Bütün xəbərlər
10 mart, 13:43

“Azərbaycan müəllimi” qəzeti Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) ilə birgə həyata keçirdiyi “Çağdaş təhsildə təşkilatlanma” layihəsi çərçivəsində Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvü, yazıcı Elçin Əzimlinin məqaləsini təqdim edir:

Dilimizə yunancadan keçən ritorika sözü "nitq sənəti" mənasına gəlir. Sözləri gözəl və inandırıcı şəkildə ifadə etmə məharəti olan ritorika auditoriyanı düşünməyə, hiss etməyə və müəyyən bir fikrə inandırmağa yönəlmiş metodikadır. Qədim Yunanıstanda hüquq və siyasət sahələrində geniş istifadə edilən ritorika zamanla sərhədlərini genişləndirərək məktəblər də daxil olmaqla müxtəlif sahələrdə tətbiq olunmağa başlayıb. Qədim Yunanıstan və Romada ritorika təhsilin əsasını təşkil edirdi. O dövrlərdə tətbiq olunan və latın dilində “üç yol” mənasını verən “Trivium” təhsil modeli (qrammatika, ritorika, məntiq) tələbələrin hərtərəfli inkişafına imkan yaradırdı. 

Ritorika bir çox yunan aliminin maraq göstərdiyi mövzu olsa da, bu sahəyə ən ciddi töhfəni Aristotel verib. O, üç cildlik "Ritorika" əsərində bu mövzunu sistemləşdirərək fəlsəfi və praktiki bir elm sahəsinə çevirmişdi. Özünün ritorika nəzəriyyəsini “ethos”, “pathos” və “logos” məfhumlarının üzərində quran Aristotel bu sahənin psixoloji, sosial və mədəni aspektlərini ortaya qoyub. Aristotel təsirli ünsiyyətin üç əsas qaydasını belə müəyyənləşdirmişdi:

  • Ethos: Natiqin etibarlılığı və mənəvi dəyərləri
  • Pathos: Auditoriyanın hisslərinə təsir etmək
  • Logos: Auditoriyanı məntiqi əsaslar və dəlillərlə inandırmaq

Hazırda dilimizdə geniş istifadə olunan “Etika” sözü qədim yunan dilindəki “ethos”dan yaranıb və natiqin əxlaq və xarakterini təmsil edir. Aristotelin fikrincə, dinləyicilər etibarlı və əxlaqlı bir şəxsin nitqinə daha çox inanır və onun arqumentlərini qəbul etməyə daha meyillidirlər. Bu barədə Aristotel "Ritorika" əsərində belə yazırdı: "Yaxşı insanlara daha çox və asan inanırıq. Xarakter inandırmağın ən güclü və sadə yoludur".

“Pathos” qədim yunan dilində “duyğular” mənasını verən bir anlayışdır. Duyğular qərarların formalaşmasına təsir edən vacib amillərdən biridir və “pathos” insanlarda sevinc, kədər, qorxu, qəzəb, mərhəmət kimi duyğuları oyadaraq onların düşüncə və qərarlarını yönləndirir.  Aristotelə görə, “pathos” inandırma prosesində ən təsirli vasitədir, çünki o, auditoriyanın daxili dünyasında emosional dəyişikliklər yaradaraq onları natiqin məqsədinə uyğun şəkildə istiqamətləndirir. Bu yanaşmanın ən effektli yolu isə insanları öz daxili dünyalarına yaxınlaşdıran, onların öz həqiqi ehtiyaclarını əks etdirən hekayələrdən istifadə etməkdir. Natiq sadə, həqiqi və emosional dərinliyi olan hekayələr vasitəsilə dinləyicilərinin qəlbinə yol tapa bilər.

Aristotel belə deyirdi: "Yalnız məntiqlə inandırmaq çətindir".  Məntiq şübhəsiz əhəmiyyətlidir, lakin təkcə məntiqə əsaslanan bir yanaşma dinləyici ilə bağ qurmağa və onları hər hansı bir fikrə inandırmağa kifayət etmir.

“Logos” düşüncə və təhlil proseslərini dəstəkləyən, məntiqi yanaşmaya və faktlara əsaslanan bir anlayışdır. Bu anlayış insanları dəlillər və məntiqi əsaslarla məlumatlandırmağı məqsəd qoyur və qərar vermə prosesində rasionallığı təşviq edir. Ortaya qoyulan arqumentlər, faktlar və analitik yanaşmalar auditoriyanın qərəzli düşüncələrini və inamsızlığını aradan qaldıraraq məlumatın daha rahat qəbul edilməsinə fürsət yaradır. Logos yalnız nəzəri biliklərlə deyil, həm də konkret sübutlar, statistikalar və real təcrübələrlə dəstəklənən fikirlər təqdim edərək dinləyicinin düşüncə sərhədlərini genişləndirir. Bu yanaşma insanları daha dərindən düşünməyə və mövzuları ətraflı şəkildə təhlil etməyə şərait yaradır.

