Bu, özünü təhsilin məqsədində ifadə edir


Bu gün qədəm qoyduğumuz informasiya cəmiyyəti və biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşması, qloballaşma çağırışları bütün dünya təhsil sistemi qarşısında yeni vəzifələr qoyur, “Təhsil əsri” adı qazanmış XXI əsr Azərbaycan təhsilinin yeniləşməsini və müasirləşməsini tələb edir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Müxtəlif fəaliyyət sahələrinə aid elmi-nəzəri, texniki, ictimai-siyasi, pedaqoji, metodik ədəbiyyatlarda “fəlsəfi dünyagörüşü”, “fəlsəfi yanaşma”, “fəlsəfi düşüncə”, “fəlsəfi əsas” və s. bu kimi ifadələr tez-tez işlənir. Şübhəsiz, bu ifadələrin yaranması, bilavasitə elmlərin istinadgahı sayılan fəlsəfə və onun bəşəri mahiyyəti ilə bağlıdır.

 

Məlumdur ki, mənası “hikmət”, “müdriklik”, “müdrikliyi sevmək” olan fəlsəfə, sadə dildə desək, insanın şüurdankənar yaranmış varlıqlara (dünya, maddi-mənəvi aləm, təbiət və s.) və onların dərk olunmasına yönəlmiş yanaşma və baxışlarını əks etdirir. Zaman ötdükcə, cəmiyyət, ictimai həyat inkişaf etdikcə maddi-sosial aləmə münasibətdə əmələ gələn müxtəlifliklər, fərqli düşüncə tərzi fəlsəfi fikrin, fəlsəfi dünyagörüşünün əhatə dairəsinin genişlənməsinə də böyük meydan açmışdır. Nəticə etibarı ilə fəlsəfə sehirli iksir  kimi ictimai həyata sirayət etməklə, obrazlı desək, öz “şinelindən” çıxan müstəqil elm və digər sahələr (texniki, təbiət, iqtisadiyyat, sosial, hüquq, humanitar, incəsənət) üçün bu gün də etibarlı zəmin rolu oynayır. Təsadüfi deyil ki, hər bir fəaliyyət sahəsində özünün müəyyən olunmuş məqsədinə uyğun fəlsəfi əsas, fəlsəfi dünyagörüşü formalaşır.

 

Bu mənada təhsil sahəsi də istisna deyil. Təhsilin fəlsəfəsi, hər şeydən əvvəl, onun məqsədində ifadə edilir. Karl Marksın sözləri ilə desək,“Məqsəd-insan fəaliyyətinin xarakterini müəyyən edir”. Məqsəd problemə yanaşma tərzi formalaşdırır, mahiyyəti üzə çıxarır, məqsədə görə istiqamətlər dəqiqləşdirilir, “yol xəritəsi” hazırlanır və həyata keçirilir. Təhsilə belə fəlsəfi yanaşma tərzi təhsilin mahiyyətinin dərk olunmasına, cəmiyyətdə, insanın həyatında onun rolu və əhəmiyyətinin qiymətləndirilməsinə yönəlmiş təfəkkür fəaliyyətidir, başqa sözlə, formalaşmış dünyagörüşüdür.

 

