pyotr İsgəndərov imzalayıblar. Sənədə əsasən, jurnalda müntəzəm olaraq institut alimlərinin məqalələri çap ediləcək.

 

Y.Mahmudov bildirib ki, iki ölkə arasında sıx elmi əməkdaşlıq var və Azərbaycan tarix elmindəki yeni araşdırmalar bu jurnal vasitəsilə Rusiya elmi ictimaiyyətinə çatdırılacaq. Tarix İnstitutu barədə məlumat verən akademik müəssisənin elmi fəaliyyətinin daim ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu deyib, Azərbaycan tarixinin saxtalaşdırılmış səhifələrinin yenidən yazılması və müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarımızın tarixinin araşdırılaraq bugünkü nəsillərə çatdırılması istiqamətində işlər aparıldığını vurğulayıb.

 

Sonda jurnalın redaksiyasına Tarix İnstitutunun rus dilindəki nəşrləri - “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix” və digər kitablar hədiyyə edilib.