Ritorikanı təhsildə necə tətbiq edə bilərik?

Təhsil insanın öz potensialını reallaşdıraraq cəmiyyətdəki yerini tapmasına və həyatını daha mənalı şəkildə yaşamasına fürsət yaradan canlı bir prosesdir. Bu, yalnız bilik və bacarıqların qazanılmasından ibarət olmayıb, eyni zamanda, şəxsi inkişaf, tənqidi düşüncə qabiliyyətlərinin inkişafı və sosial münasibətlərin möhkəmləndirilməsi kimi mühüm sahələri əhatə edir. Təhsil “ethos” vasitəsilə insanın xarakterini və etik dəyərlərini formalaşdırmağa və özünü düzgün şəkildə təqdim etməyə kömək edir, “pathos” prinsipi ilə emosional əlaqələr quraraq sosial mühitin müsbət təsirini artırır. “Logos” isə şagirdlərin məntiqi və analitik düşünmə bacarıqlarını inkişaf etdirərək, onların daha rasional və obyektiv qərarlar qəbul etməsini asanlaşdırır. Beləliklə, bu üç yanaşma təhsilin yalnız akademik biliklərə deyil, həm də şagirdlərin şəxsiyyətinin formalaşdırılması və yumşaq bacarıqlarının gücləndirilməsi kimi vacib mövzulara yönəlməsinə fürsət yaradır.

Müəllimin sadəcə bilik ötürücüsü olmadığını unutmamalıyıq. O, eyni zamanda şagirdlərin ruhuna zərif toxunuşlar etməyi bacaran, onların düşüncələrini düzgün və faydalı suallarla zənginləşdirən həyat bələdçisi olmalıdır. Ritorika müəllimlə şagird arasında möhkəm ünsiyyət körpüsü quraraq, dərslərin daha dərin və təsirli şəkildə keçməsini təmin edən qiymətli bir metodikadır. O, dərsi monoton və darıxdırıcı bir məlumat axını olmaqdan xilas edərək canlı və maraqlı bir prosesə çevirə bilər.

Ethos - müəllimin etibarlılığı və xarakteri

Təhsilin keyfiyyətinə təsir edən faktorların başında şagirdin müəllimə olan güvəni və marağı gəlir. Bunlar müəllimin tədris etdiyi fənnin sevilməsi və düzgün qavranılması üçün motivasiya mənbəyidir. Təhsildə ethos müəllimlərin özlərini necə təqdim etmələri, öz fənlərinə nə qədər hakim olmaları və şagirdlərin onlara nə qədər güvənmələri ilə bağlı məfhumdur.

Nümunə:

Müəllim dərsə başlamadan əvvəl şagirdlərlə mehriban şəkildə salamlaşır və onların əhval-ruhiyyələri ilə maraqlanır. Dərsə başladıqdan sonra isə mövzunu sadəcə öyrətməklə qalmır, daha yaxşı mənimsənilməsi üçün şagirdləri aktiv müzakirəyə dəvət edir. Müzakirə zamanı hər kəsi diqqətlə dinləyir və suallara təmkinlə cavab verir. Səhv cavab və ya yanaşma eşitsə belə, uşaqları ruhdan salmır. Bunun əvəzinə belə deyir: "Sənin yanaşman maraqlıdır, gəlin birlikdə bu məsələni bir az da araşdıraq".

Bu tərz ünsiyyət şagirdlərin müəllimə güvənlərini möhkəmləndirir və dərsə marağını artırır. Nəticədə onlar dərs mühitində özlərini daha rahat və dəyərli hiss edirlər.

Müəllim sinifdə hər kəsə ədalətli yanaşmalı, şəffaf və obyektiv olmalıdır. O, şagirdləri bir-birləri ilə müqayisə edərək tərəfkeşlik etməməlidir. Müəllim verdiyi sözlərə əməl etməli, davranış və hərəkətləri ilə dürüstlüyünü və etibarlılığını əks etdirməlidir. O, şagirdlərin duyğularını anlamağa çalışmalı və onların ehtiyaclarına qarşı həssas davranmalıdır. Müəllimin empatiya bacarığı şagirdlərlə daha güclü əlaqələr qurmağa kömək edir və onların etibarını qazanmağa imkan yaradır.

