Biliklərin qiymətləndirilməsi mexanizminin daha da təkmilləşdirilməsi dinamik xarakter daşıyır


Orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli, onun müsbət və mənfi tərəfləri, ümumilikdə Azərbaycanın təhsil sisteminin bugünkü vəziyyətinə dair ictimai rəy sorğusu keçirilib. Həmin cavablar əsasında hazırlanmış analitik hesabat artıq açıqlanıb. Sosial Tədqiqatlar Mərkəzinin 539 respondent və 12 ekspert arasında keçirdiyi ictimai rəy sorğusu Dövlət İmtahan Mərkəzinin regional mərkəzləri əsas götürülməklə 10 şəhər və rayonu əhatə edib. Rəyi soruşulanlar Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin nümayəndələri, abituriyentlər, valideynlər, müəllimlər və təhsil ekspertləri arasından seçilib.

 

Rəyi soruşulanların yarısı “imtahanlar bahadır” deyib

 

Sorğuya qatılan abituriyentlər imtahana hazırlıqda valideynlərinin (45 faiz) və müəllimlərinin (33faiz) rolunu istisna etməyiblər. Fikri soruşulan abituriyentlərin 60 faizi qəbul imtahanlarının, 30 faizi isə buraxılış imtahanlarının çətinliyini bildirərək,  açıq tipli suallarla bağlı çatışmazlıqlara diqqət çəkiblər. Onların fikrincə, əsas narahatlıq doğuran məqamlar yazı tipli tapşırıqların yoxlanılması, xarici dillər üzrə dinləmə qurğularının tətbiqi zamanı ortaya çıxır. 

 

Sorğu zamanı rəyi soruşulanların yarısı imtahanda iştirak üçün tələb edilən vəsaiti yüksək qiymətləndiriblər.

 

Təhsil ekspertləri isə yeni imtahan modelinin tətbiqi nəticəsində balların aşağı düşməsi ətrafında yaranan ajiotajı yersiz sayıblar.

 

Yeni imtahan modeli keyfiyyətə xidmət edir

 

Sorğunun nəticələri “Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər” mövzusunda konfransda müzakirə olunub. Tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, Təhsil naziri Ceyhun Bayramov, Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri Zahid Oruc, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil işçiləri, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc ictimai rəy sorğusu və onun əsasında hazırlanan təhlilin nəticələrindən danışıb. Onun sözlərinə görə, sorğunun nəticələrinin təhlilindən sonra ortaya çıxan ümumi fikrə görə, bu modelin tətbiqi orta və ali təhsil səviyyələri arasındakı bağları gücləndirir. Respondentlərin 45 faizi yeni modeli faydalı hesab edir.

 

Prezident Administrasiyasının şöbə müdirinin müavini Səadət Yusifova müasir dünyada bilik və yeni texnologiyaları həlledici hesab edir: “Bu gün qlobal anlamda nəsillərin dəyişməsi prosesi gedir. Artıq internetsiz dünyanı təsəvvür edə bilməyən “Z nəsli” yetişir. Bu nəsil qloballaşma və postmodernizm dövrünü təmsil edən ilk rəqəmsal nəsildir. Onların həyata və dünyaya baxışları internetə qədərki dövrün nəsillərindən köklü surətdə fərqlənir. İnternetdən və rəqəmsal texnologiyalardan istifadə onlar üçün sadəcə həyat tərzidir. Yeni nəslin təhsilə münasibəti, özünüifadə üsulları da köklü fərqlənir. Bu isə təbii olaraq təhsil sistemində köklü dəyişiklikləri, yeni yanaşmaları şərtləndirir. Odur ki, sabahın təhsil sistemi rəqəmsal iqtisadiyyatın inkişafına, yeni orta sinfin formalaşmasına yönələcək”.

 

