Müəllim öz təlim konsepsiyasını yarada biləndə sinif “SEHİRLİ MƏKANA”, müəllim isə QABAQCIL MÜƏLLİMƏ çevrilir


Pedaqoji təcrübədə bu sual bütün müəllimləri düşündürür. Əlində jurnal, ilk dəfə sinfə daxil olan hər bir müəllim qabaqcıl müəllim olmaq istəyir. “Pis əsgər o əsgərdir ki, general olmaq haqqında düşünmür” aforizminin fəlsəfəsinə əsaslanaraq, hər bir müəllimin qabaqcıl müəllim olmaq istəyini pedaqoji aksioma adlandıra bilərik. Amma... müəyyən müddət keçdikdən sonra hər bir müəllim özünü qabaqcıl müəllim kimi görə bilirmi?

 

Məktəb Şekspir meyarı ilə dəyərləndiriləndə

 

Böyük ingilis dramaturqu Vilyam Şekspir dünyanı teatra bənzədirdi. Dünyada yaşayan insanları bu teatrın aktyorları kimi qiymətləndirir, hamının bu teatrda rol oynadığını vurğulayırdı. Məktəbi də bu meyarla qiymətləndirdikdə, bu “teatrda” ilk növbədə, müəllim və şagirdləri görürük.

 

Pedaqoqlar təlim - tərbiyə prosesini səciyyələndirəndə müəllim və şagird münasibətlərini önə çəkirlər. Psixoloqlar müəllim-şagird münasibətlərini “sehirli məkan” kimi dəyərləndirirlər. Gözəgörünməz tellərlə məktəbin hər bucağında mövcud olan bu sehirli məkanın özünəməxsus səhifələri var.

 

Müəllimin fəaliyyəti öyrədici, inkişafetdirici və tərbiyəedici vəzifələr üzərində köklənib. Bunlar olduqca çətin vəzifələrdir. Onlar müəllimdən çoxlu qabiliyyətlər tələb edir. Bu qabiliyyətlər içərisində kommunikativ və didaktik qabiliyyətlər daha önəmlidir. Kommunikativ qabiliyyətlər sehirli məkanın birinci, didaktik qabiliyyətlər isə ikinci səhifəsini təşkil edir.

 

Sehirli məkanın birinci səhifəsi

 

Sinifdə 20-25 şagird olur. Şagirdlərin sayı sinfin kəmiyyət olçülərini xarakterizə edir. Keyfiyyət ölçüləri ilə xarakterizə etsək, məlum olar ki, sinifdə: - əlaçı, ortabab və zəif oxuyan şagirdlər var; zəhmətkeş, tənbəl, səmimi, hiyləgər, sözə qulaq asan və asmayan....şagirdlər var; lider, onu dəstəkləyən və dəstəkləməyən şagirdlər var; hamının dostluq etmək istədiyi və istəmədiyi şagirdlər var; oğlanlar və qızlardan ibarət, heterogen (oğlan və qızlardan ibarət olan) və homogen (yalnız oğlan və ya qızlardan ibarət olan) kiçik qruplar var; müxtəlif mədəni səviyyəli ailədən olan şagirdlər var və s.

 

Keyfiyyət ölçüləri sinif məkanının nə qədər mürəkkəb quruluşa malik olduğunu və bu məkanda  mövcud olan münasibətlər sisteminin çoxşaxəli olduğunu üzə çıxarır. Hər bir şagird bu məkana təhsil almaq üçün gəlir. Amma “şagirdlər bu məkanda yalnız təhsil alırlar” kimi düşünmək bağışlanmaz səhv olardı. Bu məkanda şagirdlər bilik və bacarıqlar əldə etməklə bahəm həm də şəxsiyyət kimi sosiallaşırlar. Görəsən, bilik və bacarıq əldə etmək, yoxsa şəxsiyyət kimi sosiallaşmaq daha önəmlidir? Bir həqiqət məlumdur, bilik və bacarıqlar əldə etmədən şəxsiyyət kimi sosiallaşmaq mümkün deyil, amma həyatda bilik və bacarıqlara malik olan, lakin sosiallaşmamış insanlara təsadüf edilir. Bu necə olur? Axı sinifdə gələcəyin kişisi, xanımı və ən əsası ölkənin vətəndaşı formalaşır. Sosiallaşmamış insanlar özlərinin gələcək “rollarını” necə ifa edə bilərlər?   