Pathos - emosional təsir və empatiya

Pathos təhsildə şagirdlərin emosional dünyasına daxil olaraq onlara müsbət təsir göstərməyi hədəfləyir. Müəllim şagirdlərin duyğularını oyatmaqla onları dərs prosesində fəallığa təşviq edə bilər. Öyrənmə prosesinin daha təsirli və biliklərin daha yaddaqalan olmağını istəyiriksə, dərslər həyatdan maraqlı nümunə və hekayələrlə müşayiət olunmalıdır.

Nümunə:

Tarix dərsində II Dünya müharibəsindən danışan müəllim dərslə əlaqədar faktları təqdim etməklə yanaşı, müharibə zamanı yazılmış bir məktubu oxuyur:

"Bu, müharibəyə gedən bir əsgərin ailəsinə yazdığı son məktubdur..." – deyə müəllim məktubdan sitat gətirir. Daha sonra şagirdlərə belə bir sual verir:
"Təsəvvür edin ki, siz həmin dövrdə yaşayırsınız. Sizcə, bu məktubu alan ailə nə hiss edirdi?"

Bu cür emosional yanaşma şagirdlərdə empatiya yaradır və onların dərsə daha çox bağlanmasına, mövzunu daha dərindən hiss etməsinə səbəb olur. Quru faktların əvəzinə, tarix onların yaddaşında canlı bir təcrübəyə çevrilir.

Logos - məntiq və dəlil

Logos təhsildə şagirdlərin düşünmə qabiliyyətini inkişaf etdirmək və problemləri rasional şəkildə həll etmələrini təmin etmək üçün istifadə edilir. Məntiqə əsaslanan və təsdiqini tapmış məlumatlar şagirdlərin mövzuya həm güvənini artırır, həm də o mövzunu daha dərindən anlamağını təmin edir. Dərslər mövzu ilə əlaqədar faktlar, statistikalar və sübutlarla zənginləşdirildiyi təqdirdə daha yaddaqalan olur.

İndi isə gəlin, Nyutonun II qanununu misal götürək və bunu ritorik üslubda şagirdlərimizə izah edək.

1. Ethos (Etibarlılıq)

“Əziz uşaqlar, bu gün sizinlə birlikdə yenidən maraqlı bir zehni səyahətə çıxacağıq və bu səyahətimiz zamanı mən sizə böyük fizik İsaak Nyutonun kəşf etdiyi bir sirdən - onun II qanunundan danışacağam. İndi eşidəcəkləriniz təbiətin dilini başa düşməyə çalışan Nyutonun illərlə apardığı müşahidə və araşdırmalarının bəhrəsidir. Bu sirr kainatın necə işlədiyini sizə açacaq. Şəxsən mən bu qanunun qarşısında hər zaman heyrətlənmişəm və dünyadakı bəzi hadisələri daha yaxşı anlamağıma məhz bu qanun kömək edib”.

2. Logos (Məntiq)

“Nyutonun ikinci qanunu adlanan bu hadisəni sadə dildə belə tərif edə bilərəm: təsəvvür edin ki, əlinizlə bir topu itələyirsiniz. Nə qədər güclü itələsəniz, top o qədər sürətlə hərəkət edəcək. Amma top ağırdırsa, daha çox güc tələb olunur. Nyuton deyirdi ki, bir cismin hərəkətini dəyişmək, yəni sürətini artırmaq və ya azaltmaq üçün ona qüvvə tətbiq etmək lazımdır. Bu qüvvə cismin kütləsi və sürətlənməsi ilə birbaşa əlaqəlidir. Yəni cismin kütləsi nə qədər böyükdürsə, onu sürətləndirmək üçün bir o qədər çox qüvvə tələb olunur. Məsələn, eyni qüvvə ilə yüngül bir cisim daha çox sürətlənər, ağır cisim isə daha az sürətlənər.
Bu qanunu düsturla ifadə etsək, belə olar: F = m × a.

Bu öyrəndikləriniz sadə, amma dəyişməz həqiqətdir: kainatdakı hər şeyin hərəkəti bu düstura tabedir”.

3. Pathos (Emosiya)

“İndi isə bir anlıq gözlərinizi yumun və hiss edin: əlinizdəki kiçik bir topu itələyəndə, siz kainatın qanunlarını hərəkətə gətirirsiniz! Hər addımınızda, hər hərəkətinizdə, hər tullandığınızda bu qüvvə sizinlədir – o, səssizcə sizi daşıyır, dünyanı öz oxu ətrafında fırladır. Baxın, Nyuton bu qanunu kəşf etməsəydi, bəlkə də biz hələ də ulduzların rəqsini, maşınların gücünü, hətta insanın aya ilk addımını anlaya bilməzdik. Bu qanun sadəcə rəqəmlər deyil, bu, həyatın nəfəsidir! Nə düşünürsünüz, sizcə də bu, heyrətamiz deyilmi?