Təhsilin mənbəyinin qədim insanın öyrənmək ehtiyacından qaynaqlandığı hamıya məlumdur. Dünya dərk edildikcə öyrənmək bəşəri məqsədə çevrilib. Özünün təkamül dövrü ərzində insan ətraf aləmdə baş verən hadisələrin yaranma səbəblərini anlamağa, öyrənməyə, təcrübədə gördüklərindən nəticələr çıxarmağa cəhd edib və bu proses onun şüurlu varlıq kimi daha da yetkinləşməsinə müstəsna təsir göstərib. Mühafizə və müdafiə olunmaq, yaşamaq naminə bu dünyanın sirlərini dərk etmək ehtiyacı insanın getdikcə inkişafında və cəmiyyət həyatında münasibətlərin tənzimlənməsi, idarəçilik anlayışının əmələ gəlməsi istiqamətində hərəkətverici qüvvəyə çevrilib. Məhz bununla əlaqədar icma daxilində təsərrüfatların, təsərrüfat əlaqələrinin yaranması və ailələrdə böyüyən uşaqların ümumi əmək prosesinə cəlb edilməsi “təhsil” anlayışının tərkib hissəsi olan tərbiyənin elementlərinin (əmək bölgüsünə riayət, nizam-intizam, məsuliyyət hissi və s.) təşəkkülünə rəvac vermişdir. Tədqiqat nəticələrinə görə, “xüsusi bir fəaliyyət növü kimi tərbiyənin təşəkkülünün çox mühüm şərtlərindən və amillərindən biri ibtidai icma dövrünün insanları arasında maddi əlaqələrin təkamülüdür. Təcrübənin bir adamdan başqasına, bir nəsildən digərinə ötürülməsi yolu ilə bu əlaqələrin davam etdirilməsi və təkmilləşdirilməsi spesifik fəaliyyət növü kimi tərbiyənin inkişafına səbəb oldu. İnsanların ünsiyyət tələbatından yaranan tərbiyə sadə əmək formalarının təkamülü ilə bağlı meydana gəldi (Fərrux Rüstəmov, “Pedaqogika tarixi”, Bakı-2010, səh. 14).

 

Beləliklə də, bu dövrdə tərbiyə vasitəsilə öyrənmək və öyrətməyin ilkin rüşeymlərinin əsası qoyulmuşdur. Nə üçün belə qənaətdəyik?! Çünki tərbiyəvi, istiqamətverici söhbət aparanda da nəyisə (nələrisə) öyrədirik, hər hansı bir işi öyrədəndə, təlim edən də nəsihətsiz, məsləhətsiz keçinə bilmirik. Bu, təbii xarakter daşıyır, həmin iki proses qovuşub birləşərək “təhsil” anlayışını yaradır.

 

Dünyada təhsilin bir sistem halında formalaşması üçün uzun illər və qərinələrin lazım gəldiyi heç kimə sirr deyildir. Hər bir dövrdə elmə, təhsilə, elmlənməyə və təhsillənməyə münasibət həmin dövr insanlarının ümumi dünyagörüşünün xarakterini və səviyyəsini, hətta dövlətlərin ideologiyasının simasını əks etdirmişdir. İşıqlı zəka sahiblərinin, elm dahilərinin cəmiyyətdə şər qüvvələr tərəfindən təqib olunması, işgəncələrə və edamlara məruz qalması faktları tarixdən yaxşı məlumdur.

 

Ta qədimdən Azərbaycanda elmə, təhsilə, maarifçiliyə yüksək qiymət verən, xalqın balalarının təhsillənməsi üçün cəfakeşlik göstərən, bu yolda xeyriyyəçilik missiyasını yerinə yetirən görkəmli şəxsiyyətlər (Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Aleksey Çernyayevski, Üzeyir bəy Hacıbəyli, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Həbib bəy Mahmudbəyov, Mirzə Ələkbər Sabir, Əhməd bəyAğayev, Hacı Zeynalabdin Tağıyev və s.) olsa da, “əti sənin, sümüyü mənim” fəlsəfəsi üzərində qurulan mollaxana məktəbi hüdudlarını aşaraq inkişafa açılan dünyəvi məktəblər yaradılsa da, “uşqol gedən balam vay” deyib fəryad edən analar, digərlərinə

 

“Qoyma, balam, oğlunu sən uşqola,

Qorxusu var, axırı kafir ola”

(M.Ə.Sabir)

məsləhətini verənlər hələ XX əsrin əvvəllərində belə xeyli üstünlük təşkil edirdi ki, bu da o dövrdə geniş kütlənin təhsilə baxışının, dünyagörüşünün real ifadəsi idi.