 

Şəxsiyyətin sosiallaşması çoxlu amillərin əhatəsində baş verir. Sinif şəraitində müəllimin şagirdlərə münasibəti bu prosesin aparıcı amilinə çevrilir.

 

Dünyanı sevgi xilas edəcək

 

Müəllimlərə ən düzgün qiyməti şagirdlər verirlər. Dünyada şagirdin müəllimi qiymətləndirmə təcrübəsi var. Şagirdlər müəllimlərdə hansı keyfiyyətlərə üstünlük verirlər sualını aydınlaşdırmaq üçün və ya cavabını tapmaq üçün və ya müəllim-şagird münasibətlərini düzgün tənzimləmək üçün psixoloqlar məktəblərdə maraqlı tədqiqatlar aparıblar. Bu tədqiqatlardan ikisinə diqqət yetirək:

 

I tədqiqat: Şagirdlərə “Müəllimin səhvi” mövzusunda inşa yazmağı təklif ediblər. Şagirdlərin yazdığı inşada müəllimlərin səhvləri konkret faktlarla göstərilmişdi. Bu səhvlərin mütləq əksəriyyəti müəllimlərin şagirdlərlə qarşılıqlı münasibətinə həsr edilmişdir.

 

II tədqiqat: Həm məktəbin buraxılış sinif şagirdlərinə, həm pedaqoji institutun I kurs tələbələrinə, həm də müəllimlərə “ideal müəllimin keyfiyyətlərini”qeyd etmək xahiş edilmişdi. Əldə edilən nəticələrdən məlum olmuşdu ki, şagirdlər və tələbələr müəllimlərin insani keyfiyyətlərinə, müəllimlər isə işgüzar və peşə keyfiyyətlərə üstünlük verirlər. Göründüyü kimi, şagirdlər və müəllimlər eyni problemi prizmanın müxtəlif bucaqlarından dəyərləndirmişlər. 

 

Təlim-tərbiyə prosesi yaranandan müəllim-şagird münasibətləri həmişə diqqət mərkəzində olub, həmişə bu münasibətlərin humanistləşdirilməsi haqqında danışıblar, amma cəzalandırma metodundan imtina edilməyib. Bəzən cəza şiddətli olub, bəzən yüngül, amma cəzanın xeyirli olmasından çox ziyanlı olması haqqında danışılıb. Öz təcrübəmizə əsaslanaraq, deyə bilərik ki, şagirdlər cəzalanmağı xoşlamırlar. Şagirdlər cəzalananda neqativ addımlara daha çox yol verirlər.

 

Təbii ki, şagirdin nöqsanlı hərəkətlərinə reaksiya göstərilməlidir. Amma gəlin bir anlığa fikirləşək, şagirdlər nə vaxt nöqsanlı hərəkətlərə yol verirlər? Əlbəttə, bunun səbəbləri çoxdur, onları təsnif edəndə, məlum olur ki, aparıcı yerdə həm valideynlərin, həm də müəllimlərin şagirdə münasibəti durur. Şagird evdə də, məktəbdə də laqeydliklə rastlaşanda, danlaq içində “böyüyəndə” özünütəsdiq etmək üçün ağlasığmaz hərəkətlər düşünür. Şagirdin “çətin” tərbiyəolunana çevrilməsinin səbəbini burada axtarmaq lazımdır. Hər bir şagird özünüreallaşdırmaq istəyir, ona laqeyd münasibət bəslənəndə, özünüreallaşdırmanın yolu göstərilməyəndə öz ağlının “qüdrəti” əsasında addım atır, daha çox nöqsanlı addımları ilə yadda qalır. Şagirdi tərbiyə etmək üçün ona sevgi ilə yanaşmaq lazımdır. Şagirdlər müəllimlərdən insani keyfiyyətlər gözləyəndə bunu nəzərdə tuturlar.

