Universitetlər online təhsilə daha çox önəm vermək məcburiyyətindədirlər


Son bir neçə müddətdir dünya gündəmini tamamilə zəbt etmiş koronavirus bəlası hamının ən çox maraqlandığı və narahat olduğu bir mövzuya çevrilmişdir. Öz coğrafiyasını durmadan genişləndirən bu “arzuolunmaz qonaq” qlobal olaraq bütün sahələri - iqtisadiyyatı, siyasəti, mədəniyyəti, maliyyəni, turizmi və s. öz ritmindən çıxara bilmiş, indi də daha çox insanın əhatə olunduğu təhsil prosesinə təsirini göstərməkdədir.

 

Heç şübhəsiz ki, insanın sağlamlığının hər şeydən önəmli olunduğu nəzərə alınaraq bütün dünyada adekvat addımlar atılmağa başlanmışdır, o cümlədən də Azərbaycanda. Nazirlər Kabinetinin müvafiq qərarı ilə yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına, bütün kütləvi tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılmışdır. Heç şübhəsiz ki, çox lazımlı və vaxtında atılmış addım oldu.

 

Bəs, bu bəlanın yayıldığı digər ölkələrdə təhsil sahəsində hansı addımlar atılmışdır?

 

Bu həftənin əvvəlinə olan məlumata görə, 70-dən çox ölkəni bürüyən bu virusla 90000-dən çox insan yoluxmuşdur və bu say durmadan artır. Avropada, daha çox da İtaliyada qeyd olunan yoluxma halına görə bu ölkənin şimal hissəsində yerləşən universitetlərdə artıq iki həftədir ki, dərslər dayandırılmışdır. Dünəndən başlayaraq isə bu tədbirlər İtaliyanın digər bölgələrində də həyata keçirilməyə başlanmışdır. Vəziyyətdən çıxış yolu kimi universitet professorları hələlik on-line dərslər vasitəsilə müəyyən olunmuş proqramı yerinə yetirirlər və ümid edirlər ki, bir neçə həftədən sonra normal dərslərə başlayacaqlar. Müəllimlər öz normal işlərinə davam edirlər, tələbələr də istədikləri zaman onlara ofis saatlarında baş çəkə bilərlər.

 

Əksər ölkələrdə beynəlxalq əhəmiyyətli akademik tədbirlər - konfranslar, simpoziumlar, forumlar, hamısı təxirə salınmışdır.

 

ABŞ-ın Xəstəliklərə Nəzarət və Onlardan Qorunma Mərkəzləri ali təhsil müəssisələrinə məsləhət görüb ki, xəstəliyin daha geniş yayılması səbəbindən beynəlxalq tələbə mübadiləsi proqramlarını, eyni zamanda xarici qonaqların kampuslara səfərlərini aprel ayının 15-nə kimi müvəqqəti də olsa dayandırsınlar. Nyu-York Universitetinin Abu Dabidəki filialı da artıq bu istiqamətdə öz addımını  atmışdır.

 

Bir çox Böyük Britaniya məktəbləri COVİD-19-dan qorunmaq üçün bağlanmışdır. Universitetlər isə hələ ki, öz fəaliyyətlərini normal surətdə davam etdirməklə bərabər müəyyən qabaqlayıcı tədbirlər də görürlər. Bununla belə, onlar üçün də belə bir ssenarinin olmasını istisna etmirlər. İngiltərənin İctimai Səhiyyə Departamentinin direktoru Paul Kosfordun mart ayının 2-də verdiyi müsahibəsində koronavirusun geniş yayılma ehtimalı yüksək olaraq qalır. Londondakı İmperial Kollecin statistik epidemiologiya professoru Krist Donnelli bildirir ki, mümkündür ki, bir çox universitetlər bir müddətə öz qapılarını bağlasınlar. Böyük Britaniya hökumətinin Təhsil və Səhiyyə Departamentləri fevral ayının 28-də təhsil müəssisələri üçün nəzərdə tutulan COVİD -19 adlı birgə təlimat hazırlayıb təsdiqləmişlər. Təlimatda şagirdlər, tələbələr, valideynlər, müəllimlər, rəhbər işçilər üçün bütün lazımi məlumat öz əksini tapmışdır. Dərslərin bağlanmasını isə yerli şəraitdən, vəziyyətdən asılı olaraq həyata keçirmək tövsiyə olunur.

 

Mütəxəssislərin gəldiyi qənaət ondan ibarətdir ki, lazımi anda dərslərin bağlanması və karantinlərin tətbiqi xəstəliyin yayılmasını zəiflədər və ambulator xəstələrin sayında azalmalar baş verər.

 

Boston Kollecinin Beynəlxalq Ali Təhsil Mərkəzinin təsisçi direktoru Filip Altbax qeyd edir ki, heç şübhəsiz, gələn il xarici tələbə qəbulu bundan çox ziyan görəcək.

