Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 23-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirəcək.

 

Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 49 imtahan binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlayacaq və 3 saat davam edəcək.

 

DİM-in mətbuat xidmətindən bildirilib ki, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış, yəni saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd bakalavrların imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçən  bakalavrların əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

 

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 3 dən 13-dək aparılıb. İmtahanda iştirak üçün 15738 bakalavr ərizə təqdim edib. Onlardan 14434 nəfəri Azərbaycan bölməsi, 1304 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 7139 nəfəri oğlan, 8599 nəfəri isə qızlardır. Bakalavrlardan 8352-si cari ilin, 7386-sı isə əvvəlki illərin məzunlarıdır. 34 nəfər xarici ölkə vətəndaşıdır.

 

Bakıda 13347, Naxçıvanda 488, Gəncədə 1189, Mingəçevirdə 428, Lənkəranda 286 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 154 imtahan rəhbəri, 1580 nəzarətçi-müəllim cəlb olunacaq.

 

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 22-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.