
Vətən müharibəsində əldə etdiyimiz qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu lokal xarakterli antiterror əməliyyatı nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri düşmən tapdağından təmizləndi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. 44 günlük şanlı Zəfərə cəmi 23 saat 43 dəqiqə əlavə olundu. Ordumuz qarşıya qoyulmuş vəzifələrin öhdəsindən yüksək peşəkarlıqla gəldi.
İllərlə məhv edilib, yerlə yeksan olunan torpaqlarımız artıq azad nəfəs alırdı. Öz doğma sahibləri geri gəlmişdilər. Yenidən qurmağa, yaratmağa, dirçəltməyə, can verməyə.
Həmin ilin oktyabrın 15-də ölkə Prezidenti İlham Əliyev Ağdərə, Xocavənd və Xocalı şəhərlərində, Xocalının Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində və Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
"... Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" - bu fikirlər dövlət başçısı İlham Əliyev Xankəndi şəhərində Dövlət Bayrağını ucaltıqdan sonra səsləndirib.
İllərlə düşmənin talan etdiyi əraziləri qurub, yaratmağa, yenidən dirçəltməyə qayıtmışdıq. Təbii ki, bu proses vaxt, səbir tələb edən bir mərhələ idi.
30 ilə yaxın bir müddətdə daşı-daş üstə qalmayan, bütün fəsilləri qarlı, şaxtalı qışa bənzəyən Qarabağ indi öz sahiblərinə qucaq açıb, onları qarşılayır.
Məhv edilən infrastruktur, təhsil, mədəniyyət yenidən dirçəlir. 20 Sentyabr həm suverenlik, həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.
Şəhər Gününü qeyd etdiyimiz torpaqlara sakinləri ilə birgə həyat da yenidən qayıdır. İşğaldan sonra məhv edilən təhsil sistemi yenidən bərpa olunur.
Bu gün azad edilən Xankəndi şəhərində artıq iki ildir ki, Qarabağ Universiteti öz tələbələrini qarşılayır. Onları gələcəyin peşəkar kadrları kimi yetişdirir. 2025-2026-cı tədris ilində universitetin Tibb fakültəsi fəaliyyətə başlayıb.
Xankəndi şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə isə 1030 şagird oxuyur. Onlardan 83-ü məktəbəhazırlıqda, 97-si I sinifdə, 850-si isə II-XI siniflərdə təhsil alır.
Xocalı, Ağdərə rayonları da müəllim və şagirdlərini qarşılayan bölgələrimizdəndir.
Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə 116 şagird təhsil alır. Burada məktəbəhazırlıq qrupu yoxdur. Şagirdlərin 14-ü I, 102-si isə II-XI siniflərdə təhsil alır.
Ballıca kənd tam orta məktəbində isə 168 şagird oxuyur. Onlardan 12-si məktəbəhazırlıq, 7-si I sinif, 149-u isə II-XI sinif şagirdləridir.
Ağdərə rayonunda Həsənriz kənd, Talış kənd və Suqovuşan kənd tam orta məktəbləri fəaliyyət göstərir.
Həsənriz kənd tam orta məktəbində 54 şagird təhsil alır. Burada məktəbəhazırlıq qrupu yoxdur. Şagirdlərin 3-ü I sinifdə, 51-i isə II-XI siniflərdədir.
Talış kənd tam orta məktəbində ümumilikdə 36 şagird oxuyur. Burada da məktəbəhazırlıq qrupu yoxdur. Şagirdlərin 4-ü I sinifdə, 32-si isə II-XI siniflərdədir.
Suqovuşan kənd tam orta məktəbində 90 şagird təhsil alır. Onların 13-ü məktəbəhazırlıqda, 5-i I sinifdə, 72-si isə II-XI siniflərdədir.
Ümumilikdə isə Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə 2537 şagird təhsil alır.
İşğaldan azad edilən ərazilərdə 3398 şagird təhsilə cəlb olunub.
Azad edilən ərazilərimizə “Böyük Qayıdış” Proqramı çərçivəsində sakinlər öz doğma yurdlarına qayıdır. Onlar üçün mümkün zəruri şərait yaradılır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər