2012-ci ildən fəaliyyətə başlayan,  Avropa təhsil sisteminə inteqrasiya olmaq, innovativ texnologiyalara əsaslanan təlim prosesini təşkil etməklə beynəlxalq standartlara cavab verən müasir tədris - təlim sistemi yaradan  Bakı Modern Təhsil Kompleksi (BMTK) bu günlərdə  dünyada  ən mühüm  keyfiyyət  idarəetmə standartı hesab edilən  ISO 9001 sertifikatına layiq görülüb.

 

Bu münasibətlə BMTK-da  təşkil olunan tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Türk Standartları  İnstitutunun Azərbaycan  nümayəndəliyinin rəhbəri və təmsilçisi Arzu Gülhan Yüzereroğlu,  BMTK-nın baş direktoru Mina Əliyeva, BMM-nin direktoru Gülarə Əfəndiyeva,  Bakı  Modern Beynəlxalq Məktəbinin  direktoru Samirə Teymurova, Modern Baby körpələr evi-uşaq bağçasının  direktoru  Sevda Hüseynova, şagird və valideynlər  iştirak ediblər.           

 

Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq əlaqələrindən danışan səfir  Erkan Özoral bildirib ki,  Azərbaycanın gündən-günə inkişaf etdiyini görmək qürurvericidir.  

 

“ Bakı Modern Təhsil Kompleksinin ISO 9001 sertifikatı ilə təltif edilməsi artıq Azərbaycanın hər  sahədə  olduğu kimi, təhsil sahəsində də  böyük nailiyyətlər, uğurlar əldə etdiyinin sübutudur. Azərbaycan 30 il ərzində  yeni bir dövlət  qurdu, müstəqilliyini  əldə etdi və dünyanın ən  sürətlə inkisaf edən ölkələrindən birinə çevrildi. Biz də Türkiyə Cümhuriyyəti olaraq bu inkişafda yer almaqdan bəxtiyarlıq duyuruq. Türk Standartları İnstitutu öz sahəsində dünyanın ən öndə gedən qurumlarından  biridir və hər hansı bir quruma verdiyi keyfiyyət sertifikatını da həqiqətən  layiq olduğu üçün verir.  Valideynlərə demək istəyirəm, bu sertifikat  demək olar ki, sizə verilən bir təminatdır. Əmin olun ki, burada sizin övladlarınıza   verilən təhsil  onları hərtərəfli yetişdirməklə yanaşı, eyni zamanda Azərbaycanın gələcəyinə layiqli insanlar hazırlayacaqdır "-deyə səfir qeyd edib.

        

Bakı Modern Təhsil Kompleksinin 8 ildir  fəaliyyət göstərdiyini, bu illər ərzində  bir çox uğurlara imza atdığını deyən  Bakı Modern Təhsil Kompleksinin baş direktoru Mina Əliyeva  kompleksin gündəlik inkişafını əks etdirmək və onu mühüm bir sənədlə təsdiq etmək üçün  İsveçrə Beynəlxalq Standartlaşma  Təşkilatının Türkiyədə rəsmi nümayəndəsi olan  TSE-yə  (Türk Standartları İnstitutuna ) müraciətdən  bəhs edib:” 2019-cu ilin  mart ayında  kompleksimizdə  ilk təlimlər təşkil olundu,  davamlı olaraq sınaq və əsas yoxlama mərhələləri aparıldı. Nəticə isə göz qabağındadır. Onu deyə bilərəm ki, sözün əsl mənasında qürur duyuram və xoşbəxtəm. Bu etimadi  bir təhsil müəssisəsi olaraq doğrultmuşuq və hər zaman da  doğruldacağıq”. 

 

Türk Standartları  İnstitutunun Azərbaycan  nümayəndəliyinin rəhbəri və təmsilçisi Arzu Gülhan Yüzereroğlu isə qeyd edib ki, qabaqcıl ölkələrin təcrübəsinə əsasən beynəlxalq idarəetmə  standartlarının tətbiqi həmin müəssisənin  işinin səmərəli təşkilində, keyfiyyətinin yüksəldilməsində böyük əhəmiyyət daşıyır.