Qərib Mürşüdov, Kembric Universitetinin professoru: “Universitetlərdə elmi fəaliyyətlərin güclənməsi üçün islahatlar vacibdir”


Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanına müvafiq olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılmış, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilmişdir. Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasının qrup rəhbəri  professor Qərib Mürşüdov  Fərmandan irəli gələn vəzifələr, aparılacaq islahatlar barədə fikirlərini “Azərbaycan müəllimi”  ilə bölüşür. 

 

Elmin inkişafı istiqamətinə yönəlmiş vacib bir addım

 

Qərib Mürşüdov cənab Prezidentin Fərmanı ilə bir sıra tədqiqat institutlarının Elm və Təhsil Nazirliyinə verilməsini Azərbaycanda elmin inkişafı istiqamətinə yönəlmiş vacib bir addım kimi qiymətləndirir. Azərbaycanda elmin təşkilində islahatların zəruriliyini qeyd edən elm xadimlərinin (Azərbaycan daxilində və ya xaricində çalışanlar) bu prosesdə iştirakı və əllərindən gələni etmələri üçün imkanlar yaranır.

 

Professor Elmlər Akademiyasında islahatların vacibliyini görmək üçün  belə akademiyaların yaranmasının tarixinə qısa nəzər salır. Qeyd edir ki, müasir dünyada ilk elmlər akademiyalarından biri olan Kral cəmiyyəti - Böyük Britaniyada 17-ci əsrdə yaradılıb. “Bildiyimiz kimi, Britaniyada əsas iki universitet mövcud idi - Kembric və Oksford universitetləri. Ənənəvi olaraq bu iki universitet arasında böyük rəqabət var idi (indi də mövcuddur). Kral cəmiyyətinin yaradılmasında əsas məqsəd bu universitetlərdə çalışan elm xadimləri arasında dialoqların aparılması üçün platforma yaradılması olub. Və nəzərə alaq ki, Kral cəmiyyətinin öz tədqiqat institutu mövcud olmayıb və yoxdur. Bu cəmiyyətin üzvü olmaq prestij sayılır və üzvlər hər il üzvlük haqqı verirlər. Kral cəmiyyətinin müəyyən maliyyələri mövcuddur və fellowship mexanizmləri var. Bu cəmiyyət heç bir tədqiqat institutuna və ya universitetlərə təsir edə bilməz”.

 

Amerika Elmlər Akademiyasının da Britaniya Kral Cəmiyyətinə uyğun yaradıldığını və heç bir tədqiqat institutlarına təsir etmək hüququnun olmadığını deyən professor Q.Mürşüdov əlavə edir ki, ABŞ-da elmin maliyyələşdirilməsi ölkənin strateji planlarına uyğun olaraq həyata keçirilir: “Maliyyə  ya dövlət tərkibində olan təşkilatlar (tibbi tədqiqatlar,  biologiya tədqiqatlar şöbəsi və sair) və ya xeyriyyə cəmiyyətləri tərəfindən (Wellcome Trust, Xərçəng Xəstəlikləri Tədqiqatları  Mərkəzi və sair) verilir. Amerikada xeyriyyə cəmiyyətləri və ölkədəki digər  təşkilatlar  da elmə daha çox maliyyə ayırırlar. Bu haqda ayrıca danışmaq olar, elmin müxtəlif ölkələrdə maliyyələşdirilməsi mexanizmləri və bunun ölkələrdə elmin inkişafına təsiri çox maraqlı mövzudur.

 

İslahatlar hava və su kimi lazım idi

 

Müsahibimiz qeyd edir ki,  elmi işlərin effektivliyini artırmaq üçün islahatlar hava və su kimi lazım idi.

 

Kembric Universitetinin professoru Azərbaycan Prezidentinin məlum Fərmanını bu istiqamətdə atılan birinci addım kimi dəyərləndirir: “Ümid edirəm ki, bu addım Azərbaycanda elmin inkişafı, elm və təhsilin inteqrasiyası, elm, təhsil və iqtisadiyyat arasında qarşılıqlı əlaqələrin yaradılması üçün münbit mühit yaratmağa imkan verəcək.  Hələ çox işlər görülməlidir. Biz istərdik ki, Azərbaycanda elm inkişaf etsin, əvvəlcə Azərbaycanda, sonra isə Qafqaz və Orta Asiya regionunda aparıcı rol oynamağa başlasın.  Bunu etmək olar, bunun üçün azərbaycanlı elm xadimlərinin bir yerdə çalışması vacibdir”.

