Azərbaycan məktəbinin intellekt məktəbinə çevrilməsi, nailiyyətlərin düşüncə, təfəkkür səviyyəsinə görə qiymətləndirilməsi əsas prioritetlərdəndir

 

Təhsilin demokratik, humanist prinsiplər əsasında inkişaf etdirilməsi məzmunun, texnologiyaların və idarəetmə sisteminin yenidən qurulmasını, həmçinin təhsil sisteminin cəmiyyətin ehtiyac və tələbatlarına uyğunlaşdırılmasını prioritet istiqamət kimi tələb edir. Bu istiqamətdə görülən işlər, ilk növbədə, təhsilin idarəedilməsində dəyişikliklərin aparılmasını həlledici amillərdən biri kimi qarşıya qoyur.  Təhsilin idarə edilməsində metodiki-pedaqoji əsaslara istinad edilməsi, idarəçilik fəaliyyətinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və keyfiyyətin monitorinqi prinsipləri əsasında qurulması günümüzün ən vacib tələblərindəndir. Tədrisin təşkilində bütün fəaliyyətlərin inkişafyönümlü xarakterdə olması onun keyfiyyət göstəricilərinin ardıcıl izlənməsini, keyfiyyətin gözlənilən nəticələrin reallaşdırılması səviyyəsi ilə müəyyənləşdirilməsini zəruri edir.

 

Azərbaycan məktəbinin  dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, intellekt məktəbinə çevrilməsi, nailiyyətlərin düşüncə, təfəkkür səviyyəsinə görə qiymətləndirilməsi təhsil siyasətinin əsas prioritetlərindəndir. Bu baxımdan, mövcud metodik işin təşkili sisteminin təşkilati-struktur baxımından yeniləşdirilməsinə ehtiyac günü-gündən artmaqdadır.

 

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən pedaqoji kadrlara metodik dəstəyin göstərilməsi, onların peşəkar bacarıqlarının artırılması və yenidən hazırlanması, təlim-tərbiyə işlərinin keyfiyyətinin yaxşılaşdırılması və məktəblərə effektli metodiki dəstəyin göstərilməsi istiqamətində müxtəlif layihə və proqramlar uğurla icra edilir. Bu fəaliyyətlərdən biri də Məktəbin İnkişaf Planının (MİP) tətbiq olunmasıdır. Təhsildə Keyfiyyət və Təminat Agentliyi (TKTA) tərəfindən ümumtəhsil müəssisələrində aparılan inspeksiyaların nəticəsi olaraq öyrənmə mühiti, tədrisin təşkili, idarəetmə göstəriciləri və s. üzrə aşağı nəticə göstərən məktəblər üçün metodik dəstək hərakatı başlanılmış və bununla bağlı müxtəlif strategiyalar hazırlanmışdır. Məktəbin İnkişaf Planının hazırlanması prosesində ARTİ və BŞTİ birlikdə fəaliyyət göstərir. Proses yanvar ayından etibarən başlanmışdır və hazırda 20-dən artıq məktəbdə MİP-in hazırlanması və metodik dəstəyin göstərilməsi davam etməkdədir.

 

