Hər insanın ona doğma olan bir yeri, yurdu, məkanı vardır. Hətta ətrafdakılar doğma olsa kifayətdir ki, o yer, o məkan insan üçün unudulmaz, əziz olsun.
 
“Azərbaycan müəllimi” qəzeti mənim üçün o yerlərdən biridir. Atam 1970-ci ildən 1991-ci ilədək “Azərbaycan müəllimi” qəzetində foto-müxbir vəzifəsində çalışıb. Elə anamla tanışlığı da bu qəzetlə bağlıdır. Redaksiyadan Siyəzən rayonuna babam Əmirqulu müəllimin direktor olduğu məktəbə ezam olunmuşdu. O gün babamın qonağı olur, anamı görür və beləcə tanış olurlar.
 
Yadımdadır, 9-10 yaşım olardı. Hər işlə maraqlanan və bəzən cavabsız suallarla atama yüklənən vaxtlarım idi. Evimizdə foto əlindən, demək olar, tərpənmək mümkün deyildi. Mötəbər şəxslərin fotoları, jurnallar və qəzetlər üçün çəkilmiş şəkillər quruması üçün hər yerə düzülmüşdü. 
 
Bir gün tələbələrin çəkilişindən gəlmişdi. Əlində qara mürəkkəb və pero, fotonun üzərində nəsə cızırdı. Adəti üzrə nə işlə məşğul olduğunu soruşdum.
– Cizgilərin görünmədiyi yerlərini retuş edirəm (cizgilərin dəqiq görünüşü) - dedi. 
 
Yüksək rəssamlıq bacarığının olduğunu da onda bildim. Sən demə, foto ilə işləmək üçün nəinki rəssamlıq, həndəsi bucaqları, işıq şüalarının trayektoriyasını, arzuolunmaz rakursları düzgün müəyyən etmək lazımdır. O gündən etibarən foto sənətini sevməyə başladım. Mənə “FED” fotoaparatı hədiyyə etmişdi. Evimizin ətrafındakı küçələrin, binaların, həyətdəki dibçəklərin, bir sözlə, gözümə gözəl görünən hər şeyin şəklini çəkməyi tapşırmışdı. Foto-aparatın gözlüyündən dünya tam fərqli görünürdü. Evimizdə qırmızı lampalı kiçik bir foto-laboratoriya da düzəltmişdi ki, şəkil çapını orada edim. Bəzən məni özü ilə redaksiyaya da aparırdı. Həmişə yanında olurdum. İşinin peşəkarı idi. 
 
Tanınmış şəxslərin, ziyalıların, yazıçıların, şairlərin, müəllimlərin ona olan ehtiramını gördükcə, deyirdim mən də fotoqraf olacağam. Sonradan mənə izah etdi ki, fotoqraf ayrı sənətdir, foto-müxbir ayrı. Fotoqrafların işi bu sənətin bədii tərəfidir. Amma foto-müxbir foto-reportajlar hazırlayır, etüdlər işləyir və s. Çoxlarına adi gələn bu sənətin içində var-gəl etdikcə heyrətlənirdim. Qəzetdə “Əli Qafarov” imzasının məsuliyyətini dərk etməyə başlayırdım. Özümü həmişə ona bənzətməyə çalışırdım.
 
Bu gün mənim üçün xoşdur ki, atamın peşəsini davam etdirirəm.
 
Zamir ƏLİOĞLU
Təhsil TV-nin əməkdaşı