 

Deyirlər, həyatda möcüzə olmur. Amma beyinlərdə oyanış, şüurlarda intibah elə əsl möcüzədir. XX əsrin əvvəlləri ilə müqayisədə, müəllimlərin V qurultayının materiallarına əsaslansaq, 1930-31-ci illərdə respublikada artıq 189 min nəfər uşaq təhsil alırdı ki, bunun da 27 minini azərbaycanlı qızlar təşkil edirdi. İkinci Dünya Müharibəsindən (1941-1945) sonra 1946-cı ilin 26-28 avqust tarixlərində keçirilmiş ölkə müəllimlərinin VI qurultayına o vaxtkı maarif naziri (həm də görkəmli yazıçı, ictimai xadim) Mirzə İbrahimovun, sözün əsl mənasında, dərin məzmunlu məruzəsindəki faktlara görə, ölkədə fəaliyyət göstərən 2767 məktəbdə (1483 ibtidai, 1284 natamam orta) yarım milyondan artıq uşaq təhsil alırdı. Kütləvi savadsızlıq isə, demək olar ki, ləğv edilmişdi.

 

Bu nəzərəçarpan inkişaf bir tərəfdən şura hökumətinin öz məqsədlərinə xidmət edən siyasəti ilə əlaqədar idisə, digər tərəfdən də, ən əsası, Azərbaycan Xalq Cümhuriyyəti illərində milli hökumətin  məktəb quruculuğu, xalqın savadlanması və təhsillənməsi yolunda başladığı böyük işlərin müstəqillik eşqi ilə yaşayan insanların şüurunda yaratdığı inkişaf, tərəqqi meyilli dünyagörüşünün bariz nəticəsi idi.

 

Mövcud olduğu müddətdə sovet sisteminin respublikamızda elm və təhsilin müəyyən mənada inkişafında, ümumi təhsilin kütləviliyinin təmin edilməsində, elmi-pedaqoji kadr hazırlığında müsbət rol oynaması heç də inkar edilmir. Lakin SSRİ-nin tərkibindəki xüsusilə türkdilli respublikalara, o cümlədən Azərbaycana əyalət statusunda, yuxarıdan aşağı, imperiya baxışları ilə yanaşılmasının nəticəsi idi ki, məktəblərdə milli tariximiz, dünyamiqyaslı görkəmli şəxsiyyətlərimiz haqqında obyektiv məlumatların öyrədilməsi, əksər fənlərdən milli dərsliklərin yazılması, demək olar ki, yasaq olunmuşdu. Bütün millətlərin uşaq və gənclərini adı eşidilib özü təsəvvür belə edilməyən bir cəmiyyətin-“kommunizm qurucusunun əxlaq kodeksi”nin, atasını “qırmızılar”a ələ verən Pavlik Morozovların və onun kimi başqalarının nümunəsində tərbiyə etməyə, SSRİ-ni ümumi vətən kimi insanlara sırımağa, bununla da milli ruhu söndürməyə, milli adət-ənənələri, hətta milli bayramları ləğv etməyə, yaddaşlardan silməyə çalışırdılar. Məktəb binalarının tikintisi (xüsusilə kənd yerlərində) çox ləng gedirdi, sanki unudulmuşdu. Ədalət naminə demək lazımdır ki, yalnız ulu öndər Heydər Əliyevin birinci dəfə Azərbaycanın siyasi hakimiyyətində rəhbər olduğu dövrdə ətalət buzu əriməyə başladı, təkcə 1970-82-ci illərdə məhz onun SSRİ məkanında böyük nüfuzu və qətiyyəti sayəsində 350 min şagird yerlik 849 yeni ümumtəhsil məktəb binası istifadəyə verildi.

 

Son 20 ildə dövlət başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə 4 mindən artıq məktəb inşa olunub, yenidən qurulub, müasir avadanlıq və texniki vasitələrlə təchiz edilməsinə baxmayaraq, regionlarda məktəb yerləşən yararsız binaların hələ də qalması, əslində, sovet rejiminin onillər uzunu Azərbaycanın yeraltı, yerüstü maddi sərvətlərini talayıb-mənimsəyib əvəzində göstərdiyi “qayğı”nın nəticələrindən biri kimi qiymətləndirilməlidir. Şübhəsiz, bu deyilənlər təhsilin fəlsəfəsi yox, sovet hökumətinin konkret olaraq Azərbaycana, Azərbaycanda təhsilə olan münasibətinin fəlsəfəsi idi.

 

Bilavasitə təhsilin məzmununa fəlsəfi yanaşmaya gəldikdə isə, fənlər üzrə tədris proqramları dövlət tələbi kimi müəyyən olunmuş təhsil standartları əsasında deyil, alim-mütəxəssis qruplarının mülahizələrinə görə hazırlanırdı (riyaziyyat, fizika, kimya, biologiya və s. fənlərin proqram və dərslikləri yalnız mərkəzdə tərtib edilir, respublikalarda isə tərcümə olunurdu). Həm də proqramlarda nəzəri materialların üstünlük təşkil etməsi şagirdlərdə əzbərçilik meyillərini gücləndirirdi. Təhsil prosesində şagirdlərə “subyekt” yox, “obyekt” mənasında münasibət göstərilməsi (əslində, bu, sovet ideologiyasının ümumi xarakterindən irəli gəlirdi) təhsilalanlarda potensial imkanlarına inam hissinin, hər hansı bir məsələ ilə bağlı müstəqil fikir yürütmək, rəy söyləmək bacarığının formalaşmasına maneələr törədirdi.

 

Şagird nailiyyətlərinin qiymətləndirilməsinə yanaşma tərzi də formallıq nümunəsi idi, çünki “cari”, “gündəlik” xarakter daşıyan qiymətləndirmənin elmi-metodik və didaktik əsası olmadığından təhsilin keyfiyyətinə,  şagirdlərin təhsil sahələri üzrə bilik və bacarıqlarının səviyyəsinin obyektiv müəyyənləşdirilməsinə, bir sözlə, onların mənafeyinə xidmət etmir, perspektiv üçün əməli təhlillərin aparılmasına zəmin yaratmırdı.

 

O dövrdə məktəblərin şüarına çevrilmiş “ikiilliksiz işləmək”, “geridə qalanları irəli çəkmək” ideyaları humanist mövqe adlandırılsa da, şagirdi təkrar eyni sinifdə saxlamaq (obyektiv səbəblər istisna edilir) ideyasını qanuniləşdirməyi necə humanistlik adlandırmaq olardı?! Halbuki çox vacib bir məsələ-istedadlı şagirdlərin üzə çıxarılması, meyil və maraqlarının öyrənilməsi, belə uşaqların inkişafı üzrə səmərəli iş sisteminin yaradılması, əsasən, nəzərdən qaçırılırdı (təmayüllü sinif və məktəblərin təşkili ötən əsrin 80-ci illərinə təsadüf edir).

 

Bütün bunlar və bu yazıda deyilməyənlər (idarəetmənin inzibati-amirliyi, təşəbbüskarlığın lazımi səviyyədə dəstəklənməməsi, uşaq hüquqlarına və onların şəxsiyyət olaraq formalaşmasına biganəlik göstərilməsi, uşağın təhsil prosesində bərabərhüquqlu tərəf kimi nəzərə alınmaması və s.) onun nəticəsi idi ki, sovetlər birliyi qapalı dövlət olduğundan təhsil sahəsində beynəlxalq təcrübə öyrənilmirdi və cəmiyyətə SSRİ təhsil sisteminin dünyada ən mütərəqqi və qabaqcıl olduğu təlqin edilirdi.

 

Məşhur el məsəlində deyildiyi kimi, “Haqq nazilər, amma üzülməz”. Xarici siyasətçilərin “xalqlar həbsxanası” adlandırdıqları SSRİ-nin dağılması, Azərbaycanda dövlət müstəqilliyinin bərpası haqq-ədalətin təntənəsi idi. Məhz bundan sonra ölkəmiz yeni inkişaf yoluna qədəm qoydu, qabaqcıl dövlətlərlə iqtisadi-siyasi, humanitar əlaqələr sürətlə qurulmağa başladı, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərindən qaynaqlanan işıqlı ideyalar cəmiyyət həyatının humanitarlaşmasında mühüm amilə çevrildi.

