Məktəb barəsində hörmətlə danışaq


Şagirdlərlə müxtəlif hazırlıq kurslarında məşğul olanlar kimlərdir? Onlar da məktəblərimizdə çiyin-çiyinə dərs deyən və işlədiyi məktəbin təəssübünü çəkən müəllimlərimiz deyilmi? Onlar bir-birinin ardınca ali və orta ixtisas məktəblərinə daxil olan məzunlarımızın uğurlarının hansısa bir hazırlıq kursu tərəfindən özünün uğuru kimi qiymətləndirilməsinə necə dözürlər? Axı bu, ən azı özünün dövlət və xalq qarşısında missiyasını yerinə yetirən məktəblərimizin, eləcə də müəllimlərimizin zəhmətinin halal-halal nəticələrinə biganəlikdir. Məgər tam orta təhsilini başa vuran hər bir məktəblinin bir şəxsiyyət kimi inkişafı, formalaşması, insan olaraq yetişməsi əsas məqsəd deyilmi? Məktəblərimizin uşaqlara qayğısının, uşaqlarımızın məktəblərə olan məhəbbətinin təzahürü deyilmi? Şübhəsiz, bu belədir, həm də bir örnəkdir. Biz bu nümunədən nə qədər danışarıqsa, onu bir o qədər şərəfləndirər, digər təhsilalanların nəzərində ucaldarıq. Məktəbə olan məhəbbəti artırar, bir az da gücləndirərik.

 

Mən bir dəfə də “müəllim haqqında ehtiyatla danışaq” deyə hörmətli oxucularla fikirlərimi bölüşmüşdüm. Hec şübhəsiz, “məbəd”, “müqəddəs yer”, “insanlıq emalatxanası” adlandırılan məktəb barəsində də hörmət və ehtiramla danışmalıyıq. Bir insan olaraq boya-başa çatdığımız bu təhsil ocaqlarının möhtəşəmliyinə, ucalığına inanmalı, onun əlçatanlığının təmin olunmasına töhfələrimizi verməliyik. İstər valideyn kimi, istər müəllim kimi, istərsə də hər hansı bir həyat adamı kimi onu cəmiyyətimizin hər bir sahəsində qüdsiyyəti olan müqəddəs bir yer kimi daha inamla təqdir və təqdim etməliyik. Bu, bizim təkcə vətəndaş, müəllim kimi deyil, həm də bir insan olaraq vəzifəmizə çevrilməlidir.

 

Qlobal dünyanın tələbi

 

Heç kim heç kimə düşünmə demir, fikirləşməyi qadağan etmir. Əslində bu heç zamanımızın da  tələbi deyil. Çünki qlobal dünya intellektuallıq, intellektuallıq isə düşünmək, özü də mobil və sürətli düşünməyi tələb edir. Biz də özümüzün təhsil quruculuğundakı addımlarımızda bu çağırışlara cavab verməyə çalışırıq. Təsadüfi deyil ki, ölkəmizin təhsil siyasətində “yaddaş məktəbindən”, “düşüncə məktəbinə” keçmək bir prioritet istiqamət olaraq fəaliyyətimizin əsasında dayanır. Düşündürən, uşaqlarla mükalimə edə bilən, onların dostuna çevrilən intellekt dərsliklərinin, dərs vəsaitlərinin yaradılmasına çalışırıq. Odur ki, təhsilin bütün pillə və səviyyələri üçün hazırlanan məzmun və tədris mexanizmlərində fokuslaşmış düşüncə, onun formalaşması əsas element kimi nəzərdə tutulur. Praktik fəaliyyətimizdə də bu, önəmli hesab edilir. Əlahəzrət həqiqət deyir ki, onu kütləviləşdirək, genişləndirək, müasir gündəmdə qırmızı xəttə çevirək. Uşaqlarımızın şəxsiyyətinə hörmət edək, onları yaşadığı suallar aləminin sehrindən xəbərdar edək, düşünmək səlahiyyətini özünə qaytaraq.

 

Müəllimlər və valideynlər bu işdə daha çox məsuldurlar. Bu, tarixi bir missiya olsa da, bu gün daha çox müasirdir və bizdən həddindən artıq mobillik tələb edir.

 

Uşaqların arzuları müqəddəsdir

 

Uşaqların arzuları sualları kimi qeyri-adi və müqəddəsdir. Böyüklərin sevdikləri qədər uşaqlar da arzularına bağlanır, onların heyrətamiz gözəllikləri içərisində daha sərbəst və azad nəfəs alırlar. Onlar bu arzularında gələcəyin heyrətamiz gözəlliklərinə doğru can atırlar. Sevirlər, sevilirlər, daim öz duyğularının qənirsizliyində süslənirlər. Dünyanın həqiqətlərində maraq dolu bir qeyri-adilik axtarırlar. Ən yüksək ali keyfiyyətlərin ən yüksək səviyyəsini istəyirlər. Ünsiyyətdə səmimiliyi, yoldaşlıqda sədaqəti, dostluqda məhəbbəti sevirlər. Bizimlə yanaşı gedirlər. Lakin bizdən qabaqda irəliləyirlər. Bizdən daha çox zəmanəsinə bənzəyirlər. Onların bütün addımlarını risklərlə dolu bir cəsarətlilik izləyir. Bu addımlar bütün mənalarda uşaqların coşub-çağlayan enerjisinin, tükənməyən marağının, yorulmaq bilməyən fəaliyyətinin nəticəsi kimi meydana çıxır. Həmçinin bu marağı həyatın bütün sahələrində olan ən müasir yeniliklər stimullaşdırır. Biz istəsək də, istəməsək də bu reallıqlar baş verir. Əksər halda uşaqlarımızı yeniliklərdən qorumağa, onların maraq dünyasına bir səd çəkməyə çalışırıq. Bu mümkün olmasa da, səy göstəririk.

 

İnsanlıq naminə arzular həmişə təmiz və pak olmuşdur. Onları böyütmək, bəsləmək insan övladının müqəddəs vəzifəsidir. Öyrənmək, inkişaf etmək ardınca gedən uşaqlarımızın təşəbbüslərini boğmaq yox, onların ardınca getmələrini dəstəkləməliyik. Onların şəxsində görünən hər hansı istedad qığılcımının parıldamasına, alovlanaraq şölələnməsinə təkan verməliyik. Bu özümüzün dəyişməyimizlə, inkişaf etməyimizlə müşayiət olunsa belə, onu etməli, zəruri bir missiya kimi yerinə yetirməliyik.

 

Gəlin bunlar haqqında düşünək.

 

Ənvər ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim