Azərbaycan tarixinin hər bir mövzusu milli şüurun formalaşmasına ciddi təsir göstərir


XX yüzilliyin son onilliyində  Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa və inkişafı tarixin, o cümlədən Vətən tarixinin  müasir metodoloji yanaşmalar əsasında  öyrənilməsi  üçün əlverişli zəmin yaratdı. Müstəqilliyin töhfələrindən biri də budur ki,  vaxtilə öyrənilməsi mümkün olmayan,  diqqətdən   kənarda  saxlanan bir sıra tarixi məsələlər arxiv sənədləri əsasında tədqiq olunur, dərslik və dərs vəsaitlərində əksini tapır, böyüməkdə olan nəsillərə çatdırılır. Bu baxımdan azərbaycanlıların soyqırımına aid məsələlərin öyrənilməsi böyük əhəmiyyət kəsb edir.

 

Tarixi tədqiqatlar göstərir ki, azərbaycanlıların soyqırımının həyata keçirilməsi üçün həmişə məqsədli planlar hazırlanmış və bu planları reallaşdırarkən ermənilər öz havadarlarına arxalanmışlar. 1813-cü il 12 oktyabr Gülüstan və 1828-ci il 10 fevral Türkmənçay müqavilələrindən sonra ermənilərin Cənubi Qafqaza, Azərbaycan torpaqlarına köçürülmələri gələcəkdə yaşanacaq faciələrin əsasını qoymuşdur.

 

XX əsrin əvvəllərində, Birinci Dünya müharibəsi  illərində erməni xəyanətkarlığı özünü daha aşkar şəkildə göstərməyə başladı. Həmin dövrdə çar Rusiyasının dəstəyinə arxalanan erməni cəlladları Şimali və Cənubi Azərbaycanda, Şərqi Anadolu ərazisində müsəlman-türk əhalisinə qarşı soyqırımı törətdilər. Onlar bu ərazidə yerli xalqları - müsəlman-türkləri qırıb məhv etmək və “Böyük Ermənistan” dövləti yaratmaq istəyirdilər. Bu çirkin niyyətlərini həyata keçirmək üçün ermənilər uşaqlara, qadınlara, qocalara aman vermir, onları vəhşicəsinə qətlə yetirirdilər. Tarixi faktlar göstərir ki, 1905-1907, 1918-1920-ci illərdə, sovet hakimiyyəti dövründə və sonrakı illərdə də azərbaycanlılar dəfələrlə soyqırımına məruz qalmış və bu soyqırımlarını törədənlər ermənilər olmuşlar.

 

Təəssüfləndirici haldır ki, sovet dövründə real tarix saxtalaşdırılmış və azərbaycanlılara qarşı törədilən soyqırımlar tarix kitablarına salınmamış, qaniçən erməni cəlladlarının bəzisi isə “xalq adamı” kimi qələmə verilmişdir. Bunlardan biri Stepan Şaumyan olmuşdur.

 

O, bolşevik qiyafəsini geyinmiş daşnak idi. V.İ.Lenindən - Rusiya bolşeviklərinin başçısından təlimat alan S.Şaumyan 1917-ci ildə Bakı Sovetində rəhbərliyi ələ keçirəndən sonra daha da azğınlaşdı. O,1918-ci ilin əvvəllərində Bakıda və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhalisini qırmaq, soydaşlarımızı məhv edərək, bu ərazini erməniləşdirmək üçün Birinci Dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni hərbçilərindən silahlı birləşmələr (Qırmızı Ordu) yaradır, müsəlman-türk əhalisinə, ləzgilərə, talışlara, avarlara və başqalarına qarşı əks-təbliğat işi aparırdı.

 

Araşdırmalar göstərir ki, 1918-ci ilin yazında Azərbaycanda milli-dirçəliş prosesi xeyli güclənmişdi. Həmin dövrdə milli demokratik qüvvələrin Azərbaycanın müstəqilliyi, siyasi hakimiyyət uğrunda mübarizəsi bolşevikləri və daşnakları çox narahat edirdi. Ona görə də S.Şaumyan milli qırğın törətməklə Azərbaycan xalqını bu mübarizədən çəkindirmək istəyir, xalqı qorxutmağa, onun azadlığa inamını sarsıtmağa, milli oyanışı beşikdə məhv etməyə çalışırdı.

