Azərbaycan Texniki Universitetində (AzTU) Təhsil Nazirliyi, AzTU və Türkiyə Cümhuriyyəti Yükseköğretim Kalite Kurulunun təşkilatçılığı ilə  "Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" I beynəlxalq elmi-praktiki konfransı öz işinə başlayıb.

 

AzTU-nun rektoru Vilayət Vəliyev konfransın əhəmiyyətindən danışıb,  müasir dövrdə elmlə texnikanın kəsişməsinin meydana çıxardığı yeni istiqamətlərdən də bəhs edib. 

 

Rektor  Azərbaycan və Türkiyə Universitetləri Assosiasiyasının yaradılması təklifi ilə çıxış edib. Bildirib ki, assosiasiyanın yaradılması qardaş ölkələrin universitetləri arasında əlaqələrin inkişafında mühüm rol oynaya bilər.

 

Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli Prezidentin ötən il imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında Türkiyə universitetləri ilə mühüm işbirliyinin yarandığını bildirib. O qeyd edib ki, məhz həmin proqrama uyğun olaraq növbəti tədris ilindən Azərbaycan vətəndaşları  ikili diplom proqramları əsasında təhsil alacaqlar.

 

Hazırda dünyanın 500 ən yaxşı universitetində Azərbaycan vətəndaşlarının doktorantura təhsillərini dövlət hesabına davam etdirdiyini diqqətə çatdıran nazirliyin şöbə müdiri bunun gələcəkdə dünya ali məktəblərinin təcrübəsinin ölkəmizdə tətbiq olunması istiqamətində mühüm addım olduğunu vurğulayıb.  N.Məmmədli AzTU-nun rektoru V.Vəliyevin Azərbaycan-Türkiyə Universitetləri Assosiasiyasının yaradılması təşəbbüsünü müsbət qiymətləndirdiyini və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini söyləyib.

 

Dövlətlərarası iqtisadi aktivlik göstəricilərindən danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Azərbaycan-Türkiyə universitetlərinin birliyinin iki ölkənin təhsil və elmi inkişafına böyük töhfələr verəcəyini qeyd edib.

 

Tədbirdə çıxış edən türkiyəli qonaqlar konfransın əhəmiyyətindən danışıb və ölkələrimizin universitetləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndiriblər. 

 

İşini 6 bölmə iclasları ilə davam etdirən konfrans  dekabrın 20-də yekunlaşacaq.