 

Elmin inkişafı haqda fikirləşəndə...

 

Qərib Mürşüdov hesab edir ki, elmin inkişafı haqda fikirləşəndə bir neçə məqamları nəzərə almaq lazımdır:

 

1. Britaniya və Amerika kimi bir sıra qərb ölkələrində elmi işlər əsasən universitetlərdə həyata keçirilir. Bunu Azərbaycanda həyata keçirmək üçün universitetlərdə, heç olmasa əsas aparıcı universitetlərdə, tədrisdə islahatlar vacibdir. Universitetlərdə elmi fəaliyyətlərin güclənməsi üçün təhsildə də islahatlar vacibdir. Məsələn, heç olmasa iki istiqamət haqda fikirləşmək olar: a) universitet müəllimlərinin tədris yükünü azaltmaq. Bunun üçün müəllimlərin sayını artırmaq vacib deyil. Universitetlərdə təhsili tədqiqat əsasında qurmaq olar. Məsələn: 1-ci kurs 100% imtahan, ikinci kurs 75% imtahan və 25% tədqiqat proyektləri, 3-cü kurs 50% imtahan və 50% tədqiqat proyektləri, 4-cü kurs 25% imtahan və 75% tədqiqat proyektləri. Hər bir proyektin nəticəsi həm kurs işi kimi və həm də şifahi təqdimatlar əsasında qiymətləndirilə bilər. Bu, həm müəllimlərin yükünü azaldar, proyektlər elmi tədqiqatların bir hissəsi olar və həm də tələbələr axtarış aparmağı öyrənərlər. Universitet biliyin necə alınmasını öyrədər, dərin və konkret işlər üçün dərin bilikləri isə məzunları özləri axtarıb tapar. b) yuxarı kurs, magistratura tələbələrinin və aspirantların təhsilə cəlb edilməsi. Bu, həm müəllimlərin yükünü azaldar və həm də tələbələrə dərs deməyi öyrədər. Onu da qeyd edim ki, axtarış aparmaq və təqdimat etməyi öyrətməyi orta məktəbdən başlamaq lazımdır. Bu isə tamamilə ayrı mövzudur.

 

2. Tədqiqat institutları ölkənin strateji maraqlarına uyğun olmalıdır və tədqiqat institutlarında işləmək prestij formasına çevrilməlidir. Bu isə o deməkdir ki, tədqiqat institutlarında məhsuldarlıq kifayət qədər yüksək   və onların elmi fəaliyyətlərinə nəzarət güclü olmalıdır. Nəzarət deyəndə, mən hər üç və ya beş ildən bir bu institutların nəticələrinin qiymətləndirilməsi və uyğun olaraq bu institutların maliyyəsinin müəyyənləşdirilməsini nəzərdə tuturam. Britaniyada və ya Amerikada məhsuldar olmayan institutlar, laboratoriyalar bağlana bilər. Məhsuldar olan institutlarda isə yeni laboratoriyaların açılması üçün maliyyələr ayrıla bilər.

 

Professor Q.Mürşüdov hesab edir ki,  Fərman çərçivəsində nəzərdə tutulan  islahatların səmərəli nəticə verməsi üçün mütəxəssislər yetişdirilməsi haqda da fikirləşmək lazımdır: “Təəssüflər olsun ki, hazırda tədqiqat institutlarında müasir tələblərə cavab verən mütəxəssislərin sayı kifayət qədər azdır. Biz gələcəyə baxmaq, elmin iqtisadiyyatda rolunu qaldırmaq istəyiriksə, onda yeni, qərb ölkələrində təhsil almış və təcrübə keçmiş mütəxəssisləri yetişdirməyimiz vacibdir. Bunun üçün Azərbaycanın hazırda qərb ölkələrində çalışan azərbaycanlı mütəxəssislərdən istifadə etməsi məqsədəuyğun olardı.

 

Oruc MUSTAFAYEV