Yanvarın 25-də xaricdə doktorantura təhsili almaq istəyənlər üçün sənəd qəbulu artıq başa çatdı. Sevindirici haldır ki, ölkə üçün prioritet hesab olunan ixtisaslar üzrə doktorantura təhsili almaq istəyənlər kifayət qədərdir.

 

Qeyd edək ki, 2019-cu il noyabrın 13-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində “Xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları” təsdiq edildi. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan vətəndaşlarının (proqram iştirakçıları) seçimi meyarlarını və prosedurlarını müəyyən edir.

 

Proqram iştirakçıları bu Qaydalarla müəyyən edilmiş seçim meyarlarına uyğunluğun qiymətləndirilməsinin nəticələrinə görə, xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən və ya təhsil alan Azərbaycan Respublikasının vətəndaşları (namizədlər) sırasından seçilirlər.

 

Dövlət hesabına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda, Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura səviyyəsi üzrə təhsilin normativ müddətinin yarısından artıq müddətdə təhsil alan, doktorantura səviyyəsi üzrə təhsilini başa vurmuş, habelə Azərbaycan Respublikasının dövlət proqramları və beynəlxalq müqavilələri çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almış şəxslər proqram iştirakçılarının seçilməsində namizəd qismində iştirak edə bilməzlər.

 

Bəs, iştirakçılar hansı meyarlar əsasında seçiləcək?

 

Proqram iştirakçılarının seçim meyarlarına görə  namizədin xarici ölkənin ali təhsil müəssisəsində doktorantura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisas istiqaməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə müvafiq  qərarı ilə müəyyən edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları”na uyğun olmalıdır. Bundan başqa, namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması, namizədin bakalavr və ya magistr ali təhsil dərəcəsinə malik olması, namizədin təhsil almaq istədiyi və ya təhsil aldığı xarici ali təhsil müəssisəsinin müəyyən edilən beynəlxalq reytinqlərin- “Times Higher Education (THE) World University Rankings” və  “Academic Ranking of World Universities (Shanghai)” hər hansı birində cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500-cü yerdən aşağı olmayan sırada yer alması əsas şərtlərdəndir. Onu da qeyd edək ki, bu reytinq ixtisas üzrə deyil, universitet üçün ümumi reytinq hesab edilir.

 

Azərbaycan Respublikası ali təhsil müəssisəsinin namizədin xarici ali təhsil müəssisəsində təhsili başa çatdıqdan sonra pedaqoji fəaliyyətə cəlb edilməsi üçün onunla əmək müqaviləsi bağlamağa razılığı olmalıdır. Yəni dövlət hesabına doktorantura təhsili alan namizəd gələcəkdə mütləq Azərbaycan ali təhsil müəssisələrində çalışmalıdır.  Təhsil almaq istədiyi ixtisas üzrə namizədin elmi tədqiqat işlərini aparmaq bacarıqları, namizədin məntiqi mühakimə yürütmək bacarıqları, namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti əsas müsahibə meyarları hesab edilir.

 

Namizədin meyarlara uyğunluğu müsahibə vasitəsilə qiymətləndiriləcək

 

Namizədin meyarlara uyğunluğu qaydada təqdim etdiyi sənədlər əsasında Təhsil Nazirliyinin nəzdində Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən qiymətləndirilir. İdarəetmə Qrupunun yaradılması, fəaliyyətinin təşkili qaydası və səlahiyyətləri Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Namizədin meyarlara uyğunluğu aşkarlıq şəraitində şəffaf üsullarla keçirilən müsahibə vasitəsilə qiymətləndiriləcək.

 

Namizədlərlə müsahibələri Nazirlik tərəfindən yaradılan və ictimai əsaslarla fəaliyyət göstərən müsahibə komissiyaları aparacaq. Müsahibə komissiyalarının tərkibi 3 (üç) nəfərdən az olmamaqla Nazirliyin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun və namizədlərin ixtisas istiqamətlərinə uyğun sahədə dövlət siyasətini (tənzimləməni) həyata keçirən dövlət orqanlarının (qurumların) əməkdaşlarından formalaşdırılacaq.

 

Müsahibə komissiyalarının tərkibinə namizədlərin ixtisas istiqamətlərinə uyğun sahə üzrə fəlsəfə doktoru (elmlər namizədi) dərəcəsi olan mütəxəssislər cəlb edilə bilərlər. Müsahibə komissiyalarına üzv olan nazirliyin əməkdaşları həmin komissiyalara sədrlik edəcək.

 

Proqram iştirakçılarının xərclərinə nələr daxildir?

 

Təhsil xərclərinə təhsil haqqı, xarici ali təhsil müəssisəsində qeydiyyat haqqı və proqram iştirakçısının təhsili ilə bağlı ödənilməsi xarici ali təhsil müəssisəsi tərəfindən tələb olunan xərclər aiddir.

 

Onu da qeyd edək ki, proqram iştirakçılarının ailə üzvlərinin və digər qohumlarının xərclərinin maliyyələşdirilməsi həyata keçirilməyəcək.

 

Viza və proqram iştirakçısının təhsil aldığı ölkədə qeydiyyat xərclərinə həmin ölkəyə vizanın rəsmiləşdirilməsinə görə tutulan rüsum, vizanın rəsmiləşdirilməsi ilə bağlı tibbi müayinə xərcləri və proqram iştirakçısının təhsil aldığı ölkədə qeydiyyata alınması üçün tutulan haqq aiddir.

 

Aylıq yaşayış xərclərinə proqram iştirakçısının yataqxana və ya mənzil kirayəsi, qidalanma və digər xərcləri aiddir. Proqram iştirakçısının aylıq yaşayış və tədris materialları ilə təminat xərclərinin məbləği və valyutası müvafiq Qaydaların əlavəsinə uyğun olaraq müəyyən edilir.

 

Tibbi  sığorta  xərclərinə  gəldikdə isə, proqram iştirakçısının təhsil aldığı ölkədə təhsil müddətindən artıq olmayan müddətə tibbi sığortası üçün ödənilən sığorta haqqı aiddir.

 

Beynəlxalq nəqliyyat xərclərinə proqram iştirakçısının hər tədris ili üçün bir dəfə təhsil aldığı ölkəyə gedişi və Azərbaycan Respublikasına gəlişi üçün təyyarə (“ekonom-sinif” üzrə bir baqaj ödənilməklə) və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletinin qiyməti aiddir.

 

Niyazi RƏHİMOV