Bəşəriyyət tarixində müəllimin müdrik insanlar
arasında həmişə xüsusi yeri olub. Əsl müəllim
yüksək mənəvi keyfiyyətlər sahibidir. Məhəmməd
peyğəmbər (s.ə.s) buyurur ki, müəllimin, alimin
mürəkkəbi şəhidin qanından zirvədədir!
Bir müdrikdən soruşurlar ki, atanı çox
istəyirsən, yoxsa müəllimini?! Cavab verir ki,
müəllimimi! Çünki atam mənə fani dünyamı bəxş
edib, müəllimim isə əbədi dünyamı!
2009-cu il mayın 16-da əbədiyyət karvanına
qoşulub getmiş respublikanın əməkdar müəllimi
Xasay Abıyev 52 il fasiləsiz Sabirabad rayonunda
gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşdur.
1935-ci ildə Sabirabad rayonunun Qaralar
kəndində dünyaya göz açmış bu işıqlı zəka sahibi
1952-ci ildə Ulacalı kənd orta məktəbini,
1957-ci ildə N.Tusi adına Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun fizika-riyaziyyat
fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1957-ci ildən ömrünün sonuna - 2009-cu ilin
mayınadək pedaqoji sahədə çalışmış Xasay müəllim
nəsillərə nümunə olan bir ömür yaşamışdır.
Xasay müəllim xeyirxahlıq, təvazökarlıq,
sadəlik, ekstremal vəziyyətlərdən operativ
çıxmaq bacarığı, qətiyyət, polad və misilsiz
iradə kimi yüksək insani keyfiyyətləri özündə
birləşdirirdi və şagirdlərini də bu ruhda
tərbiyələndirməyə çalışırdı. O, qızıldan
qiymətli vaxtı həmişə düzgün bölürdü və
şagirdlərini də su kimi axıb gedən və insana bir
dəfə verilən ömür saatlarını xeyirli işlərə sərf
etməyə səsləyirdi.
Xasay müəllim ömrü boyu alın təri ilə yaşayan,
fasiləsiz 52 il müəllim titulunu şərəflə,
vicdanla, namusla çiyinlərində daşıyan əməksevər
bir müəllim idi.
Pedaqoji sahədə səmərəli fəaliyyətinə görə
1970-ci ildə o, "SSRİ maarif əlaçısı" döş
nişanına, 1978-ci ildə "Metodist müəllim" adına
və "Respublikanın əməkdar müəllimi" fəxri adına,
1983-cü ildə "Əmək şöhrəti" ordeninə, 1994-cü
ildə ali kateqoriyalı müəllim adına layiq
görülmüşdür.
Xasay Abıyev gözəl ailə başçısı, 3 övlad atası
olub. Hər üç övladı Bakı Dövlət Universitetini
bitirib, elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 6
nəvəsi var. Onlar da Azərbaycanın müxtəlif ali
məktəblərində təhsil alırlar.
İllər keçəcək. Dünyaya yeni-yeni nəsillər gəlib
gedəcək. Saf zəka, doğru təlim, əxlaqi təmizlik
faktorlarını özündə cəmləşdirən Xasay müəllim
yaddaşlarda həmişə qalacaq!
Namiq ŞÜKÜROV,
fizika-riyaziyyat
elmləri üzrə fəlsəfə doktoru |