25-26 noyabr tarixlərində Təhsil naziri Ceyhun Bayramovun dəvəti ilə Türkiyə Respublikasının Ali Təhsil Şurasının (YÖK) sədri Yekta Saraç Azərbaycanda səfərdə olub.

 

Səfərin birinci günü qonaqlar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb, həmçinin Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsi ziyarət edilib.

 

Daha sonra Yekta Saraç rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Azərbaycan Dillər Universiteti tərəfindən təşkil edilən tədbirdə iştirak edib. Tədbirdə Yekta Saraça “Universitetin Fəxri Doktoru” adı verilib.

 

Tədbirdən sonra Təhsil naziri Ceyhun Bayramov ilə Ali Təhsil Şurasının sədri Yekta Saraç arasında ikitərəfli görüş keçirilib. Görüşdə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”na istinad edilərək iki ölkənin ali təhsil müəssisələri arasında sıx əlaqələrin olduğu vurğulanıb, bu əlaqələri daha da genişləndirmək məqsədilə ali təhsil sahəsində hər iki ölkənin mövcud problemləri və gələcək inkişaf perspektivləri müzakirə edilib, əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.

 

Noyabrın 26-da isə Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş tədbirdə çıxış edən YÖK sədri tədbirə dəvət üçün təşəkkürünü bildirib, BDU-nu Azərbaycan-Türkiyə ali təhsil müəssisələri arasında əlaqələrin qurulmasında rolunu xüsusi  vurğulayıb və ali təhsil müəssisəsinə gələcək fəaliyyətində uğurlar arzulayıb.