Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın
14-də Mingəçevir şəhərində şahmat məktəbi
binasının açılışında iştirak etmişlər.
Dövlətimizin
başçısı açılışı bildirən lenti kəsdi, binada
yaradılmış şəraitlə tanış oldu.
Məlumat verildi ki, 1986-cı ildə inşa olunmuş
şahmat məktəbinin binasında əsaslı təmir və
yenidənqurma işlərinə ötən ilin aprelindən
başlanılmışdır. Şahmat məktəbinin yerləşdiyi 2
hektar ərazi tamamilə abadlaşdırılmış,
yaşıllıqlar salınmış, müasir işıqlandırma
sistemi quraşdırılmış, açıq səma altında xüsusi
şahmat meydançası yaradılmışdır.
Binada eyni vaxtda dörd ayrı dərs üzrə 32
idmançının şahmatın sirlərinə yiyələnmələri üçün
hər cür şərait yaradılmışdır. Sinif otaqları
şahmat taxtaları, saat və kompüterlərlə təchiz
olunmuşdur. Burada dərs prosesini izləmək üçün
videokameralar quraşdırılmışdır. Beynəlxalq və
respublika əhəmiyyətli yarışlarda nailiyyətlər
qazanmış yerli şahmatçıların şəkillərindən
ibarət fotoguşə məktəbin uğurlarını əks etdirir.
Məktəbdəki inzibati otaqlar və yarış zalı da
şahmata aid bütün lazımi avadanlıq və
vəsaitlərlə təchiz edilmişdir. Ümumi sahəsi 300
kvadratmetr olan yarış zalında eyni vaxtda 68
şahmatçı öz bacarığını sınaya bilər.
Mingəçevir şahmatçıları son 5 ildə bir sıra
beynəlxalq yarışlarda fərqlənmişlər. Şahmatçılar
Sənan Quliyev, Fərid Şirinov və Zeynəb
İsmayılzadə dünya və Avropa birinciliklərində
uğurla çıxış etmişlər.
Dövlətimizin başçısı balaca idmançı ilə şahmat
oynadı.
Bina ilə tanış olan Prezident İlham Əliyev
burada yaradılmış şəraitdən razılığını bildirdi.
Sonda dövlətimizin başçısı və xanımı Mehriban
Əliyeva uşaqlarla xatirə şəkli çəkdirdilər.
AzərTAc |