Bütün xəbərlər
23 oktyabr, 12:35

Müasir təhsil sistemi tələbəyönümlülüyü ilə fərqlənir. Çox deyil, 5-10 il əvvəlki illərlə müqayisə edəndə bunu daha aydın görmək olur. İndi tələbə sadəcə “əlaçı”, “zərbəçi” təqaüdü gözləmir, onun təqaüd imkanları kifayət qədər genişlənib. Dövlətdən aldığı təqaüddən savayı, universitetlərdən, hətta ali məktəblərin qurduğu əməkdaşlıqlar sayəsində özəl müəssisələrdən belə təqaüd alanlar var.

Tələbə ayda 550 manat təqaüd ala bilər

Mütəmadi artan dövlət təqaüdlərini tələbələrin böyük hissəsi alır. Bu ilin iyul ayında ali təhsilin bütün səviyyələri üzrə, eləcə də peşə, orta ixtisas təhsili alan tələbələrin təqaüdləri artırılıb. Üstəlik, hər il 102 nəfərə Prezident təqaüdü də verilir və standart tələbə təqaüdləri kimi, Prezident təqaüdünün də məbləği artırılaraq 275 manatdan 350 manata qaldırılıb. Beləliklə, akademik göstəriciləri yüksək olan tələbə, məsələn,  “əlaçı” təqaüdü ilə yanaşı, Prezident təqaüdü də alarsa, ay ərzində təxminən 550 manat pul ala bilər. 

Məsələn, Prezident təqaüdünə layiq görülənlərdən biri Cabir Ömər Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olunub: “Prezident təqaüdü, Əlaçı təqaüdü və UNEC-in daxili təqaüdünü əldə edəcəyəm. Bu təqaüd bir motivasiya mənbəyi rolu oynayır mənim üçün. Təqaüdü şəxsi ehtiyaclarım üçün xərcləyəcəyəm. Gündəlik xərclərimi - nəqliyyat, geyim və digər vacib ehtiyaclarımı onunla ödəyəcəyəm. Bu, həm də ailəmin üzərindəki maddi yükü azaltmağa kömək edəcək”.

UNEC-də bəzi tələbələrin təqaüdləri 1000 manata qədər çatır

Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirib ki, 600-dən yuxarı bal toplayaraq qəbul olunanlar və UNEC-i seçən respublika və beynəlxalq fənn olimpiadalarının qalibləri universitetin xüsusi təqaüdünü alırlar. Odur ki, həmin tələbələrin təqaüdləri 1000 manata qədər çatır: “I kursun I semestrində 100 manat UNEC-in xüsusi təqaüdüdür. Bir semestr boyu UNEC-in tələbəsi olan Prezident təqaüdçüləri 650 manat alacaqlar. Yuxarı kurslarda “PASHA holding”in “Əlaçı” təqaüdünü alanlar var, bu təqaüd 300 manata yaxındır. Bundan əlavə,  bütün kurslar üzrə hər semestr “Top-15” təqaüdü təyin edilir. Semestrin nəticələrinə görə hər kurs üzrə ən yüksək bal toplayan 15 tələbəmizə  UNEC-in “Əlaçı” təqaüdü də təyin edilir. Bu təqaüdün məbləği də 200 manatdır”.   

AzMİU-nun tələbələri şirkətlərdən də təqaüd alırlar

Azərbaycan Memarlıq və İnşaat Universitetində də dövlət təqaüdündən başqa imkanlar da var.  Məsələn, tələbə SABAH qruplarında təhsil alırsa, buna görə də əlavə 70 manat alır. Sözügedən ali təhsil müəssisəsinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev bildirib ki, 500-600-dən yuxarı bal toplayan tələbələr motivasiya təqaüdü də alır. 500-dən yuxarı balla universitetə qəbul olunanlara 150 manat, 600-dən yuxarı balla AzMİU-nu seçənlərə 250 manat təqaüd verilir. 

Universitetlə istehsalat əməkdaşlığı çərçivəsində tələbələrə ayrı-ayrı şirkətlər də təqaüd verirlər. Belə ki, orta müvəffəqiyyət göstəricisi yüksək olan tələbələr istehsalat müəssisələrindən adlı təqaüd alırlar. 

Bu il Azərbaycan Memarlıq və İnşaat Universitetinə 648.6 balla qəbul olunan Nuranə İbrahimova ilk tədris ilində ən yüksək təqaüd alan tələbədir.

