Məktəbəqədər təlim-tərbiyə müəssisələrinin şəbəkəsinin genişlənməsi qarşımızda mühüm vəzifələr qoyur


Çağdaş dövrümüzdə fərdin, cəmiyyət və dövlətin  maraqları nəzərə alınmaqla məktəbəqədər təhsil fasiləsiz təhsil sisteminin ilk pilləsi olaraq davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsi kimi mühüm rol oynayır.

 

Prezident İlham Əliyevin 14 aprel 2017-ci il tarixli sərəncamı ilə qəbul olunmuş Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu bu sahənin inkişafını bir sıra mühüm istiqamətlər üzrə şərtləndirir. Bu mühüm dövlət sənədində qeyd olunduğu kimi, məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının, estetik tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibətinin, zəruri həyati bacarıqlara yiyələnməsinin, şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur. 2014-2015-ci tədris ilindən fəaliyyətə başlayan Məktəbəqədər təlim və tərbiyə fakültəsi ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində tələbə sayına görə ən böyük fakültələrdən biridir. Hazırda 825-dən çox tələbənin təhsil aldığı Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə 156 məzunumuz olub. Fakültəmizdə Azərbaycan və rus bölmələri, eləcə də qiyabi təhsil bölməsi fəaliyyət göstərir.

 

Bu gün hərtərəfli bilik və peşə bacarıqlarına malik olan kadrlara məktəbəqədər təhsil sahəsində böyük ehtiyac vardır. Məktəbəqədər təlim-tərbiyə müəssisələrinin şəbəkəsinin ilbəil genişləndirilməsi ilə qarşımızda daha mühüm vəzifələr qoyulur. Rəhbərlik etdiyim şöbə inam və həssaslıq nümayiş etdirərək bu vacib amili daim diqqət mərkəzində saxlayır.

 

Məlumdur ki, bilik və bacarıqların böyük bir hissəsinin mənimsənildiyi məktəbəqədər mərhələdə ailədən əlavə, uşaqların formalaşmasında pedaqoji kadrların köməyindən yararlanmaq mühüm rol oynayır. Məktəbəqədər təlim və tərbiyə sahəsində zəngin təcrübəsi olan mütəxəssislərin bu istiqamətdə faydası olduqca böyük əhəmiyyət kəsb edir. Kollec rəhbərliyi sözügedən məsələnin mahiyyətini geniş təhlil edərək bir sıra uşaq bağçaları ilə müqavilə imzalanıb. Əldə olunan razılaşmaya əsasən IV kurs tələbələri həmin müəssisələrdə pedaqoji təcrübə keçərək bilik və bacarıqlarını təkmilləşdirirlər.

 

Təlim və tərbiyədə vacib dövr sayıldığına görə məktəbəqədər təlim prosesində yaş xüsusiyyətləri nəzərə alınaraq tədris olunacaq dərslər xüsusi həssaslıqla seçilir. Bu baxımdan Azərbaycan dilinin tədrisi böyük əhəmiyyət daşıyır. Uşaq psixologiyası, ümumi psixologiya, pedaqoji psixologiya, məktəbəqədər pedaqogika kimi pedaqoji və psixoloji dərslər də məktəbəqədər təlim və tərbiyə bölməsində xüsusi yer tutur. Həmçinin, difektologiya və loqopediya, pediatriya və gigiyena, uşaq anatomiyası kimi dərslərin də tədrisi sistemli şəkildə aparılır. Bu bölmədə musiqi, sadə riyazi təsəvvürlər, ingilis dilinin təlimi, ətraf aləmlə tanışlığın, incəsənətin, texnologiyanın tədrisi metodikası kimi dərslər də tədris olunmaqdadır.

 

Məktəbəqədər yaş dövrü həm də uşaqların elə bir dövrüdür ki, onların fiziki tərbiyəsi və oyun inkişafı ilə bağlı dərslərin tədrisi də diqqətdə saxlanılır.

 

Bu bölmədə əsas keçirilən dərslərdən biri inklüziv təhsillə bağlıdır. Məlumdur ki, sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla birgə təhsilə (inklüziv təhsilə) cəlb olunması məqsədilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” həyata keçirilir. Bu istiqamətdə kollecimizdə də bir sıra tədbirlər, seminarlar təşkil olunur. İnklüziv təhsilin tətbiqi ilə bağlı olan təşəbbüslərə Pedaqoji Kollec də qoşulub. Məzunlarımızdan bir neçəsi bu layihələrdə bilik və bacarıqlarını nümayiş etdirməklə uğurlu fəaliyyətlərini qura biliblər.

