Hər bir körpə evin sevincidir. Və körpə böyüyür, onunla birlikdə qayğıları da artır. Valideynlər təlaşa düşərək fikirləşirlər necə etsinlər ki, övladları ərköyün böyüməsin, erkən dövrdən sosiallaşmağı bacarsınlar. Axı, onlar nənə-baba əzizlənməsi ilə böyüyən uşaqların sonradan necə çətinliklə məktəbə getdiklərinin də dəfələrlə şahidi olublar. Və bunu görən valideynlər belə bir çətinliyi yaşamaq istəmədiklərindən ən optimal yolu uşaqlarını məktəbəqədər təhsil müəssisələrinə qoymaqda görürlər. Bağçalardakı maraqlı personajlarla dizayn edilmiş otaqlar, balacalar üçün yaradılan maraqlı və cəlbedici mühit, məktəbə hazırlaşma ortamı, yüksək hazırlığa malik peşəkar tərbiyəçi müəllimlər, bir sözlə, uşaqların inkişafı və əylənməsi üçün yaradılan hər bir şərait isə uşaq və valideynin maraq və istəklərinə hədəflənib. 
 
Nəzərə alsaq ki, əgər ailədə ata da, ana da işləyirsə, o zaman uşağın bağçaya getməsi məsələsi daha da aktuallaşır. 
 
Balaca isə bağçaya getmək istəmir. Valideynlər onu çox çətinliklə bağçaya getməyə razı salır. Ailələrdə artıq problemlər yaşanmağa başlanılır. Bəzən isə buna elə valideynlərin özü səbəb olur. Necə? Bu yazımızda psixoloqla birlikdə həmin səbəblər araşdırılır.
 
“Azərbaycan müəllimi” Psixologiya Elmi-Tədqiqat İnstitutunun Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru psixoloq Zeynəb Əliyevanın ilk dəfə məktəbəqədər təhsil müəssisələrinə gedəcək balacaların adaptasiya dövrü ilə bağlı tövsiyələrini diqqətə çatdırır. 
 
Ən ideal mühit uşağın öz yaşıdları ilə bərabər olmasıdır 
 
Uşaqların təlim-tərbiyəsi ilk olaraq ailədən başlayır. Daha sonra isə həmin prosesi balacalar üçün ilk sosial mühüt olan bağçalar davam etdirir. Bilirik ki, körpənin inkişafı fiziki, zehni, sosial və emosional olaraq 4 fərqli sahədə inkişaf edir. 3-6 yaş dönəmi məktəbəqədər yəni, bağça dövrü kimi qeyd olunur ki, bu mərhələdə də əsas aparıcı fəaliyyət növü oyundur. Həmin yaş dönəmlərində uşaq oyunları əşyəvi - manipulyativdən süjetli - rollu qaydalı oyunla əvəz edir. Oyun şəraitində uşaqlarda diqqət, qavrayış, hafizə, təfəkkür, təxəyyül və s.inkişaf edir. Belə bir şəraitin olduğu ən ideal mühüt isə uşağın öz yaşıdları ilə bərabər olmasıdır.
 
 
Bağçanın uşağın həyatındakı rolundan söz açan psixoloq onu da qeyd edir ki, uşaq bağça mühitində sosiallaşmanı öyrədir, özünə inamı artırır, özünə xidmət bacarıqlarını formalaşdırır, dost qazanmağı, paylaşmağı, mator və idrak bacarıqlarını inkişaf etdirir, danışığın inkişafı üçün şərait yaradır, fikrini ifadə etmək, gözləmə, dinləmə kimi xüsusiyyətləri formalaşdırır. Uşaq rabitəli danışır, əşya və hadisələr haqqında ilkin təsəvvürlərə malik olur, anlayışları izah edir, səbəb - nəticə çıxarır, fərziyyələr irəli sürür və ən əsası, bağçaya gedən uşaqlar digərlərinə nisbətən daha fəal olurlar.
 
Özünü pis aparsan səni bağçaya qoyacam...
 
Zeynəb Əliyeva deyir ki, çox təəssüf olsun ki, bəzi valideynlər uşaqlarını ya məktəbəqədər təhsil müəssisəsinə gedən zaman, ya da heç hələ ora getməmişdən qabaq bağça ilə qorxudurlar: “Bəzən də rastlaşdığımız mənzərələrdən biri uşağını bağçaya qoyub, lakin ağladığı üçün onu oradan çıxaran valideynlərin olmasıdır.
 
Onlara bir sual vermək istəyirəm. Övladınızı məktəbə apardıqda o getməmək üçün ağladığı zaman nə edəcəksiniz? Həmin zaman da çıxarıb evdəmi  otuzduracaqsınız? Cavabı mən deyim - xeyir. Elə buna görə də övladınızın adaptasiya olmasını bağça dövründən başlamaq lazımdır”.
 
Psixoloq deyir ki, valideynlərin emosiyalarını uşaqlar hiss edir nə qədər rahat və təmkinli olsalar, övladları da bir o qədər rahat olacaqdır: “Təsəvvür edin ki, səhər siz onları bağçaya aparan zaman həyəcanlı və tərəddüdlü olduğunuz zaman uşaq düşünür, görəsən anam, yaxud da atam məni hara aparır ki, bu qədər narahatdır, həyəcan keçirir...
 
Bəzi valideynlər isə uşaqlarını ya bağçaya gedən zaman, ya da heç hələ məktəbəqədər  təhsil müəssisəsinə getməmişdən öncə bağça ilə qorxudurlar. Məsələn: Özünü pis aparsan səni bağçaya qoyacam. Sözə baxmasan  müəlliminə  deyəcəm ki, sənin canını alsın. “Sabah səni bağçada qoyacağam və  bir də evə gətirməyəcəm” kimi ifadələr sizə söz kimi gəlsə də əslində bu uşağın həyatında çox böyük qorxuya səbəb ola bilər.Səhər bağçaya gedəndə uşaq bu fikirləri unutmaz və içində qorxu qalar ki, bu gün həqiqətən də anam məni birdən gəlib götürməz.
  
Nə etməli?
 
Zeynəb Əliyevanın sözlərinə görə, bəzən ona müraciət edən valideynlərdən eşitdiyi şikayətlər eyni olur: “Uşağım bağçaya gedərkən səhhətində problem yaranır. Nəyə görə belə olur?”
 
Başqa bir məsələ isə valideyn ağladığı üçün bağçadan saxladığı uşağına ağlamaqla istədiyi hər şeyi əldə edə biləcəyini öyrədir. Və yaxud çox zaman görürük ki, uşağını bağçaya aparan valideynlər özləri uşaqdan daha həyəcanlı olur, tez-tez tərbiyəçi müəllimlərə zəng vuraraq övladının dalınca ağlayıb-ağlamamsı, yemək yeməsi, yatması və s. ən xırda detallara qədər öyrənməyə çalışır. Belə valideynlər ilk olaraq özlərini psixoloji olaraq bu dönəmə hazır etməlidirlər.
 
Yolboyu müxtəlif vədlər verərək bağçaya aparmaq, axşam onu götürəndə isə sanki uşaq həbsdən çıxmış kimi ona suallar vermək (Yemək yedin? Nə yedin? və s. ) qətiyyən doğru deyil. “Sabah səni bağçaya qoyacağam və bir də evə gətirməyəcəm” kimi ifadələriniz sizə söz kimi gəlsə də, onların həyatlarında çox böyük qorxuya səbəb ola bilər, bu zaman siz səhəri dediklərinizi unutsanız da onlar unutmurlar. Onların içində qorxu qalır ki, bu gün anam məni birdən gəlib götürməz.
 
Psixoloq söyləyir ki, uşağa həyəcanı, təşvişi  onların valideynləri ötürür. Bu proses isə bəzən bilərəkdən, bəzən isə bilməyərəkdən baş verir. Belə olan zamanlarda mütəxəssisə müraciət etmək, psixoloq yardımı almaq  lazımdır. Valideynlərdən səbr və təmkinlik göstərmək tələb olunur. O, öz övladına bağçanın ən gözəl tərəflərini izah etməyə, onu həvəsləndirməyə çalışmalıdır. Onu vahiməli bir məkan kimi göstərməkdən çəkinməlidir.  
 
Samirə KƏRİMOVA