Təhsil müəssisələrində normal təlim şəraitini təmin etmək, xüsusən də qış aylarında sinif otaqlarının istiliklə təchizatı Təhsil Nazirliyinin daim nəzarətdə saxladığı məsələlərdən biridir. Bu gün istər paytaxt, istərsə də bölgələrdə yerləşən məktəblərdə istiliklə bağlı hər hansı bir problem yaranırsa, nazirlik ona dərhal reaksiya verir, məsələnin müsbət həllini təmin edir. Məsələnin aktuallığını nəzərə alaraq məktəblərdə istilik təchizatı ilə bağlı mövcud vəziyyəti öyrənməyə çalışdıq.

 

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsindən  aldığımız məlumata əsasən, respublikamızda fəaliyyət göstərən 4500-ə yaxın məktəbdən 1835 məktəbin qazanxanası təbii qazla təchiz olunub. O, cümlədən son illər istifadəyə verilən 293 modul tipli məktəblərdən 142-si qazlaşdırılıb, digər modul tipli məktəblərin istilik sistemi isə elektrik kombi ilə təmin olunub. İdarədən verilən məlumata görə, qazla təchiz olunmayan digər məktəblər isə dizel yanacağı və odunla qızdırılır.

 

Məktəblərdəki istilik təchizatı ilə bağlı ucqar rayonlarla da əlaqə saxladıq, bölgələrdə  bu sahədə vəziyyəti öyrəndik.

 

Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlının verdiyi məlumata görə, rayon üzrə 44 ümumitəhsil məktəbi fəaliyyət göstərir. Bunlardan 29 məktəb binasının qazanxanaları  təbii qazla,  Kəmərli, I Şıx, Xanlıqlar kənd tam orta, I Şıx ümumi orta məktəbləri isə maye yanacaqla qızdırılır. Cəfərli, Hüseynbəyli, Aşağı Salahlı kənd tam orta məktəbləri isə elektrik yağ radiatorları ilə isidilir. Altı məktəbdə- Caylı, II Şıxlı, Sarıvəlli, Yuxarı Əskipara, Orta Salahlı və Fərəhli kəndlərindəki məktəblər isə odunla qızdırılır. Bu məktəblər ehtiyaca görə, yəni 278 m odun yanacağı və odun sobaları ilə 6 saylı ƏMHM tərəfindən tam təmin olunub. Hazırda rayon üzrə bütün məktəblərdə istiliklə bağlı problem yoxdur.

 

Şöbə müdiri onu da qeyd edib ki, bir sıra məktəblərin istilik sistemlərində təmir işləri həyata keçirilib. Belə ki, daxili imkanlar hesabına Qazax şəhər 1 nömrəli tam orta məktəbə 10 ədəd, Ağköynək kənd orta məktəbinə 14 ədəd, Qazaxbəyli kənd orta məktəbinə 8 ədəd, Qazax şəhər 4 nömrəli tam orta məktəbə 8 ədəd, Xanlıqlar kənd ümumi məktəbinə isə 7 ədəd radiator verilib. Bəzi məktəblərin qazanxanalarında mövcud olan problemlər Təhsil Nazirliyinin dəstəyi ilə aradan qaldırılıb. Nizaməddin Babanlı məktəblərin istilik sistemini daim nəzarətdə saxladıqlarını, şöbənin işçilərinin bu məsələ ilə bağlı vaxtaşırı təhsil müəssisələrində monitorinqlər apardığını da sözlərinə əlavə edib.

 

Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev də məsələ ilə bağlı fikirlərini bildirib. O, rayonda fəaliyyət göstərən 135 ümumtəhsil məktəbində istiliklə bağlı problemin olmadığını deyir. Məktəblərin istilik təchizatının bir sıra vasitələrlə təchiz olunduğunu deyən şöbə müdiri bildirib ki, 135 məktəbdən 15-i qazla, 12 məktəb elektriklə, 20 məktəb maye yanacaq (dizel) ilə, 88 məktəb isə odun yanacağı ilə qızdırılır. Onun sözlərinə görə, cari ildə daha 7 məktəbin qazlaşdırılması nəzərdə tutulur. R.Hacıyev son 3 ildə rayon ərazisində 16 yeni modul tipli məktəb tikildiyini və həmin məktəblərin də qaz və ya elektiriklə qızdırıldığını diqqətə çatdırıb. Şöbə müdiri  məktəbdənkənar təhsil müəssisələrinin də istiliklə təmin olunduğunu və həmin müəssisələrin  qazla qızdırıldığını sözlərinə əlavə edib.

 

Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Akşin Bağırov da bizimlə söhbətində rayondakı məktəblərdə istiliklə bağlı problem olmadığını deyib. Rayonda ümumilikdə 35 ümumtəhsil müəssisə olduğunu və bunlardan 12-nin təbii qazla, 23 müəssisənin isə doğranmış odunla qızdırıldığını deyib.  Bildirib ki, qazanxana ilə işləyən məktəblər Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən qış mövsümünə qədər tam təmir edilib, mövcud problemlər birmənalı şəkildə aradan qaldırılıb.

 

Niyazi RƏHİMOV