 

Haşiyə 1: Dünyada yaradılmış bütün gözəlliklərin mənbəyi sevgidir. Sirri hələ məlum olmayan “Mono Liza”nı Leonardo da Vinci sevməsəydi yarada bilərdimi? Sevgi olmasaydı “Tac Mahal” yarana bilərdimi?...

 

Haşiyə 2: İnsanı formalaşdırmaq, inkişaf etdirmək, yetişdirmək... düşünməyin ki, “Mono Liza”nı, “Tac Mahal”ı (və s. və i.) yaratmaqdan asandır, əksinə, qəti əminəm ki, çətindir. Leonardo da Vinçi kimi və ya “Tac Mahal”ı tikən memar  Məhməd İsa Əfəndi kimi dahini müəllim yetişdirib. Müəllim dünyaya həm gözəllik bəxş edə bilən İNSANI yetişdirə bilir, həm də insanlığa ziyanlar gətirən cinayətkarı. Böyük insanların yaranması yalnız müəllimin sevgisi ilə mümkündür.

 

Sevinci böləndə sevinc böyüyür, kədəri böləndə kədər azalır

 

Şagird sinifdə sevincli də ola bilir, kədərli də. Müəllim onun yaşadığı hiss və həyəcanları bölməyi bacarmalıdır, bölə biləndə nələr baş vermir...

 

Haşiyə: Tələbkarlığı və ciddiliyi ilə fərqlənən riyaziyyat müəlliminin dərsi idi. Həmişə ciddi görkəmi ilə fərqlənən müəllimin bu gün sinfə girəndə həmişəkindən fərqli olaraq sifəti gülürdü. Hamı heyrətlə ona baxırdı. O, üzünü şagirdlərə tutub dedi: “Bu gün bizim sevimli şagirdimiz A-nın ad günüdür”. A sinifdə ən aşağı təlim nəticələrinə malik, heç nə ilə fərqlənməyən, şagirdlər arasında nüfuzu olmayan bir şagird idi. Müəllim onun haqqında xoş sözlər dedi, onu təbrik etdi, xoş arzularını bildirdi. Növbəti dərsdə o əvvəlki günlərlə müqayisədə fəallığı ilə diqqəti cəlb etdi. Bir kəlmə xoş söz şagirdin dərsə münasibətində dəyişiklik yaratmışdı.

 

Həyatda hamının çətin, kədərli, ağrılı günləri olur. Şagirdin də belə günləri az olmur. Bu halətdə o ətrafındakılardan, ilk növbədə, müəllimdən kömək gözləyir. Müəllim onu başa düşəndə, ona qayğı ilə yanaşanda, öz sevgisini ondan əsirgəməyəndə adı böyük hərflərlə yazılan MÜƏLLİMƏ çevrilir. Şagirdin yaşadığı hiss və həyacanları bilmək çətin deyil. İnsan sevincli olanda da, kədərli olanda da onun bu haləti sifətindən açıq-aydın görünür. Sadəcə olaraq bir az diqqətli olmaq tələb olunur.

 

Haşiyə: ADPU-nun müəllimi Təranə Turan Rəhimli kitablarından birinə “Dərdin pıçıltısı” adını verib. Müəllif insanın psixoloji halətini bu iki kəlmə ilə necə də müdrikcəsinə ifadə edib. Sən demə, dərd pıçıldaya bilirmiş. Psixoloqlar insanı öyrənmək üçün “bədən dili”ndən istifadə edirlər. Dərdin pıçıltısını da bədən dili ilə görmək, hiss etmək və ya başa düşmək mümkündür. Şagirdlər insani keyfiyyətlər deyəndə elə müəllimin onların sevinc və kədərinə şərik olmasını düşünürlər. Belə məqamda müəllimin bir xoş sözü onlara dünyanı bəxş edə bilir.

