Oktyabrın 9-da Təhsil Nazirliyində Ölkə
Prezidentinin sərəncamları ilə Beynəlxalq
Müəllimlər Günü ərəfəsində orden və medallara,
fəxri adlara layiq görülmüş təhsil işçilərinə
mükafatların təqdim olunması mərasimi keçirildi.
Mərasim iştirakçılarını səmimi salamlayan təhsil
naziri
Misir Mərdanov hər il olduğu kimi bu il də
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sərəncamları ilə peşə bayramları
ərəfəsində bir qrup təhsil işçisinin orden və
medallarla, "Əməkdar müəllim" fəxri adı ilə
təltif olunduğunu, bu gün məhz həmin
mükafatları sahiblərinə təqdim etmək üçün
yığışdıqlarını bildirdi. Təqdimetməyə
başlanmazdan əvvəl nazir Azərbaycanın tanınmış
müəllimi və təhsil təşkilatçısı, uzun illər
təhsilimizə fədakarlıqla xidmət etmiş
respublikanın əməkdar müəllimi Aliyə Təhmasibin
bu günlərdə fəxri təqaüdə yola salındığını, bu
münasibətlə 132-134 nömrəli təhsil kompleksində
təsirli bir yolasalma mərasimi keçirildiyini
xatırlatdı. Fəxri təqaüdə çıxması ilə əlaqədar
Aliyə Təhmasibi təbrik edən nazir onun zəngin
bioqrafiyasının bəzi məqamlarını diqqətə
çatdırdı. Qeyd etdi ki, bütün həyatını
Azərbaycan təhsilinin inkişafına həsr etmiş
Aliyə Təhmasib Azərbaycan təhsilinin adını daim
uca edən insanlardandır. Nazir işlədiyim son 13
ildə Aliyə Təhmasib haqqında yalnız müsbət
fikirlər eşitmişəm.
Aliyə xanımın rəhbərlik etdiyi kollektivdə və
pedaqoji ictimaiyyət arasında böyük hörmət və
nüfuz sahibi olduğunu vurğulayan nazir onun hələ
sovet dönəmində SSRİ və Azərbaycan SSR ali
sovetlərinin deputatı seçildiyini, bir sıra
dövlət təltifləri ilə mükafatlandırıldığını,
2007-ci ildə cənab Prezidentin sərəncamı ilə
fəxri Prezident təqaüdünə layiq görüldüyünü
bildirdi. Nazir yolasalma mərasimində yenidən
qurulduqdan sonra istifadəyə verilmiş 132-134
nömrəli təhsil kompleksinin fəxri direktoru
seçilmiş Aliyə Təhmasibin bundan sonra da təhsil
ocağı ilə sıx əlaqə saxlayacağına umidvar
olduğunu ifadə etdi. Misir Mərdanov A.Təhmasibə
Təhsil Nazirliyinin təbrik məktubunu və gül
dəstəsini təqdim etdi, ona uzun ömür və
cansağlığı arzuladı.
Sonra təltiflərin təqdimatı başlandı. Nazir öncə
Azərbaycan Prezidenti İlham Əliyevin 21 yanvar
2010-cu il tarixli sərəncamı ilə "Şöhrət"
ordeninə layiq görülmüş Azərbaycan Dövlət
Pedaqoji Universitetinin rektoru, AMEA-nın
müxbir üzvü Yusif Məmmədovu təbrik edib mükafatı
ona təqdim etdi. Y.Məmmədovu Azərbaycanın böyük
riyaziyyatçısı kimi dəyərləndirən təhsil naziri
onun ADPU-ya rektor təyin olunduqdan sonra
burada gördüyü işlərdən, həmin işlərin
nəticəsində qısa müddət ərzində universitetdə
yaranmış müsbət dönüşdən söz açdı.
Daha sonra Ölkə Prezidentinin 4 oktyabr 2010-cu
il tarixli sərəncamı ilə "Şöhrət" ordeninə layiq
görülmüş Sumqayıt Dövlət Universitetinin
rektoru, professor Nadir Qəhrəmanov, 289 nömrəli
orta məktəb - "Zəngi" liseyinin direktoru Bayram
Heydərova mükafatlar təqdim olundu. Nazir
B.Heydərovun ümumi təhsil sistemində çalışanlar
arasında bu cür yüksək mükafata layiq görülmüş
4-cü adam olduğunu, təltifləri möhtərəm
Prezidentimizin təhsilə, təhsil işçilərinə
göstərdiyi diqqət və qayğısının daha bir
nümunəsi kimi dəyərləndirdiklərini nəzərə
çatdırdı və bütün bunlara görə təhsil işçiləri
adından ölkə başçısına minnətdarlığını bildirdi.
Nazir qeyd etdi ki, Ölkə Prezidentinin
sərəncamları ilə Beynəlxalq Müəllimlər Günü
ərəfəsində Azərbaycan təhsilinin inkişafında
xidmətlərinə görə 73 təhsil işçisi "Tərəqqi", 3
nəfər "Dövlət qulluğunda fərqlənməyə görə"
medalları ilə təltif olunub, 70 nəfərə "Əməkdar
müəllim" fəxri adı verilib.
Təltif olunanlara mükafatlar təqdim edildi.
Sonra xatirə şəkli çəkdirildi.
Təltif olunanlardan bir neçəsi çıxış edərək
onların əməyinə verilən yüksək qiymətə görə
Azərbaycan Prezidenti cənab İlham Əliyevə
minnətdarlıqlarını bildirdilər.
Yusif ƏLİYEV |