 

Müstəqillikdən irəli gələn siyasi-ideoloji mühitin saflaşması, mənəvi-ruhi yüksəliş, inkişaf etmiş dövlətlərin sınaqdan çıxmış mütərəqqi təcrübələrinə inteqrasiya meyilləri ümumi təhsil sistemində daha ciddi hiss olunmaqda idi. Yeni dövr ümumi təhsilə, onun məqsədinə və digər aidiyyəti məsələlərə yeni fəlsəfi yanaşma, yeni pedaqoji təfəkkür tələb edirdi.

 

Humanistləşdirmə, demokratikləşdirmə, diferensiallaşdırma, inteqrativlik, millilik, varislik və sair bu kimi ideyaların təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri səviyyəsinə qaldırılması ilə şüurlarda əmələ gəlmiş müasir fəlsəfi baxışlar ümumi təhsildə aşağıdakı keyfiyyət dəyişikliklərinin yaranması ilə nəticələnmişdir:

 

  • * İdarəetmə sahəsində inzibati-amirlik iş üslubu tədricən aradan qaldırılmağa, demokratik rəhbərlik metodları tətbiq olunmağa başlanmış, ali idarəetmə orqanı olan Pedaqoji Şuranın hüquq və vəzifələri yeni dövrün tələblərinə uyğunlaşdırılmış, ictimai idarəetmə orqanlarının da təsis edilməsi qanunvericiliklə rəsmiləşdirilmişdir.
  • * Şagird-müəllim arasında “obyekt”-“subyekt” münasibətləri aradan qaldırılmış, şagird təhsil prosesinin bərabərhüquqlu üzvü kimi qəbul olunmuş, müəllim-şagird əməkdaşlığı pedaqoji prosesin əsas istiqamətinə çevrilmişdir.
  • * Uşaq və şagirdlərin hüquqlarının qorunmasının Azərbaycanın 1992-ci ildə qoşulduğu Uşaq Hüquqları Konvensiyasının tələbləri əsasında tənzimlənməsi üzrə əməli tədbirlər həyata keçirilməyə başlanmış, təhsillə məşğul olan bütün təşkilatların fəaliyyətinin bilavasitə şagirdin mənafeyinə istiqamətlənmiş zəmində qurulması başlıca məqsəd elan edilmişdir.
  • * Dövlət müstəqilliyindən sonra cəmiyyətdə yaranmış demokratik ab-hava və plüralizmin təsiri ilə şagirdlərdə müstəqillik, azadfikirlilik, sərbəstlik, təşəbbüskarlıq kimi keyfiyyətlərin formalaşdırılması prioritet vəzifə kimi irəli sürülmüşdür.
  • * İstedadlı şagirdlərin diferensasiya əsasında üzə çıxarılıb onların intellektual imkanlarının inkişafına, belə uşaqlar üçün xüsusi təhsil müəssisələrinin təşkilinə, olimpiada hərəkatının getdikcə genişlənməsinə xüsusi diqqət yetirilməyə başlanmışdır.
  • * Məktəblərdə psixoloji xidmətin tədricən təşkili üçün müvafiq tədbirlər həyata keçirilmiş və bu proses davamlı xarakter almışdır.