 

Haşiyə: Təhsil İnstitutunun direktor müavini, alim dostum Ənvər Abbasov “Azərbaycan müəllimi” qəzetinin 5 noyabr 2021-ci il tarixli nömrəsində çap etdirdiyi “Nizami Gəncəvi və söz” məqaləsində dahi şairin “Söz dünyadan gözəldir” fikrinə istinad edir. Fikirləşəndə, görürsən ki, bu gözəl dünyanı gözəlləşdirən elə sözün fəlsəfəsidir, söz olmasaydı dünya gözəl olmazdı.

 

Müəllimin şagirdin qəlbinə yol tapması, onun şagirdə dediyi bir kəlmə sözdən asılıdır, onun müdrikliyi bu addımından başlayır. Qabaqcıl müəllimlər, ilk növbədə, bu keyfiyyətləri ilə fərqlənirlər. Bu keyfiyyət müəllimi şagirdə sevdirir. Müəllim və şagird bir-birini sevəndə... həm müəllimin, həm də şagirdin uğurları artmağa başlayır. Uğurlar əldə olunanda... müəllim QABAQCIL MÜƏLLİMƏ çevrilməyə başlayır.

 

Sehirli məkanın ikinci səhifəsi

 

Bu səhifədə didaktik qabiliyyətlər dominantdır, amma onlar kommunikativ qabiliyyətlərlə birləşəndə sinifdə uğurlar PEDAQOJİ MÖCÜZƏLƏRƏ çevrilir.

 

Didaktik qabiliyyətlər öz məzmununu təhsilin fəlsəfəsindən asılı olaraq dəyişir. Keçən əsrin ortalarında didaktik qabiliyyətlər deyəndə “öyrətmə bacarığı”, keçən əsrin sonlarında “öyrənməyi öyrətmək bacarığı”, bu gün “yaradıcı insanlar yetişdirmək bacarığı” nəzərdə tutulur. “Öyrətmə”, “öyrənməyi öyrətmə”, “yaradıcı insanlar yetişdirmə” təlimin müxtəlif təhsil fəlsəfəsinə əsaslanan fərqli yanaşmalarıdır. Bu yanaşmalar müəllimdən fərqli təlim konsepsiyasına əsaslanmağı tələb edir. Əgər müəllimin dərsi müəyyən bir konsepsiyaya əsaslanmırsa, dərsin keyfiyyəti haqqında danışmaq mümkün deyil.  

 

Konsepsiya (latınca conceptio-anlama sistemi) ədəbiyyatda müxtəlif məzmunda (nəyinsə izahında rəhbər ideya; vahid sistem təşkil edən bir şeyə baxışlar kompleksi; hər hansı bir hadisəni başa düşmək, şərh etmək üçün müəyyən yol, əsas nöqteyi-nəzər və s.) açıqlansa da, mahiyyəti etibarı ilə fəaliyyət strategiyasını  müəyyən edir. Məlumdur ki, strategiya olmadan taktikanı ayırd etmək mümkün deyil. Müəllim də fəaliyyətə başlayanda öz strategiyasına (oxu: konsepsiyasına) əsaslanaraq, taktika (oxu: metodika və texnologiya) müəyyənləşdirir. Qabaqcıl müəllimlərin fəaliyyətlərindəki uğurların sirləri onların konsepsiyasının məzmunundadır.

 

Haşiyə: Bütün dövrlərdə həm adi müəllimə, həm də qabaqcıl müəllimə təsadüf edilib. Qabaqcıl müəllimlər öz pedaqoji fəaliyyətlərində rəhbər tutduqları konsepsiyanı tətbiq etməyin yolunu tapmaları ilə fərqlənmişlər.