Əgər bu qüvvə olmasaydı, bizlər nə Yer üzündə qala bilərdik, nə də göylərə uça bilərdik. Bu qanunu öyrənməklə siz təkcə fizikanı deyil, həyatın özünü kəşf edirsiniz. Gəlin, bu qanunu yaxşı mənimsəyək və dünyanın bu vacib sirrini birlikdə kəşf edək!”

Gördüyümüz kimi, burada öyrənmədəki motivasiyanı artırmaq üçün “ulduzların rəqsi”, “həyatın nəfəsi” kimi metaforik ifadələrdən istifadə edərək şagirdlərdə vizual və emosional təsəvvür yaratmağa çalışdıq. Bununla yanaşı, “siz bu qüvvəni hər addımda hiss edirsiniz” kimi ifadələrlə şagirdlərin mövzunu öz həyatları ilə əlaqələndirməsinə fürsət yaratdıq.

Bu yanaşma fizikanı darıxdırıcı bir mövzu kimi deyil, şagirdlər üçün həyəcanverici bir macəra kimi təqdim edərək onların marağını daha da artırır.

Nəticə olaraq, təhsildə ritorikanın əhəmiyyəti böyükdür, çünki təhsil sadəcə akademik biliklərin ötürülməsi ilə məhdudlaşmır. Ritorika, müəllim və şagird arasında güclü bağlar yaradır, şagirdin düşüncə qabiliyyətlərini inkişaf etdirir və ona öz fikirlərini düzgün şəkildə ifadə etmə bacarığını qazandırır.

Təhsildə ritorik metodların tətbiqi tədris fənlərinin düzgün şəkildə mənimsənilməsi ilə yanaşı, şagirdlərin dünya görüşlərinin, davranış bacarıqlarının və şəxsiyyətlərinin inkişafı nöqteyi-nəzərindən də vacibdir. Bu yanaşma təhsil prosesini daha zəngin, maraqlı və məhsuldar edir, şagirdlərin öyrənməyə olan marağını artırır və gələcəkdə qarşılaşacaqları həyat imtahanlarında onların uğur qazanma şanslarını yüksəldir.

Şərhlər

Xəbər lenti

10 mart, 17:25

İkinci “Parla” təqaüd və inkişaf proqramının açılış mərasimi keçirilib

10 mart, 17:00

Yaxşı məktəb direktoru müəllimlərlə münasibətini necə qurmalıdır?  

10 mart, 16:47

301 nömrəli məktəbin direktor vəzifəsinin icrası MÜTDA-nın əməkdaşına həvalə edilib

10 mart, 16:09

LDU-da “Elm günü”nə həsr olunmuş görüş keçirilib

10 mart, 15:57

AzMİU-da tələbələr keramika sənətinin incəliklərini öyrəniblər

10 mart, 15:57

Geomaqnit qasırğası gözlənilir

10 mart, 15:15

Şagirdlərin liderlik bacarıqları inkişaf etdirilir 

10 mart, 15:07

Universitet və kolleclərə sənəd verə bilməyənlər üçün ŞANS 

10 mart, 15:06

Neftçalanın kənd məktəbinin 6 şagirdi RFO-nun finalçısı olub

10 mart, 15:00

Yeniyetmələrin psixoloji dayanıqlığı: imtahan stresinin idarə olunması

10 mart, 14:09

Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub

10 mart, 13:36

Ekran uşağınızı sizdən alır! - Bütün valideynlər bu yazını OXUSUN

10 mart, 13:01

“Sağlam nəsil-parlaq gələcək” layihəsinə başlanılıb

10 mart, 12:13

“Müasir metodist” layihəsinin iştirakçıları üçün müsahibə mərhələsinə başlanılır

10 mart, 11:57

Kənd məktəbinin 5 finalçısı – İki qardaş müəllimin ortaq əməyi 

10 mart, 11:55

Bakının 30-dan çox təhsil müəssisəsində uşaqlar icbari dispanserizasiyadan keçirilib

10 mart, 11:39

"Təhsildə yeni çağırışlar və müasir həllər" mövzusunda təlim keçirilib

10 mart, 11:35

Ucar rayonu üzrə təhsil sektorunun müdirinə xəbərdarlıq edilib

10 mart, 10:39

Rəqəmsal platformada valideynlərin sayı şagirdlərdən daha çoxdur – REPORTAJ 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.