 

Etiraf etmək lazımdır ki, müstəqilliyin ilk vaxtlarında (təxminən 1992-1995-ci illər) ölkədəki siyasi böhranın, iqtisadi tənəzzülün, vətəndaş müharibəsi və dövlət çevrilişləri cəhdlərinin qarşısının alınmasına xeyli müddət sərf olunmasaydı, təbii ki, bütün fəaliyyət sahələrində, o cümlədən təhsil sistemində də irəliləyişlər daha erkən baş verərdi. Bununla belə, müəyyən çətinlik və problemlərə baxmayaraq, Azərbaycanda təhsil islahatları həyata keçirmək ideyasının meydana gəlməsi, bir tərəfdən, gənc müstəqil dövlətin gələcəyə nikbin baxışları, cəmiyyətdə təhsilin prioritet rolunun yüksək səviyyədə dəstəklənməsi ilə bağlı idisə, digər tərəfdən də çərçivəyə salınmış sovet təhsil sistemindən xilas olaraq dünyaya çıxmaq, mütərəqqi sistemlərin təcrübəsini öyrənmək, müqayisə etmək və Azərbaycanın milli təhsil ənənələri, milli-mənəvi dəyərləri nəzərə alınmaqla, yeni tipli təhsil sistemi qurmaq arzusundan irəli gəlirdi. Ulu öndər Heydər Əliyevin sərəncamları ilə 1998-ci ilin mart ayında “Azərbaycan Respublikasında təhsil sahəsində İslahatlar üzrə Dövlət Komissiyası”nın yaradılması, 15 iyun 1999-cu ildə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nın təsdiq edilməsi, ümumi təhsillə bağlı qabaqcıl beynəlxalq təcrübənin sistemli şəkildə öyrənilməsi ölkəmizdə mütərəqqi, inkişafyönlü standartlara əsaslanan müasir ümumi təhsil sisteminin təşəkkülünə etibarlı zəmin yaratdı, insanların ümumi təhsilin məqsəd və vəzifələrinə fəlsəfi baxış və yanaşmalarının tədricən dəyişilməsi prosesi başladı.

 

Şübhəsiz, bütövlükdə ali məqsəd kimi təhsilin, xüsusilə, ümumi təhsilin mərkəzində insan amili, onun formalaşdırılması dayanır. Ümumi təhsil ən kütləvi təhsil pilləsi olduğundan uşaqların, demək olar ki, əksəriyyəti üçün bu mərhələ bir “məhək daşı” rolunu oynayır, onların potensial imkanları, meyil və maraq dairəsi, mənəvi aləmi, psixoloji xüsusiyyətləri, əsasən, həmin dövrdə daha qabarıq şəkildə üzə çıxır.

 

Bu mənada ümumi təhsil sahəsində 1999-cu ildən etibarən başlanan islahatyönlü tədbirlər arasında ümumi təhsilin məzmununun yeniləşdirilməsinin daim diqqətdə saxlanması, tədris edilən fənlərin məqsədlərinə əvvəl olduğundan fərqli münasibət göstərilməsi təhsilalanların zəruri nəzəri biliklərə yiyələnməsi ilə yanaşı, onlara şəxsiyyəti formalaşdıran bacarıqların (nəzəri biliklərin təcrübədə tətbiq edilməsi, təhlil və müqayisə, qeyri-standart düşüncə, müstəqil problem həlletmə, təşkilatçılıq, əməkdaşlıq, ünsiyyət və nitq mədəniyyəti, planlaşdırma, tolerantlıq və s.) aşılanması tələbindən irəli gəlirdi. Bu cür yanaşma tərzi hansı səbəblərdən yaranmışdı? Məsələn, ümumi təhsilin icbari hissəsi - ümumi orta təhsil dövrü üçün təsdiq olunan tədris planlarındakı 15 fənn üzrə proqramları (kurikulumları) lazımi səviyyədə şüurlu mənimsəmək bütün şagirdlər üçün, təbii ki, əlçatan ola bilməz, ötən vaxtlardan miras qalmış əzbərçilik də uşaqların inkişafına fayda vermir. Bununla belə, həmin fənlər ümumi təhsil çərçivəsində tədris edilir və mahiyyət bundan ibarətdir ki, gələcəkdə hansı peşəni seçməsindən asılı olmayaraq, bu fənlər hər bir şagirdin (məzunun) ümumi dünyagörüşünün formalaşmasına, müstəqil həyatda onlara lazım olacaq bilgilərə, məlumatlara, bacarıqlara yiyələnməsinə zəmin yaratmalıdır. Həmin məntiqə görə hazırlanmış dövlət təhsil standartları da buna əsas verir.