 

Şaumyan mart soyqırımının təşkilatçısı və icraçısı idi

 

V.İ.Lenin və İ.V.Stalinin rəsmi göstərişi ilə S.Şaumyana, onun rəhbərlik etdiyi antiazərbaycan qüvvələrinə Moskvadan həm maddi yardım (pul, ərzaq, silah və s.), həm də mənəvi dəstək verilirdi. V.İ.Leninin 1917-ci ilin dekabrında Türkiyə ərazisində ermənilərə muxtariyyət verilməsi haqqında sənəd imzalaması da bolşevik-daşnak ittifaqını möhkəmləndirmiş və onların birgə fəaliyyəti üçün daha geniş imkanlar açmışdı. 1918-ci ilin martında S.Şaumyan V.İ.Lenin tərəfindən Qafqazın Fövqəladə Komissarı təyin olunmuşdu. Bu da S.Şaumyanın antiazərbaycan siyasətini həyata keçirmək imkanlarını genişləndirdi. O, azərbaycanlılara qarşı mart soyqırımının əsas təşkilatçısı və icraçısı oldu.

 

Mart soyqırımını həyata keçirmək üçün əvvəlcə “Evelina” münaqişəsi törədildi. O zaman Azərbaycan milyonçusu H.Z.Tağıyevin Lənkəranda xidmət edən və müəmmalı şəkildə ölən oğlu Məhəmməd Tağıyevin (əslində ermənilərin əli ilə qətlə yetirilmişdi) dəfnində iştirak etmək üçün müsəlman alayının zabitləri də Bakıya gəlmişdilər. Dəfn mərasimi başa çatandan sonra zabitlər yenə də “Evelina” gəmisi ilə Lənkərana qayıtmalı idilər. Bu zaman ermənilər belə bir şayiə yaydılar ki, guya “Evelina” gəmisi ilə qayıdan zabitlər Muğandakı rus malakanları məhv etmək tapşırığı alıblar. Ona görə də Bakıda olan bütün antiazərbaycan siyasi, hərbi qüvvələr “Evelina” gəmisini tərksilah etdilər və gəminin Lənkərana yola düşməsinə icazə verilmədi.

 

Təyyarələr havadan, gəmilər dənizdən Bakını bombalayırdı

 

Martın 30-da saat 16.40-da Bakıda daşnak dəstələri müsəlmanlara ilk atəş açdılar. Sonra bolşevik-daşnak qüvvələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və digər məhəllələrə hücum etdilər. Tarixi mənbələr göstərir ki, S.Şaumyanın xahişi və V.İ.Leninin göstərişi ilə Rusiyanın  Saritsin şəhərindən (sonrakı adı Stalinqrad, indiki Volqoqrad şəhəri) 2 təyyarə göndərilmiş və bu təyyarələr havadan, gəmilər isə dənizdən Bakını bombalayırdılar. Eyni zamanda erməni neft sənayeçilərinin birjalarında qoyulmuş toplardan Abşeronun şimal kəndləri də atəşə tutulurdu.

 

Erməni cəlladları müsəlman evlərinə soxulur, cinsindən, yaşından asılı olmayaraq hər bir azərbaycanlını ya güllələyir, ya xəncərlə, bıçaqla doğrayır, süngüyə keçirir, uşaqları yanan evlərin, odun-alovun içinə atırdılar.

 

Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı.

 

Bakıda martın 31-də azərbaycanlılar müqaviməti dayandırsalar da ermənilər soyqırımı aprelin 3-dək davam etdirdilər. Bolşevik-daşnak birləşmələri “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, “İsmailiyyə” (indiki Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) binasını yandırmış, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dağıtmışdılar.

 

Təkcə Bakıda 30 min azərbaycanlı qətlə yetirilmişdir.

 

Azərbaycanın digər bölgələrində də kütləvi qətliamlar

 

Qeyd edək ki, həmin dövrdə Azərbaycanın digər bölgələrində də, Qarabağda, Naxçıvanda, İrəvanda, Qubada, Muğanda (Salyan, Neftçala bölgəsində), Şamaxıda, Lənkəranda, Zəngəzurda, Cənubi Azərbaycan ərazisində kütləvi qətliamlar törədilmiş, faktiki olaraq azərbaycanlıların soyqırımı baş vermişdir. 1918-ci ilin mart-iyul aylarında -5 ay ərzində Şimali Azərbaycanda 50 mindən çox soydaşımız erməni vandalistləri tərəfindən öldürülmüşdür.

 

1917-1918-ci illərdə Cənubi Azərbaycanda (Təbriz, Miyanə, Urmiya, Salmas, Xoy və s. yerlərdə) 100 minlərlə azərbaycanlının qətlə yetirildiyi məlumdur. Təkcə Urmiyada  1918-ci il soyqırımında 130 mindən çox azərbaycanlı erməni-aysor quldurları tərəfindən öldürülmüşdür.

