Kembric Universitetinin professoru Qərib Mürşüdov "Azərbaycan müəllimi" qəzetini təbrik edib.
 
Təbrikdə deyilir:
 
Hörmətli "Azərbaycan müəllimi" qəzetinin redaksiya heyəti!
 
Qəzetinizin 90 illik yubileyi münasibətilə sizə səmimi təbriklərimi çatdırmaq istərdim. "Azərbaycan müəllimi" qəzeti ölkəmizin gələcəyi üçün əhəmiyyət kəsb edən iki əsas sahənin – təhsil və kütləvi informasiya vasitələrinin qovşağında dayanır. 
 
Mən inanıram ki, Azərbaycanın gələcəyi gənclərimizin təhsil səviyyəsindən, biliklərindən, dünyagörüşündən və yaradıcılıq qabiliyyətlərindən asılıdır. Hazırda ölkəmizdə orta məktəb təhsilində həyata keçirilən islahatlar məhz bu məqsədlərə yönəlib. 
 
Hər hansı bir sahənin inkişafında, onun geniş kütlələrə çatdırılmasında KİV-in əhəmiyyətli və inkarolunmaz rolu var. Qəzetiniz bu istiqamətdə mühüm işlər görüb və əminəm ki, bundan sonra da çoxsaylı uğurlara imza atacaq. Buna görə də, "Azərbaycan müəllimi" qəzetinin Azərbaycanda əvəzolunmaz bir rola sahib olduğuna və bu rolun daha da güclənəcəyinə inanıram.
 
Düşünürəm ki, qəzetiniz öz mövqeyini daha da möhkəmləndirərək gənclər üçün ilham verən məlumatlar yaymaq və onların elmə olan marağını artırmaq üçün yeni rubrikalar yarada bilər. Məsələn, üç istiqamətdə rubrikalar yaratmaq faydalı ola bilər:
 
1. Azərbaycanlı alimlər haqqında populyar məqalələr silsiləsi, bu alimləri gənclər üçün rol model kimi təqdim edən bir rubrika;
2. Elmi-populyar məqalələr vasitəsilə müasir elmin nailiyyətlərini, elm və texnologiya arasında əlaqələri geniş kütlələrə çatdıran rubrika;
3. Dünyaca məşhur və nüfuzlu alimlər haqqında məqalələr, onların həyatını və nailiyyətlərini gənclərə ilham mənbəyi kimi təqdim edən bir rubrika.
 
Bundan başqa, müxtəlif istiqamətlərdə də fəaliyyət göstərmək mümkündür və inanıram ki, qəzetiniz belə təşəbbüsləri həyata keçirməyi planlaşdırır.
 
Bir daha sizə təbriklərimi çatdırır, "Azərbaycan müəllimi" qəzetinin Azərbaycan gənclərinin inkişafında və gələcəkdə sənayedə yaradıcı mütəxəssislərin yetişdirilməsində mühüm rolunu oynamağa davam edəcəyinə və bu rolu daha da möhkəmləndirəcəyinə inanıram.
 
Dərin hörmətlə, Qərib Mürşüdov
Kembric