 

Azad Mirzəcanzadənin pedaqoji yanaşması

 

Müstəqillik əldə edildikdən sonra akademik Azad Mirzəcanzadə  2 nömrəli tam orta məktəbin bazasında yaradılmış texniki-humanitar liseydə şagirdlərə yaradıcılığın sirlərini öyrətməyə başladı. O, özünün təhsil konsepsiyası əsasında işləyib hazırladığı qeyri-adi kursu - “riyazi - fiziki - kimyəvi - tənqidi təfəkkür” kursunu yeni metodla tədris edirdi. Kursun tədrisi  şagirdlərə təkcə bilik aşılamırdı, onlarda, ilk növbədə, nəzəri (riyazi, fiziki, kimyəvi) təfəkkürün və insan ağlının qiymətli keyfiyyəti - tənqidi təfəkkürün formalaşmasına istiqamətlənmişdi.

 

Akademik Azad Mirzəcanzadə bununla yanaşı həftədə bir dəfə müəllimlərlə də məşğələlər aparırdı. Bu yolla müəllimlərdə təlim konsepsiyası formalaşdırmağa çalışırdı. O bilirdi ki, hər bir müəllimin təlim konsepsiyası olmadan uğur qazanması mümkün deyil. 

 

Haşiyə: Müəllimin rəhbər tutduğu konsepsiya onun təlim yoluna işıq salır, o bu konsepsiyanın reallaşması üçün öz metodikasını axtarıb tapır.

 

Azərbaycan məktəblərində qabaqcıl müəllimlərin pedaqoji təcrübəsi

 

Haşiyə: Azərbaycan məktəbi qabaqcıl müəllimlərin pedaqoji təcrübəsinin uğurları ilə zəngindir. Zamandan asılı olaraq, təlim qarşısına qoyulan tələblər dəyişir. Təlim konsepsiyaları və metodikalar da yenilənir. Amma yeni köhnənin inkişafı üzərində yaranır. Deməli, mövcud olmuş təcrübələri öyrənməliyik ki, yenini uğurla yarada bilək. Azərbaycanın qabaqcıl müəllimlərinin bəzilərinin təcrübəsinə diqqət edək.  

 

***

 

SSRİ xalq müəllimi Zahid Şöyübov  Yevlax rayonunun Xaldan qəsəbəsində kompleks məktəbə  (məktəbin nəzdində uşaq bağçası, tədris istehsalat kombinatı və musiqi məktəbi olub) rəhbərlik edərkən, özünəməxsus konsepsiyaya əsaslanıb. Şagirdlərin ictimai-faydalı fəaliyyətə çəlb olunması bu konsepsiyanın ana xəttini təşkil edib. Dərsdən sonra şagirdlər növbə ilə məktəbin nəzdində fəaliyyət göstərən tədris-istehsalat kombinatında işləyiblər. Həmin işin nəticəsində əldə olunan gəlir məktəbin maddi-texniki bazasının möhkəmlənməsinə və şagirdlərin tətillər zamanı istirahətinin daha məzmunlu keçməsinə xərclənib. Məktəbin şagirdləri yüksək təlim nəticələri ilə fərqləniblər. Lakin maraqlı məqam onda idi ki, tədris-istehsalat kombinatında şagirdlər Yevlax rayonu üçün xarakterik olan peşə fəaliyyətlərinə cəlb olunurdular. Fikrimizcə, bu konsepsiya bu gün region məktəbləri üçün pedaqoji maraq kəsb etməlidir. 