 

1918-ci ilin mart-aprel aylarında Bakıda azərbaycanlılara qarşı törədilən soyqırımı o zaman S.Şaumyan özü də etiraf etmişdi. Bu barədə S.Şaumyanın Sovet Rusiyası hökumətinə verdiyi hesabat həmin hadisənin mahiyyətini aydın ifadə etmək üçün tutarlı bir mənbədir. Həmin hesabatda (1918) yazılır ki, Bakı Sovetinin hərbi qüvvələrinə Daşnaksütun partiyasının 4 minlik hərbi hissələri cəlb edilmiş və bu da nəticədə milli qırğına gətirib çıxartmışdı. Bu hesabatda S.Şaumyanın yazdığı digər fikrə diqqət edək: “Biz buna” (milli qırğına-İ.C.) şüurlu şəkildə getdik, çünki azərbaycanlı siyasi qüvvələr “Bakıda qalib gəlsəydilər, onlar şəhəri Azərbaycanın paytaxtı elan edəcəkdilər”.

 

Təkcə bu fakt S.Şaumyanın, bolşevik-daşnak qüvvələrinin gələcək məqsədlərinin aydın təsəvvür edilməsi üçün kifayət edir. S.Şaumyan təkcə Bakıda deyil, digər bölgələrdə də təşkil olunan qətliam  hərəkatına rəhbərlik edirdi. Şamaxıda Stepan Lalayan (Lalayev) və Tatevos Əmiryan (Əmirov), Qubada, Şərqi Anadoluda, Qarabağda  Hamazasp Srvantsyan bilavasitə S.Şaumyandan göstəriş alır, müəyyən olunmuş plan üzrə soyqırımı həyata keçirirdilər. S.Şaumyan Şərqi Anadoluda, Azərbaycanda böyük qırğınlar törətmiş Andraniklə də əlaqə saxlayır, Qriqori Korqanov (Korqanyan), Anastas Mikoyan, Baqdasar Avakyan, Prokofiy (Alyoşa) Caparidze, Serqo Martikyan və digər bolşevik-daşnak qaragüruhuna istiqamət verir, onların əslində bəşəriyyətə, insanlıq əleyhinə yönəlmiş cinayətkar əməllərini müdafiə edirdi.

 

Tarixin obyektiv tədqiqi və tədrisi

 

Bu gün Azərbaycan Respublikası müstəqil dövlətdir. Müasir dövrdə Vətən tarixinin obyektiv öyrənilməsi, mənbələr əsasında doğru, düzgün tədqiqi, eyni zamanda elmi prinsiplərə uyğun tədrisi üçün geniş imkanlar vardır. Xalqımızın ümummilli lideri Heydər Əliyev tarixin obyektiv tədqiqi və tədrisini həmişə vacib saymış və böyüməkdə olan nəsillərin milli ruhda formalaşmasını müəllimlər qarşısında mühüm bir vəzifə kimi qoymuşdur.

 

Azərbaycan tarixini tədris edən müəllimlərin bu baxımdan üzərinə böyük məsuliyyət düşür. Təcrübə göstərir ki, Azərbaycan tarixinin hər bir mövzusu, o cümlədən azərbaycanlıların deportasiyası və soyqırımı tarixi ilə bağlı mövzuların mənbələr əsasında  sistemli öyrənilməsi təhsilalanların vətəndaşlıq, vətənpərvərlik hisslərinin, milli şüurunun formalaşmasına ciddi təsir göstərir.

 

Fənn müəllimi azərbaycanlıların soyqırımından bəhs edərkən ilk növbədə həmin dövrə aid tarixi şəraiti diqqətə çatdırmalı, regionda Azərbaycan uğrunda böyük dövlətlərin, xüsusilə Rusiyanın maraqlarını göstərməli, bu dövlətin ermənilərin çirkin niyyətlərini dəstəkləməsi, ermənilərdən alət kimi istifadə olunması səbəblərini izah etməlidir.

 

Tarixi faktlar göstərir ki, hələ I Pyotrdan başlayaraq Rusiya Qafqazla, ön Asiya ilə, Şərqlə bağlı siyasətində erməni faktorundan bəhrələnməyə çalışmış, hətta öz daxili siyasətində müəyyən böhran vəziyyətindən çıxmaq üçün ermənilərin vasitəsilə milli münaqişələrin törədilməsinə üstünlük vermişdir. Ermənilər məhz belə bir şəraitdən həmişə faydalanmağa, öz mənafelərinə uyğun qənimətlər əldə etməyə çalışmış, azərbaycanlıların soyqırımını törətmiş, Azərbaycan torpaqlarında özlərinə dövlət qurmuş, vətən torpaqlarımızı zaman-zaman hissələrə bölərək işğal etmişlər.