Şöbə müdirinin müavini bu qənaətdədir ki, qarışıq və mobil təhsil gələcəyin ali təhsil müəssisələrinin rəqabətqabiliyyətliliyini və uğurunu müəyyənləşdirən əsas faktorlardan biri olacaq. İnformasiyanın əlçatanlığı, onunla işləmək, seçmək vərdişi tənqidi düşüncənin inkişaf etdirilməsini tələb edəcək. İnformasiya və texnoloji fonun sürətli dəyişməsi nəticəsində təhsil fasiləsiz xarakter alacaq. Big-dataların toplanması təhsildə fərdi yanaşmanı gücləndirəcək və tanış təhsil formatları yeniləri ilə əvəz olunacaq. Tezliklə diplomları fərdi səlahiyyət profilləri əvəz edəcək. Biliklərin qiymətləndirilməsi üçün testlər aktuallığını itirəcək və onları yeni qiymətləndirmə və sertifikatlaşdırma üzrə internet sistemləri əvəzləyəcək. Bilik verən müəllimlər təhsildə motivasiya verən, vərdişləri ötürən mentorlarla əvəz olunacaq. Biliklərin inteqrasiyası və tətbiqi təcrübəsinə keçid baş verəcək. Gələcəkdə təhsil işəgötürənlər və işəgötürülənlər arasında distansiyanı da aradan qaldıracaq. Təhsil xidmətləri bazarı daha çevik olacaq. Akademik və texnoloji mühitin sintezi baş verəcək. Böyük korporasiyalar dövlətin vasitəçiliyi olmadan müəyyən peşə və vərdişləri sifariş verəcək. Yeni transmilli əmək bazarı formalaşacaq. Odur ki, təhsil sistemi gözlənilən bu dəyişikliklərə və texnologiyaların inkişafına adaptasiya olmalı, gələcəyin çağırışlarına çevik reaksiya verməlidir: “Təhsil sistemində, xüsusilə qəbul imtahanlarında rəqəmsal texnologiyalardan istifadə ilə bağlı Azərbaycanın böyük təcrübəsi var. Ölkəmiz bu sahədə MDB məkanında pionerdir. Azərbaycanın təhsil sistemində texnoloji yeniliklərin, innovativ prinsiplərin tətbiqi, biliklərin qiymətləndirilməsi mexanizminin daha da təkmilləşdirilməsi dinamik xarakter daşıyır. Azərbaycanın müasir təhsil sistemi yaddaş məktəbindən təfəkkür məktəbinə keçidi özündə ehtiva edir. Buraxılış və qəbul imtahanlarında yeniliklər də məhz bu kontekstdə nəzərdən keçirilməlidir”.

 

Bu imtahan modeli daha yüksək bacarıqları ölçməyə imkan verir

 

İmtahan modellərinin dəyişdirilməsi təhsil sistemində tez-tez baş verən proses deyil və bu baxımdan yenilik təqdirəlayiqdir. Təhsil naziri Ceyhun Bayramov hesab edir ki, yeni imtahan modelinə əsasən, buraxılış imtahanlarının şagirdlərin gələcək taleyinə təsir etməsi çox əhəmiyyətli dəyişiklikdir. Bu imtahan modeli əvvəlki modellə müqayisədə daha yüksək bacarıqları ölçməyə imkan verir. Fənlərin sayının azalması isə həm qiymətləndirmə yükü, həm də abituriyentlərin imtahanlarda psixoloji rahatlığı baxımdan əhəmiyyətlidir.

 

Ali məktəblərə qəbul üçün hazırlanan yeni imtahan modeli XXI əsrin tələb olunan bacarıqlarının ölçülməsini özündə ehtiva edir. Bu modeldə tələb olunan riyazi və məntiqi təfəkkür, mətnlə işləmək, yazı qabiliyyəti, tənqidi təfəkkür, qeyri-standart yanaşma, komandada işləmək, kreativlik və bir sıra bu kimi kompetensiyalar və onların ölçülməsi olduqca vacibdir. Odur ki, yeni imtahan modelinin tətbiqini təhsilin inkişafı üçün vacib amil hesab edən nazirin fikrincə, təhsillə bağlı məsələlərin bu cür müzakirəli təhlili çox əhəmiyyətlidir və faydalı nəticə verir: “Uzun illər ərzində imtahanlar barəsində danışarkən, əsasən imtahanın dürüstlüyü, ədalətliliyi prinsiplərinə diqqət etmişik. Təbii ki, bu, çox vacib və əhəmiyyətlidir. Ancaq qeyd etməliyik ki, uzun müddət ölçülməyən biliklər unudula bilər. Ona görə də bu gün əmək bazarında məzunlarımızın kifayət qədər çox axsadığı istiqamətlər mövcuddur. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, yeni imtahan modelinin tətbiqinə çox ciddi ehtiyac var”.

 

Yeni imtahan modelində ali məktəbə qəbul zamanı buraxılış imtahanlarının nəticələrinin nəzərə alınmasını əhəmiyyətli dəyişiklik kimi qiymətləndirən Təhsil naziri orta məktəblərdə 11 il ərzində keçirilən tədrisin ölçülməsi, onun nəticələrinin təhsilin növbəti pilləsinə daxil olan zaman nəzərə alınmasını vacib sayıb. Bunu sorğu iştirakçılarının da qiymətləndirdiyinə diqqət çəkib: “Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuya əsasən görürük ki, respondentlərin 60 faizi məhz yeni imtahan modelində orta məktəblə ali məktəb arasında əlaqənin qurulmasını müsbət qəbul edib”.

