Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbinin və Hindistan Təhsil və Tədqiqatlar Akademiyasının (FAI) əməkdaşlığı ilə “Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” adlı beynəlxalq konfransın açılışı olub.

 

“Azərbaycan müəllimi” UNEC-ə istinadən xəbər verir ki, açılışda çıxış edən ali məktəbin elm üzrə prorektoru dosent Fariz Əhmədov konfransın mövzusunun aktuallığından danışıb.  Bildirib ki, konfrans çərçivəsində dünyanın nüfuzlu alim və tədqiqatçıları bir yerə toplaşaraq, rəqəmsallaşma, süni intellekt, menecment, iqtisadiyyat, maliyyə, turizm və digər qlobal sahələr üzrə mövzuları müzakirə edəcəklər. F.Əhmədov konfransa Azərbaycan, ABŞ, Kanada, Almaniya, Hindistan, Yunanstan, İordaniya, Portuqaliya, Polşa, Gürcüstan, Litva, Monqolustan, Ukrayna, Monteneqro, Rumıniya, Tailand, Filippin, Braziliya və Malaziyadan olan alimlərin müxtəlif sahələri əhatə edən 90-na yaxın elmi məqaləsinin qəbul edildiyini söyləyib. O, konfransda əldə olunan nəticələrin universitet-sənaye işbirliyinə, eləcə də dövlət və özəl sektorun inkişafına mühüm töhfələr qazandıracağına əminliyini ifadə edib.

 

Sonra Hindistan Təhsil və Tədqiqatlar Akademiyasının prezidenti professor M.Premkit Sing, UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev, FAİ-nin vitse-prezidenti professor Nina Poyda Noysk, akademiyanın baş katibi professor Pankaj Srivastava, Türkiyənin Diclə Universitetinin dekanı Dr. Fethiye Muge Sakar  çıxış edərək, müzakirə olunacaq mövzular barədə fikirlərini bölüşüb, konfransla bağlı gözləntilərini səsləndiriblər.

 

Çıxışlardan sonra təltifolunma mərasimi keçirilib. Konfrans plenar iclaslarda yerli və xarici tədqiqatçıların çıxışları ilə davam edib.

 

Qeyd edək ki, beynəlxalq konfrans aprelin 20-də öz işini başa vuracaq.