 

Tarix dərslərində, o cümlədən Azərbaycan tarixinin tədrisində soydaşlarımızın soyqırımından bəhs edərkən  təhsilalanların diqqətini bu faktlara yönəltmək, S.Şaumyanın, Lalayanın, Hamazaspın, Andranikin və digər erməni quldurlarının törətdikləri vəhşilikləri izah etmək  olduqca vacibdir.

 

Sovet tarixşünaslığında yanlış olaraq 1918-ci ildə 26 Bakı Komissarının başçısı kimi S.Şaumyanın güllələndiyi barədə məlumat verilir və çox təəssüf ki, tarix saxtalaşdırılır, erməni cəlladlarının iç üzünün açılması üçün dövrün zəruri arxiv sənədlərinin əldə olunması və təhlili qadağan idi.

 

Azərbaycanın müstəqilliyi dövründə əldə olunan tarixi sənədlərdən məlum oldu ki, S.Şaumyan güllələnən Bakı Komissarları  sırasında olmamışdır. İndiki Sahil bağında (Bakıda) xüsusi komissiyanın iştirakı ilə 26-ların qəbirlərinin köçürülməsi zamanı məzardan 23 cəsəd çıxdı. Elmi araşdırmalar sübut etdi ki, S.Şaumyan hələ o zaman -1918-ci ildə Bakıdan qaçmış, Hindistanda yaşamış, orada da antiazərbaycan fəaliyyəti göstərmişdir.

 

Soyqırımla bağlı faktlar erməni və rus müəlliflərinə aid mənbələrdə

 

Azərbaycanlılara qarşı törədilmiş soyqırımla bağlı təkzibolunmaz faktlar mənbələrdə, o cümlədən erməni və rus müəlliflərinə aid mənbələrdə də geniş əksini tapmışdır. Soyqırımı həyata keçirən bolşevik-daşnak rəhbərlərinin yazışmaları, onların hadisələr haqqında fikirləri bu qətliamların məhz ermənilər tərəfindən törədildiyini bir daha təsdiqləyir. Məsələn, 1918-ci il aprelin 28-də bolşevik Ter-Qabrielyan Həştərxandan S.Şaumyana  yazdığı məktubunda göstərir ki, Bakıdan gələn ruslardan oradakı vəziyyət haqqında soruşduqda hamısı ermənilər tərəfindən törədilən soyqırımlardan  bəhs edir.

 

Azərbaycan xalqına qarşı zaman-zaman, tarixin   müxtəlif mərhələlərində soyqırım törədilsə də, xalq öz varlığını qoruyub saxlamış, mübarizə əzmi nəticəsində XX əsrin sonlarında yenidən müstəqil dövlət qurmuşdur.

 

Hər bir Azərbaycan gənci mübarizəyə hazır olmalıdır

 

Müstəqil Azərbaycan dövlətinin  bərpası və inkişafında misilsiz xidmətləri olan, bu dövlətin yaradıcısı, qurucusu, ulu öndərimiz Heydər Əliyev azərbaycanlıların doğma yurdlarından deportasiyası və soyqırımına aid məsələlərin hərtərəfli öyrənilməsi ilə bağlı xüsusi fərman və sərəncam imzalamışdır. 26 mart 1998-ci ildə imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman əsasında hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi ümumxalq, dövlət səviyyəsində qeyd olunur. Dövlətimizin bu məsələyə həssas yanaşması hər bir Azərbaycan vətəndaşını qürurlandırır, gənclərimizdə milli ruhu, əqidəni gücləndirir. Bu gün hər bir Azərbaycan gənci ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi itirilmiş torpaqlarımızın geri qaytarılması üçün hər an mübarizəyə hazır olmalıdır. Ümumtəhsil məktəblərində tarixin tədrisində şagirdlərə tarixi həqiqətlərin daha dolğun, məqsədyönlü çatdırılması vacibdir. Bundan ötrü təbii ki, müəllimlərin yeni təhsil proqramları ilə ardıcıl, sistemli işləmələri, yeni texnologiyalardan səmərəli istifadə etmələri vacibdir.

 

Azərbaycanlıların soyqırımı tarixinin öyrənilməsi hər bir azərbaycanlının, müsəlmanın, Azərbaycan vətəndaşının şərəf, vicdan və namus işidir.

 

İntiqam CƏBRAYILOV,

pedaqogika üzrə elmlər doktoru, ARTİ-nin Təhsil nəzəriyyəsi şöbəsinin müdiri

Bölmənin digər xəbərləri