 

Məsələn, ümumi orta təhsil səviyyəsini ən zəif nəticələrlə bitirmiş məzun belə, təxminən, qeyd edilən bu bacarıqlara malik olmalıdır: sərbəst oxuyub yazmaq, əməli yazı nümunələri tərtib etmək, fikrini sərbəst ifadə etmək, ünsiyyət qurmaq, nitq etiketlərinə əməl etmək (“Tədris dili”), Azərbaycanın ən görkəmli yazıçılarını, onların məşhur əsərlərini tanımaq, şifahi və yazılı ədəbiyyatı fərqləndirmək (“Ədəbiyyat”), öz fikirlərini sadə formada ifadə etmək (“Xarici dil”), məntiqlə düşünmək, fikirlərini əsaslandırmaq, ölçmək və hesablamaq, sadə layihələndirmə aparmaq (“Riyaziyyat”), kompüterdən istifadə qaydalarına bələd olmaq, kompüterdə mətn yığıb formalaşdırmaq, informasiyaları ötürmək (“İnformatika”), ölkəmizin qədim və müasir tarixində baş vermiş ən mühüm hadisələri, görkəmli tarixi şəxsiyyətləri tanımaq (“Azərbaycan tarixi), Azərbaycanın ərazisi, iqlimi, əhalisi, təbii ehtiyatları, flora-faunası barədə minimum məlumatlara malik olmaq (“Coğrafiya”), kimyəvi maddələri tanımaq, ekologiyanı çirkləndirən amillər haqda məlumatlı olmaq, mineral gübrələrdən məqsədyönlü istifadə etmək (“Kimya”), fiziki hadisələri tanımaq, onların başvermə səbəblərini bilmək, məişət texnikalarının iş prinsipləri, sadə elektrik şəbəkəsinin qurulması barədə məlumatlı olmaq (“Fizika”), iqlim və region şəraitinə görə müxtəlif növ bitkilərin, ağacların əkilib becərilməsi, ev heyvanları və quşlarının bəslənməsi, onlardan məhsul alınması qaydaları haqqında, habelə zədələnən insanlara ilk tibbi yardım etmək yolları barədə məlumatlanmaq (“Biologiya”), Azərbaycanın görkəmli bəstəkar və təsviri sənət xadimlərini, onların məşhur əsərlərini tanımaq, musiqi və təsviri sənət əsərlərini janrına, musiqi alətlərini növünə, musiqi birliklərini tərkibinə görə fərqləndirmək (“Musiqi”, “Təsviri incəsənət”), məişətdə lazım olan texnoloji, habelə sadə tərtibat işlərini yerinə yetirmək (“Texnologiya”), idman növlərini, geniş yayılmış növlər üzrə məşhur idmançıları tanımaq, sağlam həyat tərzini dəstəkləmək (“Fiziki tərbiyə”) və s. Çünki müasir yanaşmamıza görə, heç bir şagird diqqətdən kənarda qalmamalı, onların ən zəif hesab olunanı belə, icbari ümumi orta təhsil müddətində qazandığı minimum bilik və həyati bacarıqlar hesabına cəmiyyətdə “artıq adam”a çevrilməməli, inkişaf edib həyatda öz yerini tapmalıdır.

 

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ümumi təhsilin dövlət standartlarının təsdiqi ilə bağlı 2006, 2010, 2020-ci illərdə ardıcıl təkmilləşdirilmiş və dövrün tələbinə uyğun yeniləşdirilmiş 3 mühüm qərarın qəbul edilməsi cəmiyyətdə ümumi təhsillə bağlı fəlsəfi mənada mütərəqqi yanaşmaların artıq formalaşıb vətəndaşlıq hüququ qazanmasının, ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın təhsil sisteminin dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılması barədə proqram xarakterli tələbinin getdikcə reallaşmasının bariz nümunəsi idi.