ARTİ tərəfindən məktəblərdə metodik dəstəyin göstərilməsi və MİP-in hazırlanmasında işin icrası Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinə (MDPİM) həvalə edilmişdir. MİP-in hazırlanmasında nəzərdə tutulan fəaliyyətlər üçün əsas meyarlar TKTA-nın inspeksiya hesabatı olsa da, inkişaf planına proqnozlaşdırılmış strateji fəaliyyətlər də əlavə edilmişdir. Bu baxımdan, hər bir məktəb üçün MİP  spesifik və fərdi yanaşmalarla hazırlanır. Burada məktəbin şagird və müəllim kontingenti, yerləşdiyi ərazi, kadr potensialı, məktəbin infrastruktur təminatı, məktəb-valideyn əməkdaşlığı, təhlükəsizlik şəraiti və s. kimi nüanslar diqqətlə öyrənilir, təhlil edilir. Nəticə olaraq məktəbin potensialına uyğun real hədəflənə bilən fəaliyyətlər aşkara çıxarılır. MİP-ə daxil edilmiş fəaliyyətlərin aşkara çıxarılmasında məktəb rəhbərliyi və məktəb tərəfindən təyin edilmiş MİP komandası aktiv rol oynayır.  Belə ki, ARTİ-MDPİM əməkdaşları MİP-in hazırlanmasında fasilitator rolunu oynayır. Qeyd edək ki, Məktəbin İnkişaf Planı hazırkı mərhələdə hər bir məktəb üçün 1 illik nəzərdə tutulmuşdur. Növbəti illərdə 3 və ya 5 illik inkişaf planlarının hazırlanması planlaşdırılır.

 

MİP-in hazırlanması və inkişaf istiqamətləri üçün fəaliyyətlərin real aşkarlanması məqsədilə ARTİ-MDPİM əməkdaşları hər bir məktəbdə ən azı 2-3 həftə müxtəlif fəaliyyətləri icra edir. Bura daxildir:

  •  
  • * TKTA-nın inspeksiya hesabatının təqdimatı və müzakirəsi;
  • * Məktəb rəhbərliyi tərəfindən təklif edilmiş MİP komandasının təlimatlandırılması;
  • * Məktəb rəhbərliyi və idarəetmə heyəti ilə ümumi və fərdi görüşlər;
  • * Dərsdinləmələr və müşahidələrin ümumi və fərdi müzakirəsi.
  • İcra edilən fəaliyyətlərin nəticəsi olaraq əldə edilən data MİP-in hazırlanmasında TKTA-nın hesabatından sonra ikinci baza rolunu oynayır.
  • Məktəbin İnkişaf Planının hazırlanmasında bir neçə qabaqcıl  ölkələrin öndə gələn məktəblərinin təcrübəsi tədqiq edilmiş, müqayisələr aparılmış və əldə edilən nəticəyə əsasən yerli şərait və reallıqlara uyğun vahid MİP forması hazırlanmışdır. Bu baxımdan, məktəblər üçün hazırlanan MİP 6 sahə və 24 altmeyar olmaqla ümumiləşdirilmişdir.
  • Məktəbin İnkişaf Planında yer almış sahələr üzrə fəaliyyətlərin icrası və hədəflənən nəticələrin əldə edilməsində məsuliyyətin əsas hissəsi məktəb rəhbərliyi və MİP komandasının üzərinə düşür. Bununla bərabər  arzulanan müsbət meyllərin əldə edilməsi üçün  ARTİ tərəfindən müxtəlif metodik fəaliyyətlər nəzərdə tutulmuşdur. Bura ümumi pedaqoji heyət üçün nəzərdə tutulmuş qeyd edilən seminarlar, təlimlər və mentorluq proqramları daxildir:
  • * əməkdaşlıq əsaslı ünsiyyət bacarıqları;
  • * dərsin planlaşdırılması;
  • * sinfin səmərəli idarə edilməsi;
  • * müəllim-müəllim, müəllim-şagird, müəllim-valideyn münasibətləri;
  • * məktəbdaxili öyrənmə mühitinin təşkili;
  • * məktəbdaxili qiymətləndirmənin təşkili;
  • * məktəb-valideyn əməkdaşlığı;
  • * məktəbdaxili dərsdinləmənin və metodik dəstəyin təşkili.

 

Bununla bərabər pedaqoji heyətin ehtiyaclarına uyğun olaraq elektron oxu materialları və əyani vəsaitlərlə təminat da nəzərdə tutulmuşdur.

 

Elxan NƏCƏFOV,

ARTİ MDPİM-in Əlaqələndirmə şöbəsinin müdiri