ADPU-da təqaüd imkanları: bu ildən “UĞUR” təqaüdü də verilir

“250 manat Heydər Əliyev adına təqaüd alan tələbəmiz 200 AZN əlaçılığa, SABAH-da oxuyursa, 50 AZN də buna görə ala bilər.  Qəbul olanda “Gələcəyin müəllimi”nə düşərsə, ona görə də 100 manat ala bilər. Nəzəri olaraq, ADPU-ya qəbul olan tələbənin təqaüdü 800-1000-ə qədər çıxa bilər”.

Bunu ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev “Azərbaycan müəllimi”nə Azərbaycan Dövlət Pedaqoji Universitetində təqaüd imkanlarından danışarkən deyib. Onun sözlərinə görə, dövlət sifarişi və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, əyani təhsil alan tələbələrə təqaüd onların ümumi orta müvəffəqiyyət göstəricilərinə (ÜOMG) görə təyin edilir. Bundan əlavə, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-2020-ci tədris ilindən etibarən artırılmağa başlanılıb. Hazırda ADPU-da bu nisbət 70 faizə qədərdir: “İmtahan sessiyasından sonra fakültələrdə tələbələrin həmin semestr üçün ÜOMG-nə əsasən (ən yüksək nəticə göstərənlər) təqaüd alanların siyahısı müəyyən olunur. Əlavə olaraq, universitetdə elm və təhsil nazirinin əmrinə əsasən, 2017-ci ildən SABAH qruplarının tələbələrinə məqsədli təqaüd təyin olunur. 2014-cü ildən qəbul imtahanlarında 500-dən çox bal toplayan və ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edənlər Elm və Təhsil Nazirliyinin aylıq 100 manat məbləğində “Gələcəyin müəllimi” təqaüdünü almaq hüququ qazanırlar”.

ADPU-da 2025-2026-cı tədris ilindən etibarən “UĞUR” xüsusi təqaüd proqramı elan edilib. Proqram çərçivəsində 600 bal və daha yüksək nəticə ilə Azərbaycan Dövlət Pedaqoji Universitetini seçən ilk 10 tələbə ilk tədris ilinin birinci semestri ərzində aylıq 200 AZN dəyərində xüsusi “UĞUR” təqaüdü alacaq.

600 bal və daha yüksək nəticə ilə universitetə qəbul olunan ilk 10 tələbəyə 1 il ərzində “Firidun bəy Köçərli” təqaüdü verilir. Təqaüdün məbləği ayda 125 manatdır.

ADPU tələbələri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin təqaüdünü də alırlar. Belə ki, hər semestr ADPU ETHİK-in üzvü olan ictimai fəal və akademik göstəriciləri yüksək olan 14  tələbəyə 300 manat məbləğində birdəfəlik təqaüd verilir. 2025-2026-cı tədris ilindən etibarən ADPU ETHİK tərəfindən hər il bakalavriat səviyyəsi üzrə ixtisas seçimində birinci yerdə ADPU-ya ən yüksək nəticə ilə qəbul olunan tələbəyə 400 AZN, ADPU-nun filialları və magistratura səviyyəsinə ən yüksək balla qəbul olunan tələbəyə isə 500 AZN məbləğində birdəfəlik xüsusi təqaüd verilir. 

Qeyd edək ki, təqaüdün təyinində ən yüksək balla qəbul olunmaqla yanaşı, ixtisası birinci yerdə yazmaq tələbi yalnız ADPU-nun bakalavriat səviyyəsinə aiddir, magistratura səviyyəsi və filiallara, sadəcə ən yüksək balla qəbul olunmaq bu təqaüdü almağa əsas verir.

ADPU-nun Elmi Şurasının müvafiq qərarlarına əsasən, hər il ADPU-ya ən yüksək balla qəbul olunan və imtahan sessiyaları dövründə ÜOMG-si yüksək olan tələbələrə isə adlı təqaüdlər təyin olunur. Hazırda 14 belə təqaüd var.

Pedaqoji Universitetdə 250 manat məbləğində Heydər Əliyev adına təqaüd, 204 manat təşkil edən Nizami Gəncəvi adına, Abbasqulu ağa Bakıxanov adına, Qafur Rəşad Mirzəzadə adına, Üzeyir Hacıbəyli adına, Akademik Həsən Abdullayev adına, Akademik Zahid Xəlilov adına, Akademik Yusif Məmmədəliyev adına, Akademik Mehdi Mehdizadə adına, Bəxtiyar Vahabzadə adına, Lütfi Zadə adına, Xəlil Rza Ulutürk adına təqaüdlər və 125 manat dəyərində Firidun bəy Köçərli adına təqaüdlər var. Həmin təqaüdlər tələbələr üçün, sadəcə sosial rifahlarına təsir edən amil deyil, həm də rəqabət mühiti yaradır.