 

Biliyin ölçülməsində beynəlxalq qiymətləndirmələrdən istifadə

 

Təhsil üzrə bəzi beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın yeri bəzən tənqidlərə səbəb olur. Ancaq nazir hesab edir ki, qiymətləndirmələrdə nəticənin yüksək olmaması iştirak etməmək üçün əsas təşkil etmir. Onun fikrincə, ümumiyyətlə, beynəlxalq qiymətləndirmələrdə bütün ölkələr iştirak etmir. Əsasən inkişaf etmiş ölkələrin qatıldığı yarışmada olmağın özü isə bir cəsarətdir.

 

C.Bayramov Azərbaycanın milli qiymətləndirmələri ilə beynəlxalq qiymətləndirmə standartları arasında fərqlərə də diqqət çəkib. Onun sözlərinə görə, ölkə təhsil sistemində qiymətləndirmələr həyata keçirilərkən beynəlxalq qiymətləndirmələrdə istifadə olunan meyarlardan istifadə olunması əsas hədəflərdəndır: “Bu istiqamət üzrə Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlıq edilir”.

 

Daha dərin tədqiqatlar aparmaq lazımdır

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il təhsil islahatlarının bir hissəsinin başa çatdığını və dəyişikliklərin müsbət təsirinin gözlənilən olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, 20 ildən çoxdur hər imtahandan sonra geniş elmi-statistik təhlillər aparılır. Son imtahanlarla bağlı tədqiqatlar hazırda davam etdiyindən nəticələr barədə bir söz demək mümkün deyil: “Sosial Tədqiqatlar Mərkəzinin sorğularının nəticələri də yalnız imtahan prosedurları ilə bağlıdır. Bizdə də belə növ tədqiqatlar aparılır. STM-in səsləndirdiyi fikirlər bizim üçün çox vacibdir. Bütün bu nəticələri gələcəkdə öz işlərimizdə mütləq nəzərə alacağıq”.

 

M.Abbaszadə sosial xarakterli araşdırmaları davam etdirməyin önəminə diqqət çəkərək vurğulayıb ki, problemləri təkcə şagirdlərlə yox, müəllimlərlə, təhsil sistemində işləyən ekspertlərlə müəyyənləşdirib daha dərin tədqiqatlar aparmaq lazımdır.

 

STM-in tədqiqatında yer alan repetitorluqla bağlı məsələyə münasibətini bildirən M.Abbaszadə hesab edir ki, bunun qarşısını almaq və dərslərin keyfiyyətini qaldırmaq lazımdır. Ancaq hər hansı qanunla repetitorluğun qarşısını almağın mümkün olmayacağına da diqqət çəkib: “Elə valideynlər var ki, onlar övladlarının əlavə dil biliklərinə yiyələnməsini istəyirlər. Bu səbəbdən də repetitorlara müraciət edirlər. Misal üçün, uşaq məktəbdə yalnız ingilis dilindən təhsil alır. Lakin o, əlavə dil olaraq fransız dilini öyrənmək istəyir. Kimsə musiqi, rəsmlə məşğul olmaq istəyir. Ona görə də repetitorlara müraciət edirlər. İnkişaf etmiş ölkələrdə də repetitorlar var”.

 

İctimai rəy sorğusunda soruşulan və baha hesab edilən imtahan qiymətinə də toxunan M.Abbaszadə hər bir məzuna qəbul imtahanlarında ödənişsiz əsaslarla iştirak edə bilməsi üçün bir şansın verildiyini deyib: “Həmin imtahanın haqqı dövlət büdcəsi hesabına ödənilir. Qəbul imtahanlarında ilk dəfə iştirak edən hər bir məzun imtahanlara pulsuz qatılır. Buna görə də heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur. İmtahanlara təkrar qatılmaq istəyənlər iştirak üçün rüsum ödəyirlər. Yeni imtahanları və imtahan nəticələrini araşdırmaq, onu həyata keçirmək üçün daha çox insan, qurğu cəlb etmək lazım olur. Bu baxımdan imtahanların qiymətləri o qədər də yüksək deyil. Özbəkistandan gələn heyət Azərbaycanda bizim işimizlə maraqlandı. Özbəkistanda bu qiymətlər orta əməkhaqqının yarısını təşkil edir”.

 

Tədbirdə çıxış edən 6 nömrəli tam orta məktəbin direktoru Gülşən Orucova və UNEC-in tələbəsi Anar Məmmədov yeni imtahan modeli ilə bağlı fikirlərini bildiriblər. Müzakirələrdə yeni imtahan modeli ilə bağlı fərqli baxış, ortaq mövqe nümayiş etdirilib.

 

Ruhiyyə DAŞSALAHLI