 

Belə məzunlarımızdan biri də Məfsilə Məlikovadır. O, inklüziv təhsilə marağının II kursda uşaq anatomiyası, fiziologiyası və məktəb gigiyenası fənnini keçdiyi zamandan yarandığını deyir: “Bu fənni öyrəndiyimiz zaman müəllimimiz Mətanət İsmayılova inklüziv təhsilin mahiyyəti, imkanları haqqında çox maraqlı məlumat vermiş və marağımı, həvəsimi nəzərə alaraq mənimlə fərdi məşğul olmuşdur. Məni məhz bu sahəyə həvəsləndirmişdir. Çünki o, inklüziv təhsil üzrə ilk pilot layihələrin iştirakçısı olmuşdur. Loqopediya kurslarında, bir çox seminarlarda, təcrübə proqramlarında iştirak edirdim.  Müəllimlik peşəsinin bütün cəmiyyəti dəyişmək gücünə malik olduğunu bir daha anladım. Həyat elə gətirdi ki, IV kursda orta məktəbdə pedaqoji təcrübə keçdiyimiz zaman təyin olunduğum sinifdə sağlamlıq imkanı məhdud olan uşaq var idi. Mən sinif müəllimi ilə danışaraq həmin uşaqla məşğul olmağa başladım. Artıq təcrübə müddətinin sonunda uşaqda böyük irəliləyiş müşahidə olunurdu… Hazırda UAFA təşkilatının “Məktəbəqədər inklüziv təhsil” layihəsində müəllim kimi işləyirəm”.

 

Təhsil sistemindəki yeniliklərdən biri də uğurla həyata keçirilən kurikulum təlimləridir. Kollecimizin müəllimləri də yeni proqramların tətbiqi, onları tələbələrə öyrətmək məqsədilə xüsusi təlimlər keçirlər.

 

Ölkə tarixində və həyatındakı önəmli hadisələrə həsr olunmuş ictimai-siyasi, əyləncəli tədbirlər, xeyriyyə aksiyaları tələbələrin dünyagörüşünün formalaşmasında önəmli rol oynayır. Tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə müntəzəm olaraq müxtəlif mövzularda elmi konfranslar, disput və debatlar və müsabiqələr keçirilir.

 

Məktəbəqədər təlim və tərbiyə ixtisasına tələbələrin yüksək balla daxil olması son illərdə bu sahəyə marağın artmasından xəbər verir. Məqsəd və hədəfimiz isə dəyişməz olaraq qalır:

 

*      Müasir keyfiyyət standartları əsasında Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə pedaqoji təhsil sahəsində kolleclər arasında liderliyin əldə edilməsi;

*      Əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı, səriştəli mütəxəssis hazırlığının həyata keçirilməsi;

*      Tədrisin effektliliyini yüksəltməklə Məktəbəqədər təlim və tərbiyə ixtisasına keyfiyyətli tələbə kontingentinin cəlb edilməsi;

*    Şöbənin ixtisas üzrə təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsini və müasir dövrün tələblərinə cavab verə biləcək mütəxəssis hazırlığını təmin edən yeni standartların tətbiqi;

*    Şöbənin ADPU-nun Məktəbəqədər təlim və tərbiyə fakültəsi ilə əlaqələrinin inkişaf etdirilməsi, tələbələrin, professor-müəllim heyətinin mübadilə proqramlarında iştiraklarının təmin edilməsi;

*      Gənclər üçün innovativ yaradıcılıq mərkəzlərinin yaradılması (innovativ layihələrin reallaşdırılması, həmçinin yeni texnologiyalarla maraqlanan gənclərin, tələbələrin təlimi);

*      Müxtəlif tədris, elmi-texniki və treninq informasiya mərkəzləri yaratmaqla innovativ layihələrin dəstəklənməsi.

Hədəf və məqsədlərimizi isə gerçəkləşdirməklə 100 illik yubileyini qeyd etməyə hazırlaşdığımız qocaman təhsil ocağı - doğma kollecimizə bayram hədiyyəmiz olacaq.

 

Mətanət İSMAYILOVA,

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin şöbə müdiri