Uşaqların erkən yaşdan başlayaraq təhsilə cəlb edilməsinin önəminə diqqət çəkən Elm və Təhsil Nazirliyi bu vacib istiqamət üzrə hərəkətə keçdi. Belə ki, 4 məktəbəqədər xüsusi təhsil müəssisəsinin - Bakı şəhərində fəaiyyət göstərən 17 nömrəli, 235 nömrəli xüsusi təyinatlı körpələr evi-uşaq bağçası, Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika uyğunlaşdırılmış körpələr evi-uşaq bağçası və Sumqayıt şəhərində fəaliyyət göstərən 40 nömrəli Körpələr evi-uşaq bağçasının pedaqoji heyəti təlimlərə cəlb edilib.
 
 
Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikası Təhsil İnstitutu ilə birgə təşkil etdiyi təlimlər Bakı və Sumqayıt şəhərlərində həyata keçirilib.
 
Anar Xələfov: “Çalışırıq ki, digər məhdudiyyəti olan uşaqlar kimi görmə və eşitmə qabiliyyəti məhdud olan uşaqlarda öz yaşayış yerinə yaxın təhsil müəssisələrində inklüziv və ya inteqrasiyalı təhsilə cəlb olunsunlar”
 
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov “Azərbaycan müəllimi”nə açıqlamasında ölkədə sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı həyata keçirilən islahatlardan danışaraq deyib ki, həmin uşaqların təhsilinin təşkili və təhsilinin keyfiyyətinin artırılması istiqamətində vacib işlər görülür. İslahatlar ilk növbədə ümumi təhsil pilləsində başlayıb: “Ümumi təhsil pilləsində inklüziv təhsilin təşkili ilə bağlı işlər görülür. Əsas məqsədimiz odur ki, uşaqlar müəssisələrdə yaşamasın, yaşayış yerlərinə yaxın təhsil müəssisələrində, ailə qayğısından məhrum olmadan təhsilə cəlb olunsunlar. Bunun üçün Elm və Təhsil Nazirliyi təhsil qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsi istiqamətində tələb olunan tədbirləri görür, ümumi təhsil müəssisələrinində çalışan təhsilverənlərin inklüziv təhsil sahəsində bilik və bacarıqlarının artırlması məqsədilə onlar ixtisasartırma kurslarına cəlb olunurlar”.
 
 
Sağlamlıq imkanları məhdud uşaqların təhsilinin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər görüldüyünü deyən sektor müdiri növbəti mərhələdəki hədəflərə də toxunub: “Çalışırıq ki, görmə və eşitmə qabiliyyəti məhdud olan uşaqlar üçün ümumi təhsil müəssisələrində xüsusi və inklüziv siniflər təşkil olunsun”.
 
A.Xələfov Elm və Təhsil Nazirliyinin ümumi təhsil pilləsində olduğu kimi, məktəbəqədər təhsil pilləsində də təhsil islahatlarına pedaqoji heyətin peşəkarlığının artırılması ilə başlanıldığına diqqət çəkib: “Müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi plan hazırlayıb. Planın bir hissəsi olaraq məktəbəqədər xüsusi təhsil müəssisələrinin pedaqoji heyətinin pedaqoji səriştəsinin artırılması nəzərdə tutulur”.
 
 
Sektor müdiri əlavə edib ki, ölkəmizdə mövcud olan 4 məktəbəqədər xüsusi təhsil müəssisəsinin sayını artırmaq yox, uşaqların yaşayış yerlərinə yaxın ümumi təyinatlı məktəbəqədər təhsil müəssisələrində xüsusi və inklüziv qrupların təşkil olunması nəzərdə tutulub: “Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinini müvafiq əmri ilə təsdiq edilən “Məktəktəbəqədər xüsusi təhsil müəssisələrinin təkmilləşdirməsi Planı”na görə, məktəbəqədər təhsil müəssisələrində müəllimlərin səriştəsinin təkmilləşdirilməsi ilə yanaşı, orada uşaqların keyfiyyətli təhsil alması üçün müvafiq şəraitin yaradılması da nəzərdə tutulub. Çalışırıq ki, bu müəssisələrdə təhsilin keyfiyyəti yüksəlsin, beynəlxalq standartlara uyğun gəlsin. Çünki bu müəssisələr gələcəkdə ümumi təyinatlı təhsil müəssisələrində xüsusi və inklüziv qrupların təşkil olunmasında baza təhsil müəssisələri kimi istifadə olunacaq. Eyni zamanda elə uşaqlar var ki, onarı ilk mərhələdə inklüziv qruplara cəlb etmək mümkün olmadıqda, onlar müvəqqəti olaraq xüsusi qruplarda təhsil alacaqlar”.
 
“Tərbiyəçi-müəllimlər təlimlərdə çox fəal iştirak edirlər”
 
Məktəbəqədər təhsil üzrə mütəxəssis Xədicə Ağayeva məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin peşəkarlığının artırılması məqsədi ilə təşkil olunan təlimlərdə təlimçidir: “6 günlük təlimlər məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə tərbiyəçi müəllimlərin peşəkarlığının artırılmasına yönəlib. Burada tərbiyəçi-müəllimlərə qanunvericilik, məktəbəqədər təhsilin əhəmiyyəti, məqsəd və vəzifələri, təhsilverənlərin hüquq və vəzifələri, etik davranış qaydaları, məktəbəqədər təhsil proqramı – kurikulum, strategiyalar, məzmun standartları, planlaşdırmalar, dəyərləndirmələr, eyni zamanda ilk yardım, eləcə də, təhsilanların hüquqları mövzularında təlim keçirəm. Tərbiyəçi-müəllimlər təlimlərdə çox fəal iştirak edirlər”.
 
 
“Belə maraqlı təlimlərin davamının gəlməyini istəyirik”
 
17 nömrəli xüsusi təyinatlı körpələr evi-uşaq bağçasının loqopedi Nailə Hacıyeva sağlamlıq imkanları məhdud olan uşaqlarla 20 ildir işləyir. Onun sözlərinə görə, ilk dəfə təşkil edilən təlimlər çox maraqlıdır: “Təlimlərin IV günündəyik və bu təlimlər bizə çox şey qazandırdı. Kurikulumları, standartları öyrəndik. İlk dəfədir ki, təlim təşkil olunur və biz belə maraqlı təlimlərin davamının gəlməyini istəyirik. Məktəbəqədər təhsil müəssisələrində kurikulum bir yenilikdir və bütün məktəbəqədər təhsil müssisələrində tətbiq edilir. 4 gün ərzində çox şey öyrəndik”.
 
 
Təhsilimizin növbəti hədəfi – məhdudiyyətlər təhsilə, təhsil ailə qayğısına əngəl olmasın!
 
Sağlamlıq imkanları məhdud uşaqlara keyfiyyətli təhsil əlçatan olsun. Sağlamlıqlarındakı məhdudiyyət təhsil almaq üçün ailə qayğısından məhrum qalmalarına səbəb olmasın, onlar yaşayış yerlərinə yaxın təhsil müəssisələrində digər yaşıdları ilə birgə oxusunlar. Azərbaycan təhsilinin növbəti hədəfi budur.
 
Ruhiyyə DAŞSALAHLI
Foto: Kənan QAFAROV