Anar Yusifov üçün isə həm də stimul olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin “Türk dili və ədəbiyyatı” ixtisasının III kurs tələbəsidir. Yüksək təqaüd alan tələbələrdəndir: “Heydər Əliyev adına təqaüd elan olunanda ixtisasımızda təqaüd üçün 1 yer vardı. Həmin yerə də maksimum ortalama imtahan balları tələbi qoyulub. Mən də imtahanlara daha ciddi hazırlaşdım, çox səy göstərdim və buna nail oldum. Heydər Əliyev adına təqaüdə düşdüyümü bildikdə çox sevindim. Çünki məbləğdən asılı olmadan təqaüd bir tələbə üçün çox önəmlidir. Mənim üçün təqaüd ailə vəziyyətimlə bağlı olaraq çox əhəmiyyətlidir”.

Bəs filiallarda da həmin təqaüdlər qüvvədədirmi?

Taleh Mirzəyevin sözlərinə görə, ADPU-nun yalnız 2 filialında - Quba və Şamaxı filiallarında adlı təqaüdlər var. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Heydər Əliyev adına təqaüd III, IV va V kurslarda ÜOMG-si ən yüksək olan tələbələrə verilir və məbləği 100 manatdır.

Dəyəri 50 manat olan Nadir İbrahimov adına təqaüd “Riyaziyyat müəllimliyi” və “Riyaziyyat və informatika müəllimliyi” ixtisaslan üzrə semestr ərzinda ÜOMG-si ən yüksək olan tələbəyə, Səməd Vurğun adına təqaüd “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” və “Xarici dil müəllimliyi” ixtisasları üzrə semestr ərzində ÜOMG-si ən yüksək olan tələbəyə, Abbasqulu ağa Bakıxanov adına təqaüd “Məktəbəqədər təhsil ixtisası üzrə semestr ərzində Diplom ortalama müvəffəqiyyət göstəricisi (DOMG) ən yüksək olan tələbəyə, Fətəlixan adına təqaüd “Tarix müəllimliyi”, “Coğrafiya müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi” və “Sosial iş” ixtisasları üzrə semestr ərzində ÜOMG-si ən yüksək olan tələbələrə, Badisəba Köçərli adına təqaüd “İbtidai sinif müəllimliyi” ixtisası üzrə DOMG-si ən yüksək olan tələbəyə, Kübrə Fərəcova adına təqaüd “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə DOMG-si ən yüksək olan tələbəyə verilir.

Lənkəranda bakalavriat səviyyəsi üzrə 420, magistratura səviyyəsi üzrə 480 manat

Lənkəran Dövlət Universitetində 1880 tələbəyə dövlət sifarişli yer əsasında təqaüd təyin edilib. Həmin tələbələrdən 30-u əlaçı təqaüdü alır. Bakalavriat səviyyəsi üzrə adi təqaüd 110 manat, həvəsləndirici təqaüd 160 manat, əlaçı təqaüdü 200 manat, magistratura səviyyəsi üzrə adi təqaüd 120 manat, həvəsləndirici təqaüd 180 manat, əlaçı təqaüdü  240 manatdır. Universitetdə ən yüksək təqaüd alan “Xarici dil müəllimliyi” (ingilis dili üzrə) ixtisasının III tədris ili tələbəsi Zeynəb Süleymanova  olub və ona 330 manat ödənilib.

Universitetin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki, Lənkəran Dövlət Universitetində də tələbələr bir neçə təqaüdü eyni vaxtda ala bilər: “Buna misal olaraq dövlət sifarişi hesabına ayrılmış təqaüdü, həm də valideyn himayəsindən məhrum olan tələbələrə ödənilən ikiqat təqaüdü göstərmək olar. Təqaüdlərin ən yüksək məbləği bakalavriat səviyyəsi üzrə 420, magistratura səviyyəsi üzrə 480 manat müəyyənləşdirilib. Həmçinin əcnəbi tələbələrin LDU-ya cəlb edilməsi üçün “universitet təqaüdü” adı altında bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrə universitetin daxili büdcəsindən həvəsləndirici təqaüdalma forması miqdarında 160 manat məbləğində təqaüd ayrılır”.

MDU-da yüksək nəticə göstərən 20 tələbəyə birdəfəlik təqaüd 

2024-2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələrinə əsasən, dövlət təqaüdü almayan, lakin fakültələr üzrə ən yüksək nəticə göstərən 30 bakalavr və 5 magistr birdəfəlik 500 manat məbləğində “Rektorun fəxri təqaüdü”nü alacaqlar.

