Eşqi Bağırov: Məktəbəqədər təhsil pilləsi üzrə alternativ modellərin tətbiqi genişlənir
“Məktəbəqədər təhsil pilləsi üzrə alternativ modellərin tətbiqi genişlənir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 1 illik fəaliyyətinə dair bu gün təşkil olunan brifinqdə Agentliyin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinə qoşulan uşaqların sayı 20 min nəfərə çatıb:
“Alternativ modellərin tətbiqində məqsədimiz təhsilin ilk pilləsinə cəlb olunan uşaq sayını artırmaqdır. Daha çox uşağı təhsilin ilk pilləsinə cəlb etmək əsas hədəfdir”.
O əlavə edib ki, “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot proqramı ilə bağlı 2024-cü ilin yanvar ayından etibarən 16 layihə qrant qazanıb və layihə 500-ə yaxın uşağı əhatə edib:
“Qrant proqramının həyata keçirilməsində əsas məqsəd məktəbəqədər təhsildən kənarda qalan uşaqların məktəbəqədər təhsil xidmətləri ilə təmin edilməsi istiqamətində qrant vasitəsilə maliyyələşdirmə mexanizminin sınaqdan keçirilməsidir. 2017-ci ildə yaradılan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin məqsədi 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, icma əsaslı məktəbəqədər təhsil mərkəzlərinin yaradılması, valideyn birliklərinin yaradılması və məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Hazırda layihəyə cəlb edilən tərbiyəçi-müəllimlərin sayı 1088 nəfər, uşaqların sayının 20 min nəfərdir.
Davamlı peşəkar təlimlərə cəlb olunan tərbiyəçi-müəllimlər valideynlərlə birlikdə əməkdaşlıq edərək həm icma əsaslı məktəbəqədər təhsil qrupunda, həm də evdə uşaqlar üçün keyfiyyətli öyrənmə mühiti yaradıb. “Ailə tipli təlim qrupları, qısamüddətli, icma əsaslı məktəbəqədər qrupları” modelinin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların cəlb olunması üçün ictimai binalar, evlər və s. təlim qrupları yaratmaqdır”.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)