Fevralın 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseydə “STEAM (Science, Technology, Engineering, Art and Mathematics)” ilə bağlı təlimin bağlanış mərasimi keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev, İsrailin ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Avital Rosenberq, İsrailin ORT məktəb şəbəkəsinin direktor müavini Yoel Rosşild, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları və müəllimlər iştirak ediblər.

 

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva layihənin əhəmiyyətindən söz açıb. Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən 2019-2020-ci tədris ilindən etibarən Bakının 42 məktəbində tətbiq edilən STEAM layihəsi 254 sinifdə 6000-dən çox şagirdi əhatə edir. Nazir müavini layihənin tətbiq edilməsində məqsədin müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiqinə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədris edilməsi olduğunu deyib.

 

Nazir müavini onu da qeyd edib ki, layihənin üstün cəhətlərindən biri də odur ki, şagirdlər elmi-texniki nailiyyətləri müasir təhsildə tətbiq etməklə mənimsəyirlər.

 

Məhəbbət Vəliyeva layihə çərçivəsində müəllimlərin təlimindən də söz açıb. Bildirib ki, layihənin tətbiqinə başlandığı gündən indiyə qədər müəllimlər həm Azərbaycanda, həm də xarici ölkələrdə çoxsaylı təlimlərə cəlb ediliblər. Təlimlərdə iştirak etmiş müəllimlərin əksəriyyəti ilə əməkdaşlığa başlanılıb və layihənin tətbiq sahəsinin genişləndirilməsi məqsədilə müxtəlif işlər görülüb, 34 həftəlik tədris proqramı yazılıb, dərslərin tədrisi üçün Azərbaycan və rus dillərində dərs vəsaitləri çap edilib.

 

Nazir müavini təlimlərdə Bakının 42 məktəbindən 160 müəllimin iştirak etdiyini, bununla yanaşı, Bakı şəhəri və Gəncə, Şirvan, Qax, Qəbələ, Sumqayıt, Lənkəran, Biləsuvar, Quba, Mingəçevir, Şamaxı, Zaqataladan olmaqla ümumilikdə 100 müəllim İsraildə, 25 müəllim isə Türkiyədə STEAM və robotiks üzrə təlimlər keçdiyini sözlərinə əlavə edərək çıxışını yekunlaşdırıb.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə İsrailin ORT məktəblər şəbəkəsi ilə əməkdaşlıqda 50 təhsil mütəxəssisi ötən ilin dekabrında İsraildə, bu ilin fevralında isə Bakıda 5 həftəlik STEAM və robotiks təhsil proqramlarının tədrisi istiqamətində keçirilən təlimdə iştirak edib.

 

İsrailin ORT məktəb şəbəkəsinin direktor müavini Yoel Rosşild də tədbirdə çıxış edərək STEAM tədrisinin əhəmiyyətindən söhbət açıb. Layihə həyata keçirilərkən həm Təhsil Nazirliyindən, həm də Təhsil İnstitutundan böyük dəstək aldıqlarını deyib. Məqsədlərinin təhsilə yeni ideyalar gətirmək olduğunu deyən qonaq onu da qeyd edib ki, bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır.  Ölkəmizin təhsilindən, müəllimlərimizdən də söz açan Yoel Rosşild bildirib ki, Azərbaycanda müasir təhsilin tələblərinə cavab verən çoxsaylı layihələr həyata keçirilir, Azərbaycan təhsili sürətlə dünya təhsilinə inteqrasiya edir.

 

Tədbirin sonunda təlimdə iştirak etmiş müəllimlərə sertifikatlar təqdim olunub.

 

Niyazi RƏHİMOV