İyunun 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “CODE FOR FUTURE”-ADNSU təhsil layihəsinin (Alqoritmika İT kursları) bağlanış mərasimi keçirilib.

 

Tədbirdə təhsil naziri Emin Əmrullayev, ADNSU-nun rektoru Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Tədbirdən öncə Alqoritmika İT kurslarının qısa icmalı haqqında videoçarx nümayiş olunub, layihənin ərsəyə gəlməsi haqqında iştirakçılara məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə fevralın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Alqoritmika İT kurslarının keçirdiyi “CODE FOR FUTURE” təhsil layihəsinə start verilib. IT kursları (bootcamp) Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində ADNSU-da 2021-2022-ci tədris ilinin yaz semestrini əhatə edib. ADNSU-nun texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan 298 nəfər III və IV kurs tələbəsinin iştirak etdiyi kurslarda veb-tərtibatçılıq və sistem inzibatçılığı proqramı üzrə tədris aparılıb.

 

Salamlama nitqi ilə çıxış edən ADNSU-nun rektoru Mustafa Babanlı layihənin tələbələr üçün önəmindən danışıb. Rektor bildirib ki, 260 tələbə kursu uğurla başa vurur. Mustafa Babanlı tələbələrin ixtisasları ilə yanaşı, İT biliklərinin yüksək olmasının vacibliyini deyib və layihənin tələbələr üçün əhəmiyyətini qeyd edib. 

 

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev ölkəmizdə gənclərin hərtərəfli inkişafına, sağlam və təhsilli formalaşmasına xüsusi önəm verildiyini vurğulayıb. Nazir qeyd edib ki, belə layihələr tələbələrin daha da hazırlıqlı olmasına, onların mövcud bazar iqtisadiyyatına və tələblərə uyğun formalaşmasına dəstək verir.

 

Emin Əmrullayev onu da bildirib ki, savadlı mühəndis kadr olmaq üçün hər bir tələbə texniki və riyazi biliklərlə yanaşı, İT sahəsində də kifayət qədər məlumatlı olmalı, sürətlə yenilənən texnoloji dəyişiklikləri bilməlidir. 

Nazir çıxışının sonunda kursu uğurla bitirən tələbələri, həmçinin, universitet rəhbərliyini təbrik edib.

 

Daha sonra tələbələr videotəqdimatla çıxış ediblər. 

 

Sonda kursları müvəffəqiyyətlə başa vuran tələbələrə sertifikatlar təqdim edilib. 

 

Tədbir konsert proqramı ilə davam etdirilib.