 

***

 

Əməkdar müəllim Asif Cahangirov Sumqayıt şəhərində müəllim işləyərkən təfəkkürün inkişafı  konsepsiyasına üstünlük vermişdi. Onun fikrincə, bu konsepsiyanın tətbiqi üçün təlim prosesində şagirdlərdə müstəqil düşünmə, təhliletmə, ümumiləşdirmə, aparıcı ideyanı müəyyən etmə və bu kimi digər bacarıq və qabiliyyətləri formalaşdırmaq zəruri idi. Asif Cahangirov bu məqsədə nail olmaq üçün dərsin gedişində problem situasiya yaradır, biliyin müstəqil olaraq şagirdlər tərəfindən “kəşf” edilməsinə calışır,  onları problemin həllinin müxtəlif yolları ilə üz-üzə qoyur, düzgün cavabı tapanda şagirdə “niyə” sualına cavab verməyi tələb edir, bu yolla şagirdin fikrinin dolğun olub-olmamasını yoxlayır, digər şagirdlərin bu mülahizələrə fikirlərini öyrənirdi. Bu, Azərbaycan məktəblərində təfəkkür dərslərinin başlanğıcı idi.

 

***

 

Professor Mustafa Salahov da təfəkkür dərslərinə üstünlük verirdi.  Lakin o məsələyə başqa istiqamətdən yanaşırdı, onu bir məsələ düşündürürdü.  Elmlərin inteqrasiyası şəraitində təbiətşünaslıq  fənlərinin, ilk növbədə, kimyanın tədrisi prosesində şagirdlərdə təfəkkürü hansı yollarla inkişaf etdirmək olar? Professor Mustafa Salahov bu suala belə cavab verirdi: ümumtəhsil məktəblərində təbiətşünaslıq fənlərinin dünyanın vəhdəti baxımından öyrənilməsi yolu ilə. Bu, Mustafa Salahovun təlim konsepsiyasının özəyini təşkil edirdi. Şagirdlərdə dinamik fəza təfəkkürünün inkişafı həmin konsepsiyanın ana xətti idi. Dinamik fəza təfəkkürü inkişaf edəndə təbiətşünaslıq fənlərini şagirdlər qarşılıqlı əlaqədə, sistemli, proses və hadisələrin daxili əlaqələrini taparaq mənimsəyirlər. 

 

***

 

Qabaqcıl müəllim Fatma Bünyadova  XX yüzilliyin görkəmli psixoloqu Jan Piajenin genetik epistomologiyasını məktəb təcrübəsinə tətbiq etməyə başladı. O, özünün “İdrak məktəbi”ndə Jan Piajenin genetik psixologiyasının uğurları axarında şagirdlərin ağlını inkişaf etdirirdi. Jan Piajenin elmi məktəbi dünya psixologiyasının incilərindən hesab edilir. Onun nəzəri konsepsiyasının mərkəzində psixologiya və məntiqin nisbəti probleminin həlli xüsusi yer tutur. Jan Piajenin qənaətinə görə, təfəkkür prosesləri mahiyyətcə məntiqə arxalanır. Fatma Bünyadova genetik epistomologiyanın başlıca postulatlarına əsaslanaraq uşaqlarda təfəkkürün inkişafını məntiqi ölçülərlə araşdırırdı.

 

Son söz əvəzi

 

Qabaqcıl müəllimlərin təcrübəsi özünəməxsus təlim konsepsiyaları ilə fərqlənir, onlar hətta eyni məsələni müxtəlif rakurslardan həll edirlər. Müəllim özünəməxsus təlim konsepsiyasını yarada biləndə onun dərsində rəngarənglik əmələ gəlir. Belə olduqda dərs həm müəllimin özü, həm də şagird üçün maraqlı olur. Bu konsepsiyanı yarada bilməyin iki önəmli şərti var: müəllimin şagirdə olan sevgisi və bilik, bacarıq, qabiliyyətləri. Bu iki şərt odənəndə müəllim öz təlim konsepsiyasını yarada bilir. Yarada biləndə sinif “SEHİRLİ MƏKANA”, müəllim isə QABAQCIL MÜƏLLİMƏ çevrilir. 

 

Hikmət ƏLİZADƏ,

Bakı Dövlət Universitetinin professoru