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Qurban Qurbanzadənin sözlərinə görə, təqaüd alan tələbələrin müəyyənləşdirilməsi zamanı onların imtahan sessiyası üzrə ümumi akademik nəticələri, təqaüd şərtlərinə uyğunluğu və dövlət təqaüdü almamaları əsas götürülür.

Hazırda Mingəçevir Dövlət Universitetində Elm və Təhsil Nazirliyinin təsis etdiyi “Gələcəyin müəllimi” təqaüdü də verilir. 

Bu tədris ilində MDU-ya qəbul olunmuş 500-dən yuxarı ballı 20 tələbəyə birdəfəlik təqaüdlər verildi. 500-550 bal arası 600, 550-600 bal arası 800 və 600-700 bal arası olanlara 1000 manat məbləğində təqaüd nəzərdə tutulub.

Mingəçevir Dövlət Universitetinin 6 tələbəsi - Səadət Atakişiyeva, Arzu Ramazanova, Gülnarə Mirzəliyeva, Səbinə Şirinova, Tamara Həsənova və Aytac Babayeva Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Adlı təqaüd”nə layiq görülüb. 

Bu il Mingəçevir Dövlət Universitetinə qəbul olunan Şəbnəm və Aysel  birdəfəlik 1000 manat təqaüd alıb. Şəbnəm 638, Aysel 620 balla MDU-nu seçib. Həmçinin başlanğıc olaraq həvəsləndirici, daha sonra zərbəçi və ya əlaçı təqaüdü ala bilərlər. Onlar “Gələcəyin müəllimi” təqaüdü də alacaqlar.

Universitetin sözçüsü bildirib ki, gələcəkdə bu təqaüdlərin sayının artması ilə bağlı işlər gedir: “Son Elmi Şurada qəbul edilmiş qərara əsasən, mərhum iqtisadçı, professor Akif Musayevin adına təqaüd təsis edilib. Bundan əlavə, Türkiyədə yerləşən otellərdə təcrübə keçəcək turizm yönümlü ixtisaslarda təhsil alan tələbələrə də təqaüdün verilməsi, energetiklər təqaüdünün də təsis edilməsi nəzərdə tutulur.

Ümid edirik ki, ildən-ilə artan təqaüd imkanları tələbələrin təhsil, elm istiqamətində özlərini inkişaf etdirməsində faydalı olacaq.

Şərhlər

Xəbər lenti

23 oktyabr, 17:41

2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması və müsahibə mərhələsi bitib

23 oktyabr, 16:55

Direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu başlayıb

23 oktyabr, 15:32

Uşaqlar niyə dərsə həvəslərini itirirlər? -Motivasiyanı gücləndirən amillər

23 oktyabr, 12:03

Daha bir məktəb direktoru vəzifəsindən azad edildi

23 oktyabr, 11:39

Süni intellekt SAF-ın əsas istiqamətlərindən biri olacaq - İqrar Nəzərov

23 oktyabr, 11:35

Ali təhsil pilləsində STEAM tədrisi genişlənir

23 oktyabr, 11:16

Naxçıvanda Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri keçiriləcək

23 oktyabr, 11:08

Daşkəsən rayonunda ümumi təhsil müəssisələrinə baxış keçirilib

23 oktyabr, 11:00

ADPU-da müasir müəllim bacarıqları mövzusunda görüş keçirilib

23 oktyabr, 10:50

BSU-da Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvləri ilə seminar baş tutacaq

23 oktyabr, 10:43

Layihə rəhbəri: STEAM dərsləri müxtəlif proqramlar üzrədir

23 oktyabr, 10:37

Musiqi və incəsənət sahələri üzrə işləmək istəyənlərin NƏZƏRİNƏ

23 oktyabr, 10:25

“Milli Proqram”a qeydiyyat davam edir

23 oktyabr, 09:30

STEAM təlimi bütün fənlərlə inteqrasiya ediləcək

22 oktyabr, 18:53

AzTU-da əcnəbi tələbələr üçün maarifləndirici tədbir keçirilib

22 oktyabr, 18:49

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM 

22 oktyabr, 17:25

Şagirdlərin dərsi həqiqətən mənimsədiyini necə öyrənə bilərik? - 5 SADƏ ADDIM

22 oktyabr, 15:33

VII sinif şagirdi məktəbin pəncərəsindən yıxılıb - Rəsmi açıqlama

22 oktyabr, 15:31

ABŞ-də yeni məktəb modeli: Hər gün yalnız 2 saat akademik dərs  

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.