 

Ümumi təhsilin məzmununun nəticəyönümlülük (reallaşdırılması nəzərdə tutulan təlim məqsədlərinin nəticələr, standartlar formasında əvvəlcədən müəyyən olunması), şagirdyönümlük (təhsil fəaliyyətlərinin bilavasitə təhsilalanın mənafeyinə, meyil-maraq və tələbatlarının ödənilməsinə, istedad və potensial imkanlarının inkişafına yönəldilməsi), şəxsiyyətyönümlülük (müəyyən edilmiş idraki, ünsiyyət, psixomotor fəaliyyətlərə uyğun olaraq, təhsilalanlarda zəruri tələb edilən bacarıqların inkişafına nail olmaqla onlarda mədəni səviyyənin, milli və bəşəri dəyərlərin formalaşdırılması), tələbyönümlülük (fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və tələblərinin nəzərə alınması), inteqrativlik (ümumi təhsilin məzmun komponentlərinin əlaqələndirilməsi) prinsipləri əsasında müəyyənləşdirilməsi, “hafizə”yə əsaslanan təlimdən uzaqlaşaraq təhsilalanın idraki inkişafına, yaradıcı təfəkkürünün formalaşmasına, problem həlletmə qabiliyyətinə rəvac verən “düşüncə” üzərində qurulması (Konfutsi: “Düşüncəsiz təhsil hədər zəhmətdir”), rəqabətədavamlı, eyni zamanda milli köklərə bağlı şəxsiyyət kimi qəbul edilən insan yetişdirilməsi ideyası bugünkü ümumi təhsilin başlıca fəlsəfəsini-məqsədini, ana xəttini təşkil edir.

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə (24.10.2013) təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” tarixi konseptual səciyyə daşımaqla burada islahatdan sonrakı dövrün analitik təhlili verilmiş, müəyyən olunmuş yeni inkişafyönlü vəzifələr dövlətin növbəti dövr üçün təhsil siyasətinin məqsədini və əsas istiqamətlərini real zəmində əks etdirmişdir.

 

Məqsəd aydınlığının və indiki vəziyyətə obyektiv münasibətin nəticəsidir ki, Dövlət Strategiyasında bütövlükdə təhsilin keyfiyyəti, həmişə olduğu kimi, prioritet məsələ olaraq diqqət mərkəzinə çəkilmiş, təhsil müəssisələrinin maliyyələşməsinin əldə edilən keyfiyyət göstəricilərindən (nəticələrdən) asılı olaraq həyata keçirilməsi, idarəetmənin səmərəliliyinin qazanılmış nailiyyətlərə görə ölçülməsi, istedadlı təhsilalanlar üçün xüsusi inkişaf proqramlarının hazırlanması, səriştə əsaslı dövlət standartları və kurikulumların yaradılması, müəllim hazırlığının təkmilləşdirilməsi və sair bu kimi aktual məsələlər nəzərdə tutulmuşdur və onlar hazırda sistemli şəkildə yerinə yetirilməkdədir.

 

Bunlarla yanaşı, ümumtəhsil məktəblərinin pedaqoji heyəti, xüsusilə də gənc müəllimlər, yerli təhsili idarəetmə orqanlarının əməkdaşları üçün yerlərdə ümumi təhsilin müasir məzmunu ilə bağlı öyrədici təlimlərin, seminarların, konfransların, təcrübə mübadilələrinin təşkilinin vacibliyini bütün ciddiyəti ilə diqqətə çatdırmaq istərdim. Heç şübhəsiz, indiki orta məktəb təhsilinin məzmununun xarakterik xüsusiyyətlərinin hətta valideynlər tərəfindən də mənimsənilməsi istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi, fikrimizcə, cəmiyyətdə ümumi təhsilin müasir fəlsəfəsinin obyektiv surətdə dərk edilməsində mühüm rol oynayır.

 

Aydın ƏHMƏDOV, 

Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim