Əruz vəzninin tədrisi metodikasının hazırlanması zəruridir


Çoxəsrli milli dəyərlərimizdən biri olan Azərbaycan əruzunun öyrənilməsi hər bir orta və ali məktəbdə ədəbiyyatı tədris edən müəllimə, öyrənən şagird və tələbəyə, ədəbiyyatdan proqram tərtibçisinə, aktyora, xanəndəyə, bəstəkara, şeir qiraətçisinə, tərcüməçiyə, bir sözlə, adi oxucuya belə zəruri və vacibdir.

 

Anadilli əruz vəznli şairlərimizi - Həsənoğlunu, Qazi Bürhanəddini, Nəsimini, Xətaini, Füzulini, S.Ə.Şirvanini, M.Ə.Sabiri, Ə.Vahidi və onların əruz vəznində yazan müasirlərini səhv və qüsurlu oxumağa haqqımız yoxdur.

 

“Yalnız orta deyil, ali məktəblərimizdə, hətta aktyorlarımızın arasında da Azərbaycan şeirini layiqincə ifa edənlər azdır. Şeirimizin vəznini (əruz vəzni nəzərdə tutulur - Ə.Hüseynov) öyrənmək ifa sənətinə yiyələnməyin ən mühüm şərtlərindən biridir” (Əkrəm Cəfər).

 

“Əruz vəzninin öyrənilməsi təklif olunan səviyyədə deyildir. Başqa sözlə, bu, məktəblərimizdə həll olunmamış problemlər sırasına keçib” (Nazim Əhmədov).

 

2004-cü ildə çap edilmiş “Ədəbiyyatdan V-XI siniflərdə əruz vəznində yazılmış əsərlərin tədrisi” metodik vəsaitinin müəllifi Bəybala Abbaslının fikirlərinə görə də müəllimlərin əksəriyyəti əruz vəzndə yazılmış əsərləri düzgün tədris edə bilmir.

 

İstər müəllimlərin, istərsə də şagirdlərin nöqsanları müəllimin Azərbaycan əruzunu bir elm şəklində bilməməsi ilə bağlıdır.

 

1960-cı ildən üzü bəri yazılan elmi və metodiki ədəbiyyatlarda əruz vəzninin öyrənilməsinin çətinliyindən, bu vəzndə yazılmış əsərlərin düzgün oxunmamasından, bu sahədə zəif iş aparılmasından və sairədən müəllimlər, metodist alimlər, ədəbiyyatşünaslar dönə-dönə şikayətlənmiş, öz təəssüflərini bildirmişlər.

 

Səbəblər ondan irəli gəlmişdir ki, ali məktəblərin filologiya fakültələrində (xüsusən müəllim hazırlığında) əruz vəzninin tədris prosesində yeri düzgün müəyyənləşdirilməyib, bir vəzn (milli dəyərlərimizdən biri) kimi öyrənilməsi üçün səmərəli yollar axtarılmayıb və müəyyən fikir, göstərişlər, təkliflər irəli sürülsə də məsələnin müsbət həlli təmin edilməmişdir. Bu vəznin tədrisi metodikası əruz vəzninin elmi sistemindən çox asılı olmuş və indi də asılı olaraq qalır. Əgər əruz elmi müəyyən bir sistemdə təqdim olunubsa, (bax: Əkrəm Cəfər, “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu”, Bakı, “Elm” nəşriyyatı, 1977) bu o deməkdir ki, vəznin öyrənilməsinin də özünəməxsus strukturu müəyyənləşməlidir; yəni heca, təfilə-bölüm misra-qəlib və s.  Bu metodikanın daxili əlaqələrinin tərkib hissələridir. Bu tərkib hissələri müəyyən sabit ardıcıllıqla bir-biri ilə qarşılıqlı əlaqədə öyrənilə və başa çatdırıla bilər.

 

Ümumi və milli əruz anlayışı: Əruz vəzninin öyrənilməsi metodikasının hazırlanmasında təsirlərdən biri  bu elmin ümumi və milli mahiyyətini əsaslı şəkildə nəzərə almaq zəruridir.  “Biz (Əkrəm Cəfər - Ə.H.) əruzda üç məfhum irəli sürürük: ümumi əruz, milli əruz və fərdi əruz. Ümumi əruz ərəb-fars-türk əruzudur, yaxud, ümumiyyətlə, bütün bu xalqlar üçün bir, yəni ümumi və əsas prinsipləri ilə bu xalqları birləşdirən əruzdur. Milli əruz bu və ya digər xalqın şairləri tərəfindən tətbiq edilən və öz milli xüsusiyyətləri ilə ümumi əruzdan fərqli olan əruzdur”.

 

“Bizim əruz və onun müxtəlif bəhrləri təmiz ərəb və ya fars əruzu sayıla bilməz. Azərbaycan dilinin təsiri altında əruz bizim şeirimizdən özünəməxsus keyfiyyətdə və məhz Azərbaycan əruzu kimi meydana çıxmışdır” (M.C.Cəfərov).

 

Əruz vəzninin öyrənilməsi metodikasının hazırlanmasına ciddi təkan olan Azərbaycan əruzunun sisteminin yaradılması münasibətilə Əkrəm Cəfər yazır: “...məqsədimiz vəznin bütün tələblərinə müvafiq bir dilə malik olan Azərbaycan əruzuna milli rəng verməkdən ibarət olmuşdur. Əruzumuzun hər maddəsində formalizmdən uzaqlaşmaq, artıq şeyləri atmaq, lazımlı, faydalı şeyləri alıb birləşdirmək və onları elmi sistemə salmaq, eyni zamanda hər cəhətdən sadəliyə, yığcamlığa riayət etmək kimi ciddi məsələlər qarşıda durmuşdur ki, bu son cəhət bizdə əruzun tədris və təlimi üçün də çox vacibdir”.

 

Əruzun öyrənilməsi metodikası hazırlanarkən görkəmli əruzşünaşın irəli sürdüyü məsələlər əsas tutulmalıdır.

 

Milli əruz vəzninin metodikasının əsasları, sözsüz ki, ilk növbədə, milli Azərbaycan əruz vəzninin nəzəri və əməli vəhdətində müəyyənləşmiş elmi sistem üzərindən qurulmalı, yəni milli əruz vəzninin öyrənilməsinin elmi metodikası hazırlanmalıdır.

 

Nə qədər ki, əruz vəznimizin öyrənilməsinin metodikası hazırlanmayıb, təqdim edilməyib, əlbəttə ki, bu vəznin tədrisi metodikasından bəhs etmək, onu hazırlamaq bir nəticə verməz, necə ki, onun tədrisi həll olunmamış problemlər sırasına keçib.

 

Belə halda Əkrəm Cəfərin təqdim etdiyi milli əruz vəznimizin sistem tamlığını saxlamaqla bu vəznin öyrənmə mərhələləri hansı ardıcıllıqla düzülməlidir?

 

Birinci mərhələ. Söz şeir dilində universal mövqedə durur. Ona görə sözün heca quruluşunun müxtəlif vəziyyətlərinin (açıq-qısa; uzun-qapalı; ikiqat uzun;) praktik cəhətdən müəyyənləşməsi ilkin mərhələyə daxil edilir. “Bu fonetik prinsipdir. Daha doğrusu, dilin heca quruluşuna söykənən prinsipdir”. (Daha ətraflı: Tərlan Quluyev. “Əruz”, Bakı, 2001, səh. 24-32).

 

“...Əkrəm Cəfər isə əruz haqqında fikirlərini dilin qısa, uzun və ikiqat uzun hecaları əsasında şərh və izah edib”.

 

Şeirdə heca ritmik nitqin fonetik norma vahidi kimi fəaliyyət göstərir.

 

İkinci mərhələ. Təfilə və onun heca quruluşunun öyrənilməsi.

 

Əkrəm Cəfərin təqdim etdiyi və “hələlik” adlandırdığı “əkrəmi” ünsürlərinin (heca hissəcikləri: qələm; pərdə; nüvə; dil; nü; cAn; qələm (açıq qapalı): pərdə (qapalı açıq); nüvə (açıq-açıq), nü(açıq); cAn (ikiqat uzun heca) birləşmələrindən alınan modellərlə sözlərin ölçülməsi.

 

Əkrəm Cəfər Xəlil ibn Əhməd təfilələrinə hörmətlə yanaşaraq “əkrəmi” ünsürlərini “hələlik” ona görə adlandırmışdır ki, bu paralellikdən istifadə etməklə təfilələrin fonetik çəkisini təyin etmək mümkün olsun. İstənilən təfilənin oxunuşunda onun özünəməxsus fonetik norması təyin edildikdən sonra “əkrəmi” öz fəaliyyətini saxlayır, dayandırmalı olur.

 

İkinci mərhələ bütövlükdə ana dili sözlərimizin uyğun olaraq (heca quruluşuna görə) təfiləni təşkil edən uzun və qısa, nadir hallarda ikiqat uzun hecalara bərabərləşdirilməsinə həsr edilir.

 

Üçüncü mərhələ. Təfilə-bölüm qarşılıqlı münasibətlərinin müxtəlif vəziyyətlərinin müəyyənləşməsi. Bu münasibətlərin nəzəri və əməli təzahür formaları.

 

Bu mərhələyə təfilə anlayışı, onun poetik adı, təfilənin əhatə dairəsi və fəaliyyət sahəsi, sözün imlası, təfilənin bölüm icraçısı olması və s. daxildir.

 

Üçüncü mərhələ əruz vəzninin öyrənilməsində əsas yer tutur. Bu mərhələ daha çox vəznin praktik həllinə istiqamətlənir.

 

1. “...hər bir təfilə müstəqil bir vəzn ünsürü kimi, başqa bir təfilədən asılı olmadan öyrənilir. Beləliklə, əruz xeyli sadələşir. Azərbaycan əruzu təfilələrə məhz belə bir nöqteyi -nəzərdən yanaşır” (Ə.Cəfər).

 

2. Təfilələr həm nəzəri, həm də praktik prosesi yerinə yetirir. Bu zaman təfilənin uzun və qısa (onların sayı müxtəlifdir) hecaları bölümdə onunla birlikdə fəaliyyət görür. Bu, təfilənin işlək mexanizmidir.

 

3. Təfiləyə necə yanaşmaq, onu hansı elmi transkripsiyada və hansı oxunuşda qəbul etmək, təfiləyə hansı fonetik prinsiplə daxil olmaq, onunla necə rəftar etmək, təfilədəki uzun və qısa hecaların düzülüşü ilə təfiləyə düşən hissədəki uzun və qısa hecaların vəzncə bərabərliyinin müxtəlif vəziyyətlərini müəyyənləşdirmək, bölümdə dayanan sözün imlasının təfiləyə uyğun gəlməsinin zəruriliyi, təfilənin misranın son hecasından başqa, qalan hecalardan hansı bölümdə iştirak etməsindən asılı olmayaraq ikiqat uzun hecaya təsiri, təfilələrin bir-biri ilə rabitələnməsi (ahəng bağlantısı) əsasən bölümdə təfilənin məcburi variantlaşması və s.  kimi məsələlər, eləcə də  təfilənin elmi dəyərini və qəlibdəki poetik fəaliyyətini təyin etmək əruz texnoloqunun işidir.

 

Dördüncü mərhələ. Əsasən üçüncü mərhələni nəzərə almaqla Azərbaycan əruzunun öyrənilməsi üçün istifadə edilən mənbələr və bu mənbələr əsasında bəhr və onun növləri üzərində praktik iş üsullarını əhatə edir.

 

Bu prosesdə Əkrəm Cəfərin “Füzuli şeirinin vəzni” (1958), “Sabir şeirinin vəzni” (1962), “Nəsimi şeirinin vəzni” (1973) məqalələri xüsusilə nəzərə alınmalıdır. Bu üç şairin şeir vəzni 9 bəhri (həzəc, rəməl, rəcəz, müzure, münsərih, müctəs, mütəqarib, xəfif, səri) əhatə edir.

 

Bu məqalələrdən aşağıdakı ardıcıllıqla istifadə olunması məsləhətdir.

 

Qeyd: NŞV - Nəsimi şeirinin vəzni. FŞV - Füzuli şeirinin vəzni, SŞV - Sabir şeirinin vəzni deməkdir.

 

Mənbə 2. Məhəmməd Füzuli “Seçilmiş əsərləri” Bakı, “Yazıçı” nəşr. 1984. “Oxuculara kömək məqsədilə Füzulinin bu kitaba daxil olan hər şeirin üstündə onun bəhri, növü və variantı qısa surətdə göstərilmişdir. Bunları açmaq üçün şeirlərin sonundakı qeyddə həmin bəhrləri, onların növ və variantlarını sıra ilə göstərmişik (həmin əsər. səh. 9).

 

Əruzun öyrənilməsi işində aşağıda irəli sürdüyümüz təkliflərin nəzərə alınmasının faydalı olacağını düşünürük.

 

1. Əkrəm Cəfərin 1977-ci ildə çap etdirdiyi “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu” kitabından Azərbaycan əruzuna həsr olunmuş hissəni dərslik şəklində  ayrıca nəşr etmək.

 

2. Əkrəm Cəfərin “Füzuli şeirinin vəzni (1958), “Sabir şeirinin vəzni” (1962), “Nəsimi şeirinin vəzni” (1973) məqalələrini praktikum şəklində birlikdə çap edib əruzu öyrənənlərin istifadəsinə vermək.

 

Bu vəznin metodikasını hazırlamaq üçün milli əruzumuzun imkanları çoxdur. Belə ki, azhecalı təfilədən çoxhecalı təfiləyə, aztəfiləli qəlibdən çoxtəfiləli qəlibə, oynaq növdən ağır növə, aznövlü bəhrlərdən çoxnövlü bəhrlərə doğru bu kimi qruplaşma və bu vəzni öyrənmək üçün nədən başlayıb, nədən qurtarmaq və s. aparmaqla Azərbaycan əruzunun öyrənilməsində tutarlı nəticələrə gəlmək olar.

 

Bu isə metodist alimlərimizin işidir.

 

Belə bir nəticəyə gəlmək olur ki, milli əruz vəzninin sistemini onun öyrənilməsi üçün vacib olan metodiki sistem halına gətirmək və təqdim etmək lazım gələcək.

 

Bu metodik sistem aşağıdakı ardıcıllığa əsaslanır:

 

- Əruz vəzninin əsasını təşkil edən təfilənin fonetik həcmi (təfiləni təşkil edən hecaların hər birinin özünəməxsus funksiyası və elmi transkripsiyası) nəzərə alınmalıdır.

 

- Təfilənin fonetik həcminə uyğun təfilənin bölümdə leksik həcmi (təfilə-bölüm münasibətləri).

 

- Qəlibin melodik həcminə uyğun misra həcmi ( bəhr və onun növləri).

 

Əgər əruz vəznini elmi sistem şəklində öyrənmək istəyiriksə və əgər metod da terminoloji mənası ilə məqsədə nail olmağı bildirirsə, belə halda bu vəznin metodikası hazırlanmalıdır, çünki bu metod əruz elmi sisteminə tabedir və əruzşünas Əkrəm Cəfərin təqdim etdiyi nəzəri-praktik cəhətdən əsaslanan əruz elmi sisteminin obyekti ilə müəyyənləşir. Vəzn onun nəzəri-praktik cəhətdən öyrənilməsinə əsaslanır.

 

Əjdər HÜSEYNOV,

təqaüddə olan müəllim

Bölmənin digər xəbərləri