Türkiyənin İstanbul Texniki Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub


Türkiyənin İstanbul Texniki Universitetinin rektoru İsmayıl Koyuncunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.  

 

BDU-nun rektoru Elçin Babayev İstanbul Texniki Universiteti ilə ötən ay imzalanan anlaşma memorandumu və “Erasmus” mübadilə proqramının böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Vurğulayıb ki, hər iki universitetin məqsəd və amallarının bir olması bu əməkdaşlığın səmərəli olacağına əminlik yaradır. Rektor BDU-da çox güclü riyaziyyat, fizika, kimya məktəblərinin olduğunu diqqətə çatdırıb və əməkdaşlığın ilkin olaraq məhz bu istiqamətlərdən başlanacağını deyib.  

 

İstanbul Texniki Universitetinin rektoru İsmayıl Koyuncu da BDU ilə əməkdaşlığın faydalı olacağına inamını ifadə edib.  

 

Görüşdə iki universitet arasında anlaşma memorandumu və “Erasmus” mübadilə proqramı çərçivəsində görüləcək işlər müzakirə olunub.  

 

Qeyd edək ki, BDU və İTU arasında imzalanan anlaşma memorandumuna əsasən, 2024-cü ilin yanvar ayından doktorantura üzrə riyaziyyat və kimya sahələrində ikili diplom proqramlarına başlanılması barədə razılığa gəlinib.  

 

İnformasiya texnologiyaları və süni intellekt sahələrində də ortaq layihələr həyata keçiriləcək. Anlaşma memorandumuna əsasən, həmçinin İTU-nun kibertəhlükəsizlik sahəsində zəngin təcrübəsindən istifadə edərək BDU-da Kibertəhlükəsizlik laboratoriyasının birgə qurulması planlaşdırılır.