 

Maliyyəsinin mühüm bir hissəsini xarici tələbə qəbulu təşkil edən ABŞ universitetləri sənəd qəbulu vaxtlarını dəyişməklə, xarici tələbələrə, xüsusilə də Çindən gələn tələbələrə (2018-2019-cu tədris ilində ABŞ universitetlərində 400000-ə yaxın çinli tələbə oxuyub) yaşamaq üçün evlər tutulmaqla, SAT və digər imtahanlarının verilməsində bütün köməklik etməklə əvvəlki illərdəki sayın aşağı düşməsinə imkan verməməyə çalışırlar. Amma nəticənin necə olması koronavirusun nə dərəcədə ciddi olmasından asılı olacaqdır.

 

Urbana-Şampeyndəki İllinoys Universitetinin rektor yardımçısı belə vəziyyət yaranarsa universitetin necə hərəkər edəcəyi barədə yazaraq göstərir ki, tələbənin qəbul olunması xəbərini aldığı gündən biz onunla öz doğma vətənində olsa belə sıx əlaqə saxlayır, bütün lazımi akademik materialları ona verəcəyik. Hətta lazım gələrsə biz onun statusunu növbəti ilə qədər uzadacağıq.

 

Bəs, heç də həmişə əlçatan olan Avstraliyada vəziyyət necədir? Çünki bu qitənin universitetlərində daha çox Çin tələbələri oxuyurlar (2018-ci ilin statistikasına görə 1.5 milyondan çox çinli tələbə Avstraliya universitetlərində oxuyur). Sidney Universitetinin sosiologiya professoru Salvatore Babonesin təbirincə desək, Avstraliya universitetləri daha çox Çin - asılı universitetlər olduğuna görə onlarda yoluxma riski daha yüksəkdir. Onun Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən çap olunan məqaləsində professor təxmin edir ki, əgər epidemiya bu ilin ortalarında qurtararsa, o, Avstraliyanın təhsil sektoruna ən azı 2.8 milyard ziyan vuracaq. Bunu Avstraliyanın mineral sənayeyə (2.58 milyard) və turizm sektoruna (1.5 milyard) dəyən ziyanla müqayisəsində daha bariz görmək olar. Əgər bu mineral sənayesinə 6-9% təsir edəcəksə, bu rəqəm təhsil sektorunda 60-80% həcmində özünü göstərəcək. Epidemiya Avstraliya universitetlərini akademik il başlayan ərəfədə (Avstraliya və Yeni Zelandiyada tədris ili fevralın sonlarında başlayır) vurdu, ola bilsin tələbələrin əksəriyyəti semestrin sonuna qədər gəlməsinlər, hətta bəziləri həmişəlik.

 

Honqkonq universitetləri dünyada ən çox beynəlmiləl mühit olan universitetlərdir. Universitet administratorları hesab edirlər ki, mart ayının əvvəllərində normal tədrisə qayıtmaq şansı, demək olar ki yoxdur. Bunun əsas səbəblərindən biri də uçuşların təxirə salınmasıdır ki, minlərlə çinli tələbə lazımi vaxtda dərslərinə davam edə bilməyəcəklər.

 

İndi bütün universitetlər distant təhsil, online təhsil modelinə bir daha müraciət etmək məcburiyyətində qalıblar. Çünki başqa çıxış yolu qalmamışdır. Online təhsilə ikinci dərəcə kimi baxanlar artıq onu ön plana çəkiblər. Kaliforniyada olan universitetlər bu işdə daha çox fəallıq göstərməyə başlayıblar.

 

Çin universitetləri bu il 500000 xarici tələbə qəbul etməyi planlaşdırmışdı, xüsusilə də inkişaf etməkdə olan ölkələrdən. Hiroşima Universitetinin Ali Təhsildə Tədqiqatlar İnstitutunun professoru Futao Huanq Çin hökumətini COVİD-19 böhranını tezliklə aradan qaldırmağa çağırır ki, universitetlər qlobal tələbə və tədqiqatçı problemləri ilə üzləşməsinlər.

 

Aprelin 1-də tədris ilinə başlayan Yaponiyada da eyni mənzərə ilə qarşılaşırlar.

 

Göründüyü kimi, koronavirus qlobal olaraq çox sahələrə, xüsusilə də təhsil sahəsində təsirsiz ötüşməyib. Mən isə sonda Melburndakı Süinbörn Texnologiya Universitetinin prorektoru Dunkan Bentlinin sözləri ilə fikrimi tamamlamaq istəyirəm. “İnsanlar, ölkələr indi çox işlər görürlər, virusa qarşı müharibədə qalib gələcəyik və həyat öz əvvəlki axarı ilə davam edəcək!”.

 

Əfqan ABDULLAYEV,

professor